Türkiyə-Rusiya-Qərb üçbucağı: Krım müharibəsindən bu günə

26-04-2020, 09:51   

İlkin Rüstəmzadə

Türkiyə ictimai rəyində, yenidən Osmanlı nostalgiyası güclənməkdədir. Ölkəni ailəsinin şəxsi mülkünə çevirən Ərdoğan, bu istiqamətdə təbliğatı nirvanaya çatdırıb. Və təəssüf ki, Osmanlının, xüsusilə Krım müharibəsindən sonrakı utancverici tarixini bilmədən həm Türkiyə həm də Azərbaycan cəmiyyəti proqressiv dünyaya qarşı nifrətlə doldurulur. Qərbin tarixi ləkəsiz olmayıb, aydındır. Bəs, Osmanlı?

Fransız inqilabı və İngiltərədə başlayan sənaye inqilabından geri qalmaq, Osmanlını II dərəcəli xəstə imperiyaya çevirmişdi. İngiltərə özü, Yunan Krallığını, Misiri, yaxın şərqdəki Hindistana gedən yolun üzərindəki mühüm nöqtələri və bəzi önəmli adaları Osmanlıdan öz strateji maraqları üçün qoparıb alsa da, məhz eyni maraqları üçün lazım olduğundan, bu xəstə imperiyanın parçalanmasına imkan vermədi. Və Osmanlının barbarlığına, Sultan ailəsinin dəbdəbə içində daha 1 əsr yaşamasına şərait yaradıldı.

Lakin, hər şey, Avropanın tarixi də daxil olmaqla, Krım müharibəsinin başlanmasıyla birdəfəlik dəyişdi.

1853-cü ildə Fransada yenicə imperator taxtına qalxan III Napoleon türk-rus münasibətlərinin pisləşməsindən istifadə edib həm Vyana Konqresindən etibarən Avropa siyasi səhnəsində təklənən Fransanı izolyasiyadan çıxarmaq, həm də 1848-ci il liberal inqilabları zamanı Berlinə, Vyanayadək gəlib oturmuş Rusiyanın Avropada təsirini azaltmaq, eləcə də İngiltərəylə soyuqlaşmış münasibətləri ortaq rəqib prizmasında ilıqlaşdırmaq niyyətilə, indiyədək de-fakto rus çarına məxsus hesab olunan “Osmanlı xristianlarının hamisi” titulunu Osmanlı sultanı Əbdülməciddən istədi. İlk təklifi geri çevirməsinə baxmayaraq, I Nikolayın boğazlardakı iddialarını bilən, eyni zamanda dövləti dəbdəbəli xanədanının xərclərini qarşılamaq üçün aldığı borclarla Fransadan asılı hala düşən və kapitulyasiya imzalayan, sultan, bu xəbərdən təlaşa düşən rus səfirinin təklifini rədd edərək titulu Fransız imperatoruna verdi. Bundan qəzəblənən çar I Nikolay ordularını müharibə elan etmədən Moldaviya və Valaxiyaya çıxartdı. Krım müharibəsi başladı.

Osmanlı ilk hücumların ardınca ağır məğlubiyyətlər almağa başladıqda, İngiltərə baş naziri Lord Pelmerstoun parlamentin icazəsini almadan Kral hərbi-dəniz donanmasını, III Napoleon Fransa donanmasını və respublika qvardiyaçılarını Qara dənizə göndərdi. Kerç ətrafında Rus donanması məhv edildi. Avstriyanın da müharibəyə qoşulması ilə, Rusiya təkləndi və məğlubiyyətlərə ürəyi dözməyən çar I Nikolay vəfat etdi. Taxtı çıxan II Aleksandr sülh istədi və Avstriyanın ağır ultimatumunu qəbul edərək Paris sülh müqaviləsini imzaladı. