Koronavirus pandemiyası bütün sahələrə olduğu kimi təhsilə də ciddi təsir etdi.
Azərbaycanda koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.
Yaranan fasilə şagirdlərə necə təsir göstərib? Pandemiyadan sonra “Virtual məktəb” layihəsi genişlənə bilərmi? Qəbul imtahanlarının keçirilməsi hansı şəraitdə aparılacaq?
Cebhe.info-nun bu və digər suallarını təhsil üzrə ekspert Kamran Əsədov cavablandırıb.
Pandemiyadan sonra “Virtual məktəb” layihəsi genişlənə bilərmi?
İlk növbədə qeyd edim ki, martın 3-dən etibarən bütün təhsil müəssisələrində dərslər dayandıqdan sonra Təhsil Nazirliyi çevik qərar qəbul etdi. 11 martdan etibarən “Mədəniyyət” tv-də “Tele Dərs” layihəsinə başladı ki, bu da şagirdlər üçün dərs axınının təmin olunmasına imkan verdi. Sonradan isə şagirdlərin tədris prosesi ilə bağlı biliklərini möhkəmləndirmək üçün yeni layihə başlanıldı. “Virtual məktəb” layihəsini isə evdən çıxmadan da şagirdlərinin təhsil almalarına davam etmələrini olduqca müsbət qiymətləndirirəm. Təhsil Nazirliyinin virtual məktəb platforması, orta məktəb şagirdləri üçün təhsilin əlçatımlılığının təmin olunmasıdır. Nəzərə alaq ki, resurs elektron çatışmazlığı var, Təhsil Nazirliyinin virtual məktəb layihəsi şagirdlər üçün göydəndüşmədir. Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədi ilə yaratdığı “Virtual məktəb” sisteminə daxil olduqda şagirdlər yaşlarına uyğun siniflərə düşəcək, Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş teledərslərə baxa biləcək, və həmin mövzulara uyğun müəllimlər tərəfindən hazırlanmış tapşırıqları yerinə yetirə biləcəklər. “Virtual məktəb” platformasında tədris materialları, onlayn dərslər, tapşırıqlar və şagird yoldaşları ilə əlaqə saxlamaq üçün imkanlar vardır. Maraqlısı odur ki, layihədə şagirdlərə sinif yoldaşları görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə bilərlər. Amma burada Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş müəllimlər şagirdlər ilə işləyəcək. Heç də şagirdlərə öz müəllimləri tədris aparmayacaqlar. Sayt qeydiyyat üçün 2 apreldən aktiv edilib. Lakin görünən budur ki, qeydiyyat zamanı texniki qüsurlar əmələ gəlir. Buna baxmayaraq, qısa müddətdə “Virtual məktəb” portalında 170 min şagird qeydiyyatdan keçib ki, bu da sevindirici haldır. Bir məqamı da qeyd edim ki, elektron məktəb seçimindən fərqli olaraq, “Virtual məktəb”ə qeydiyyatda birincilik şagirdə hər hansı bir üstünlük vermir. Amma təəssüflər olsun ki, Təhsil Nazirliyi tərəfindən görülən bu qədər tədbirlərə baxmayaraq təhsilin əlçatanlılığı tam şəkildə təmin olunmayıb. Belə ki, “Virtual məktəb” portalında qeydiyyatdan keçmək prosesi müəyyən qədər qəliz və uzundur. Bundan başqa regionlarda şagirdlərin planşet, kompyuter və şəxsi telefonları olmadığı üçün bu prosesdə iştirak edə bilmirlər. Bir məqamı da qeyd edim ki, istər “Tele Dərs”lər, istərsə də “Virtual məktəb” layihəsi yay aylarından da davam edəcək və şagirdlərin təhsillə əhatəliliyi təmin olunacaq.
