Ardan Zentürk
“Star” qəzeti, Türkiyə, 20 aprel 2020-ci il
Dünyanın, xüsusilə də Türkiyənin COVİD-19 böhranı yaşadığı bu ərəfədə türk hərbi aeroportlarından qalxan F-16 qırıcı təyyarələri Ağdənizin ucqar nöqtələrinə doğru yol alıb. Təqvim 17 aprel 2020-ci ili göstərirdi. 3 tanker təyyarəsinin havada yanacaq dəstəyi ilə gerçəkləşən hərbi manevrlər Türk Hava Qüvvələrinin strateji üstünlüyünü Kritin cənubuna doğru apardı. Liviya sahilləri ilə Krit adası arasındakı bölgədə 5 türk hərbi gəmisi və F-16 qırıcı təyyarələri veriləcək komandanı gözləyirdi.
Qlobal strateji balans güclərinin “Kiprdəki Maqosa limanının cənub dərinliklərinə enə bilməz” dediyi bir dövlət Ağ dənizin cənubunda öz hərbi qüdrətini ən ucqar nöqtələrə kimi aparır, manevrlərlə bunu nümayiş etdirir.
Türkiyə-Liviya dəniz sərhəddi müqaviləsiylə darmadağın olan strateji bölgə türk əsgərinin Liviyanın qanuni hökumətinə dəstək məqsədiylə 100 illik bir fasilədən sonra həmin torpaqlara qədəm qoyması ilə onsuz da fərqli siyasi zəminə varmışdı.
Türk “F-16”ları və hərbi donanmasının Liviya sahillərində manevrlərlə hərbi gücünü nümayiş etdirdiyi günlərdə türk zabitlərinin ənənəvi zəkası ilə hərəkət edən PUA-lar (pilotsuz uçuş aparatları) türk artilleriya bölmələrinin də dəstəyi ilə zirehli və ağır texnikadan istifadə edən qiyamçı Həftar ordusunun təqibini davam etdirirdi.
Arxasını Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Rusiyaya söykəmiş general Həftarın sadiq qüvvələri artıq Liviyanın qərbindən təmizlənib. Xəlifə Həftarın böyük hərbi gücünün mövcud olduğu Tarxun əyaləti də bu yaxınlarda müdafiəsini dayandıracaq.
Nədənsə bir çox media COVİD-19 pandemiyası günlərində Türkiyənin Liviyada addım-addım qazandığı zəfərləri görməzdən gəlir.
Ağ dənizin gələcəyi baxımından belə bir tarixi hadisə yaşanarkən, gündəmə iki önəmli hərbi və siyasi fiqurun gizli görüşü daxil olur.
Rusiyanın qeyri-rəsmi döyüşçü birliyi sayılan “Vaqner”in rəhbəri Dimitri Utkinlə BƏƏ-dəki muzdlu ordu birliyi hesab olunan“Frontier” şirkətinin sahibi Erik Prinsin görüşməsi və Liviya ilə Mozambikdə gedən münaqişələrlə əlaqədar müttəfiq münasibətlər qurmaları Türkiyədə həyəcan siqnalının verilməsi deməkdir.
“Vaqner” Rusiya Müdafiə Nazirliyi və Rusiya Hərbi Kəşfiyyatı QRU-nun (Главное разведывательное управление – Baş Kəşfiyyat İdarəsi) tərəfdaşı olaraq çalışan zahirən xüsusi döyüşçü qruplaşmasıdır. Yuxarıda göstərilmiş fotoşəkildə mövcud olan yer Molkino qəsəbəsi yaxınlığındakı hərbi hissədir.
“Private military contractors” (xüsusi muzdlu döyüşçülər) qeyd olunan yer isə QRU-nun 10 nömrəli Əlahiddə Xüsusi Təyinatlı Hərbi Hissəsinin tabeliyindəki xüsusi tabordur.
Türk Silahlı Qüvvələrinin qarşısına Suriya və Liviyada çıxan “muzdlu”, reallıqda isə rus orudusunun rəsmi döyüşçüləri sayılan xüsusi təyinatlı hərbçilər həmin bu yerdə hərbi təlimlərə cəlb edilirlər.
Yuxarıdakı fotoşəkildə göstərilən məntəqə isə ABŞ-ın İraqda qırğınlar həyata keçirən “Blackwater” xüsusi təyinatlı döyüşçülər bölməsinin rəhbəri Erik Prinsin BƏƏ-də yerləşən yeni hərbi hissəsidir. Sudan başda olmaqla, Afrika və Ərəbistan yarımadasından “təhlükəsizlik işçisi” müqaviləsi ilə işə cəlb olunan gənclər BƏƏ şahzadəsi Məhəmməd ibn Zayed ilə ABŞ Prezidenti Donald Trampın təhlükəsizlik baş məsləhətçiliyini etdikləri Erik Prinsin “Frontier” şirkətində hərbi təlimlərə cəlb olunurlar.
Rus “Vaqner” və ABŞ “Frontier”in vəkalət münaqişəsi dönəmində müharibə institutları
(Dimitri Utkin və Erik Prins)
Diqqət! Liviyada formalaşan şübhəli ittifaq
BƏƏ vəliəhdi şahzadə Məhəmməd ibn Zayed və Erik Prins Rusiya Prezidenti Putinin “xəzinədarı və ən yaxın oliqarxı” sayılan Kiril Dmitriyevlə 2017-ci ilin yanvar ayında Seyşel adalarında görüşən üç önəmli fiqurdur.
Burada önə çıxan əsas məsələ ABŞ Prezidenti Donald Trampın seçki kampaniyasında başlayan və Hilari Klintonu məğlub edən isti münasibətin Suriya, Liviya və Yəmən kimi müharibə zonalarında davam etməsi idi.
Erik Prins Rusiya rəhbərliyinin də yaxından tanıdığı və tez-tez özündən istifadə etdiyi önəmli “silah taciri”dır. E.Prins Orta Şərqdə BƏƏ-İsrail cəbhəsində formalaşdırılan “Trampı prezident seçmə” ittifaqının da ziddiyətli şəxslərindəndir.
Təbii ki, bununla bitmir. Erik Prins həm də Trampın Təhsil naziri Betti Devosun qardaşıdır…
“Vaqner” və “Frontier” – Rusiya və ABŞ-ın kirli, qeyri-qanuni silahlı birləşmələri
Ümid edirəm, Tramp və Putin Liviyada ittifaq bağlayaraq ortaq hücum planlarına icazə verəcək qədər ağıllarını itirməyiblər. Türk Silahlı Qüvvələri niyə o coğrafiyadadır? Bunu indi daha yaxşı anlayırıq.
Tərcümə Strateq.az-ındır