İŞSİZ ƏHALİ TRAMPIN SONUNU GƏTİRƏ BİLƏR:ABŞ prezidenti yenidən seçilmək üçün nələrə əl atacaq?

25-04-2020, 09:58   

Bürhanəddin Duran

“Sabah” qəzeti, Türkiyə, 24 aprel 2020-ci il

 

“New York Times”ın  İstanbulda koronavirus yoluxması ilə bağlı başlatdığı böhran xarakterli kampaniyalara əhəmiyyət verməyin.  ABŞ koronavirus pandemiyası ilə mübarizədə  dünyanın gözündə “məğlub” elan edilən ölkələrin başında gəlir.

Pandemiyanın payızda ikinci dalğasının gəlməyəcəyini bildirən Donald Tramp mətbuat konfransında səhiyyə əməkdaşlarının əks fikirlərindən sonra tutduğu əvvəlki mövqeyini dəyişmək məcburiyyətində qalıb. İndi isə “təkrar gələrsə, onu asanlıqla məhv edə bilərik” fikrinə sarılıb.

Trampın qayğısı isə pandemiyanın noyabrda keçiriləcək seçkiləri onun üçün açıq-aşkar məğlubiyyətə çevirmək ehtimalıdır.

İşsizlik haqqında müraciətlərin sayı hər həftə artarkən, Trampın iqtisadi kozır siyasəti yavaş-yavaş əlindən çıxır, rəqiblərinin əlində fürsətə çevrilir. İndidən 2020-ci il ABŞ prezidentlik seçkilərinin çox çətin keçəcəyi açıq-aşkar görsənir.

Seçimindən bu günə 3,5 ildir ki, özünə qarşı böhtan xarakterli nəzəriyyələrin qurulduğunu  düşünən Tramp heç də asanlıqla məğlub olacaq biri deyil. Seçkiləri uduzmamaq üçün bir çox şeyi gözə alacaq. Mən də bu gün spekulyativ bir ssenaridən bəhs edəcəyəm.

Tramp Çini günahlandırmaqdan daha da irəli gedə bilərmi?

ABŞ xalqına qarşı yeni “ortaq təhdid” hazırlamaq və lazım gələrsə, o düşmənə qarşı da asan zəfər qazanmaq  Trampın işinə yarayacaq taktika ola bilər.

Trampın Çinin virusun yayılmasındakı məsuliyyətsizliyindən istifadə etməsi və həm Respublikaçı, həm də Demokrat seçicilərinin təqsirkar üzərində birləşməsi ehtimalı ağıllara Çini gətirə bilər.

Ancaq ABŞ-ın önümüzdəki onilliklərdə əsas rəqibi sayılan Çinə qarşı qısa vədəli, sürətli strateji həmlələrinin xərci də böyük ola bilər. Həm iqtisadi, həm də hərbi və siyasi olaraq…

Prezident seçiləndən sonra Pekinə ticarət müharibəsi elan edən və yaxın zamanlarda ABŞ-ÇİN ticarət müqaviləsi ilə zəfər qazandığını düşünən Tramp, söylədiyi bütün fikirlərə rəğmən, 200 milyard dollar dəyərindəki müqaviləni qorumağa çalışacaq.

Konqresin Çini məhkəməyə vermək üçün təhqiqatlara başlanmasına dəstək verməsi və ABŞ-ın həssas məhsullarda Pekindən asılılığı azaltmaq istiqamətində yeni strategiya qurması da gözlənilən ehtimallardandır. Ancaq seçkiöncəsi Çinlə “əlbəyaxa” olmaq çox xərc tələb edən seçim ola bilər.

ABŞ və Çin arasında nəzarətdən çıxa biləcək böyük gərginlik ABŞ iqtisadiyyatına zərbə vuracağı üçün Tramp bu taktikaya isti yanaşmayacaq. Ona daha zəif bir hədəf lazımdır və zahirən də olsa, seçicilərinə qazandığı zəfəri göstərməlidir.

Hədəf İran ola bilərmi?

Son günlərdə Trampın İranı daha da çox tənqid etməsi diqqət cəlb edir. Bu, ABŞ Prezidenti üçün “İranla böhran siyasəti seçki ləvazimatı ola bilərmi?” sualını ağıllara gətirir.

Yanvarın 3-də Qasım Süleymaninin öldürülməsi ilə başlayan böhran hələ də öz aktuallığını qoruyur.

Koronavirus belə, Tramp rəhbərliyinin İrana qarşı “maksimum təzyiq” strategiyasını və ağır sanksiyalarını önləyə bilməyib.

İran rəhbərliyindəki silahlı qruplaşmaların İraqda ABŞ hərbçilərinə qarşı ola biləcək hər hansı hücum planları istənilən zaman bu böhranı daha da alovlandıra bilər. Hansı ki, aprel ayının əvvəllərində Tramp İranın İraqdakı  ABŞ hərçilərinə qarşı  hiyləgər bir plan hazırladığını və tətbiq ediləcəyi təqdirdə, qarşılığının da ağır olacağını ifadə etmişdi.

Hələ ki, ABŞ və İran İraqda yeni hökumətin qurulması ilə bağlı siyasi nüfuz mübarizəsini davam etdirir.

Keçən həftə də Bəsrə körfəzindəki İran hərbi qayıqlarının ABŞ donanmasına qarşı təxribat xarakterli təqibi Vaşinqtonla Tehran arasında yeni siyasi polemika yaradıb.

Tramp bu barədə bəyanat verib: “Əgər növbəti dəfə İran belə bir təxribata əl atsa, İranın bütün hərbi gəmilərinin və donanmalarının vurulması üçün əmr verəcəyəm”.

Buna Tehranın cavabı isə gecikməyib: “ABŞ hələ öz silahlı qüvvələrini koronavirusdan qurtarmağa baxsın”.

Hər iki ölkənin pandemiya ilə mübarizədə məğlub olması baş verə biləcək hər hansı münaqişədən siyasi məqsədləri üçün istifadə edə biləcəklərini göstərir.

Tətbiq edilən sanksiyalar və Qasım Süleymaninin öldürülməsi İran rəhbərliyindəki mühafizəkar qrupun gözünü qorxutmayıb, əksinə, ABŞ-a qarşı sərt mövqelərini daha da sərtləşdirib.

ABŞ-la yeni gərginlik xətti İran elitası üçün də koronavirusla mübarizədə məğlubiyyətini xarici düşmənlərinin üzərinə atmaq üçün yaxşı bəhanə ola bilər.

Koronavirus köhnə gərginlikləri yenidən alovlandırmağa və yeni bəhanələr yaratmağa ən uyğun “ləvazimat” ola bilər.

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.