Pedaqoji normalara görə, uşaq yay tətilində istirahətə də, təhsilə də vaxt ayırmalıdır. Amma uşaqları məcburi şəkildə oxumağa yönəltmək olmaz. Onlar bunu könüllü şəkildə, istəyərək etməlidirlər. İstər müəllim, istər valideyn uşaqda elmə həvəs yaratmalıdır. Heç olmasa avqust ayından başlayaraq müntəzəm şəkildə dərslə məşğul olmaq lazımdır. Çox yox, hər gün 1 saat mütaliə edib, yazı yazsa, geriləmə olmaz. Hətta yaxşı oxuyan uşaq da tətildə dərslə məşğul olmasa, il ərzində keçilənləri unudur. Bəzi siniflər üçün xüsusi tətil kitabları var, onlardan istifadə etsələr yaxşı olar. Əlbəttə, bütün günü ancaq dərs oxumaq da düzgün deyil. Uşaq həm əyləncəyə, həm də dərsə vaxt ayırmalıdır. Amma bu dəfə situasiya çox fərqlidir. Koronavirus bütün sahələrə olduğu kimi təhsilə də ciddi təsir etdi. 3 martdan etibarən bütün pillələrdə təhsilin axını dayandı. Dərslərdə fasilənin yaranması daha çox 1-4-cü siniflərdə və 9-11-ci siniflərdə təhsil alan şagirdlərə mənfi təsir göstərə bilər. Belə ki, 1-4-cü siniflərdə təhsil alan şagirdlərdə oxuma, anlama, dinləmə bacarıqları yeni formalaşır və bu qədər tədrisə ara vermək onlarda müəyyən qədər unutqanlıq yarada bilər. Bunun üçün də bütün yay boyu “Tele dərs”lərin davamlı olması mütləqdir. Çünki teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. Təcrübə göstərir ki, yay tətilində uşaqların dincəlməyi üçün şərait yaratmaq lazımdır. Amma indiki halda, hətta isti yay aylarında belə təhsil alanların qismən təhsilə cəlb olunması qaçılmazdır. Hətta dərslərin 1 avqustdan başlamasını belə gözləmək olar. 1 avqustdan etibarən 1 ay əvvəlki sinifdən əsas fənləri təkrar etmək, ondan sonra yeni tədris ilinə başlamaq kimi variantlar da mümkündür.
-Biliyin qiymətləndirilməsi, qəbul imtahanlarının keçirilməsi necə olacaq? Məktəblilər, abituriyentlər ən azı 1 ay yarım geri düşdülər. Qəbul imtahanlarında bu, nəzərə alınacaqmı?
-Hazırda qüvvədə olan qərara görə, orta və ali məktəblər ən yaxşı halda 20 apreldə yenidən tədris prosesini bərpa edə bilər. Nəzərə alsaq ki, 3 martdan etibarən ölkə ərazisində bütün tədris və bununla bağlı olan bütün fəaliyyətlər dayandırılıb, bu o deməkdir ki, geri qayıdanda kifayət qədər mövzu məsafəsi yarana bilər. Digər narahatlıq doğura bilən siniflər 9 və 11 – ci siniflərdir. Belə ki, bu siniflərdə təhsil alanları buraxılış və qəbul imtahanları gözləyir. Əvvəlcə aprel ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında şagirdlərin 1-ci sinifdən 11-ci sinfə qədər formalaşdırılmış səriştələrinin, bacarıqlarının yoxlanılması nəzərdə tutulur. Ölkədə tədris prosesində tətilin müddəti öncədən proqnozlaşdırılandan da çox oldu. Belə ki, 4472 orta məktəbdə təhsil alan 1.5 milyon şagird, 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbə azı 60 gün kənarlaşacaqlar ki, bu da kifayət qədər uzun bir müddətdir. Həlli gözlənilən ən ciddi problem isə 9 və 11-ci siniflərin imtahanıdır. Əgər pandemiya təhlükəsi uzanarsa, düşünürəm ki, müəyyən proqram təminatı tətbiq edilməklə, onlayn imtahanlar yolu ilə bu mümkündür. Belə ki, hər kəs mobil telefon, kompyuter və planşet ilə şəxsi imtahan səhifəsinə daxil olub imtahan verə bilər. Burada ən ciddi narahatlıq kənar müdaxilə, köçürülmə halları ilə bağlıdır. Bunun qarşısını almaq üçün öncə hər bir test tapşırığına müəyyən müddət daxilində cavablamaq