Dünyada koronavirus infeksiyasına yoluxma və bu virusdan ölüm halları davam edir. Hələ ki, "Covid-19" kimi tanınan bu virusa qarşı vaksin tapılmayıb. Lakin bununla belə virusdan sağalanların da sayı az deyil. Belə ki, bu saata olan məlumata görə dünyada koronavirusa yoluxanların sayı 2 milyon 701 min 924 nəfər, bu virusdan ölənlər 189 min 308, sağalanlar isə 742 min 202 nəfərdir.
Virusdan ən çox zərər görən ölkə isə ABŞ-dır. "Supergüc" həm ölüm, həm də yoluxma sayına görə bütün ölkələrdən çətin durumdadır. Musavat.com xarici mənbələrə istinadən bildirir ki, son saatlarda ABŞ-da 22 min 257 yoluxma, 1572 ölüm qeydə alınıb. Yeni siyahı Bakı vaxtı ilə gecə saatlarında açıqlandığı üçün ABŞ-da hələ növbəti saatlarda ölüm və yoluxma sayının artacağı şübhə doğurmur. Ümumilikdə indiyə qədər bu ölkədə 870 min 974 nəfər koronavirusa yoluxub, 49 min 231 nəfər isə bu virusun qurbanı olub. Ən çox yoluxma Nyu-Yorkun payına düşür. Belə ki, Nyu-Yorkda indiyədək 268 min 512 yoluxma, 20 min 792 ölüm halı qeydə alınıb.
ABŞ indiyədək koronavirus xəstələrini aşkar etmək üçün 4 milyon 465 min 248 test keçirib. Bu rəqəmə görə də ABŞ dünyada birincidir. Digər ölkələrdən yalnız Almaniya və Rusiyada 2 milyondan çox test keçirilib. Əksər ölkələrdə bu say ən yaxşı halda bir neçə yüz mindir.
Son günlər ABŞ tərəfi müxtəlif açıqlamalar verir. Əsas açıqlamalarda Çin hədəfə alınır. ABŞ hökuməti hesab edir ki, Çin və hətta Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun dünyada bu qədər genişlənməsində günah sahibidirlər. ABŞ-a görə Çin və ÜST hələ koronavirusa ilk yoluxmaların olduğu zaman bu faktları gizlədiblər və nəticədə karantin vəziyyətində saxlanmayan koronavirus xəstələri, bu virusu digərlərinə ötürüblər, proses həndəsi silsilə üzrə bütün dünyanı bürüyüb.
Koronavirusun laboratoriyada hazırlandığı iddia edilsə də, bu barədə də hələ ki, sübutlar yoxdur. Məsələ ilə bağlı açıqlamasında ABŞ Dövlət Departamentinin Kəşfiyyat və Tədqiqatlar Bürosunun rəhbəri Ellen Makkarti də bildirib ki, onların əlində bu məsələ ilə bağlı hər hansı bir sübut yoxdur...
Gündən günə ölümlərin artdığı ABŞ-da hələ ki, vaksin də tapılmayıb. Bu barədə işlərin getdiyi açıqlansa da, "supergüc" nəticə əldə edə bilmir...
ABŞ-dan sonra dünyada koronavirusun ən çox yayıldığı İspaniyada son saatlarda 4 min 635 yoluxma, 440 ölüm qeydə alınıb. Bu ölkədə may ayının ortalarında karantin rejiminin yumşaldılması planlaşdırılır. Siyahıda üçüncü olan İtaliyada bu gün cəmi 2 min 646 yoluxma, 464 ölüm qeydə alınıb ki, bu göstəricilər ötən həftələrlə müqayisədə ciddi şəkildə aşağıdır. Növbəti sırada yer alan Fransada son saatlarda 2 min 239 yoluxma, 516 ölüm, Almaniyada 1136 yoluxma, 89 ölüm qeydə alınıb. Siyahıda 6-cı sırada yer alan İngiltərədə ölüm sayları ABŞ-dan sonra ikincisidir. Bir neçə saat içərisində İngiltərədə 4 min 583 yoluxma, 638 ölüm qeydə alınıb.
Növbəti sıralarda Azərbaycana qonşu olan dövlətlər gəlir. Belə ki, qardaş Türkiyədə bu gün 3 min 116 yoluxma, 115 ölüm, İranda 1030 yoluxma, 90 ölüm qeydə alınıb. Siyahıda Çindən sonrakı yerdə olan (10-cu yer) Rusiyada bu gün 4 min 774 yoluxma, 42 ölüm qeydə alınıb. Gürcüstanda isə cəmi 9 yoluxma olub, ölüm halı qeydə alınmayıb.
Bildirək ki, bu saatlara görə dünyada 1 milyon 770 min 414 koronavirus xəstəsi var. Onlarda 58 min 25 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.
Əli Rais,
Musavat.com