imkanı verilməlidir. Misal üçün 1 və ya 2 dəqiqə bir test tapşırığına cavablamaq üçün vaxt verilir və müddət bitdikdən sonra test tapşırığı ekrandan gedir və ona qayıtmaq olmur. İkinci hər bir imtahan iştirakçısı “face kontrol” (feys kontrol) proqramına cəlb edilməklə imtahan verir və ekranda kənar üz, sima olarsa, avtomatik olaraq o test tapşırığına cavab vermək imkanı məhdudlaşdırılır. Üçüncüsü isə səs kontrolu ilə bağlıdır. Yəni imtahan iştirakçısı testin cavabını kənar bir şəxsdən soruşmaq istədikdə, 2 ci bir əlavə səs yenə də test cavablandırmaq imkanını aradan qaldırır. Burada yaranacaq problem hər kəsin lazimi avadanlıqla və internet ilə təmin olunması ilə bağlı problemdir ki, nəzərə alsaq ki, ölkədə 4447 orta məktəb var və hər bir məktəbin kompyuter otağı var və hər bir şagird məktəbə gedir, deməli, nəzəri olaraq onlayn imtahanın keçirilməsi mümkündür. Hətta bunun müsbət tərəfi odur ki, imtahan iştirakçısı imtahanı bitirən kimi nəticəsi ekranda olcaqdır. Hesab edirəm ki, onlayn imtahanlarda təhlükəsizlik 100 faiz təmin olunacaq və heç bir kənar müdaxilə olmayacaqdır. “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram imtahan verənin yanında kənar şəxsi və səsi müəyyən edir, imtahan nəticələrini ləğv edir. Avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) bu işin öhdəsindən gələ bilər.
-Distant təhsil nəhayət Azərbaycanda reallaşa bilərmi?
-Koronoviris dünyanın siyasi, iqtisadi, sosial, mədəni vəziyyətini köklü şəkildə dəyişdi. Biz birdən-birə yeni, virtual dünyaya daxil olduq. Bu yenilik təhsil sisteminə də öz təsirini göstərdi. Artıq onlayn, məsafədən təhsil dövrü başlayıb. 2009-cu ildən qanuvericilikdə distant təhsil nəzərdə tutulsa da, 11 il ərzində bu istiqamətdə heç bir iş görülmədi. Amma tətil elan edildikdən sonra məlum oldu ki, distant – məsafədən təhsil çox zəruridir. Düşünürəm ki, pandemiyadan sonra təkcə ali təhsil sistemində deyil, eyni zamanda orta məktəb səviyyəsində belə distant – məsafədən onlayn təhsil mümkün olacaq və biz virtual məktəblərin şahidi olacağıq. Koronovirus pandemiyasından sonra da onlayn təhsilin davam edəcəyini düşünürəm. Çünki bu təhsilin əlçatımlılığı üçün çox zəruridir. Belə ki, bu və ya digər səbəbdən təhsildən kənarda qalanlar, dərsdə iştirak etməyənlər bu vasitə ilə normal dərslərdə iştirak edəcək və dərsin davamlılığı pozulmayacaq. Distant proqram təhsil xərclərini də azaldacaq ki, bu da təhsil alanların daha çox və fərqli istiqamətlərdə özlərini inkişaf etdirməsinə imkan verəcək. Nəzərə alsaq ki, təhsil verənlər üçün təhsil alanlara lazimi bilik və bacarıqları çatdırmaq üçün onlayn sistemdə böyük yerlər lazım deyil, lazımı avadanlıqlar qurulmuş balaca otaqlar belə yetərlidir, bu da öz növbəsində təhsil alanların öz evlərində təhsil alması ilə vaxt və məsafə itkisini azaltmağa gətirib çıxaracaq. Düşünürəm ki, pandemiyadan sonra hətta qəbul imtahanlarının, elektron ərizə qəbulunun onlayn olması mümkündür. Müəyyən proqram təminatı formalaşdırmaqla imtahan iştirakçıları olduqları yerdən imtahanda iştirak edə biləcəklər. Dərsliklərin də elektron formatda istifadə olunacağı bir dövr gəlib çatıb. Ümumilikdə bizi yeni bir dövr gözləyir. Bu həm təhsil sistemi, həm insanlararası münasibətlər, həm də dövlətin idarə edilməsi ilə bağlı olan yeniliklərdir.
Tünzalə Rüstəm
Cebhe.info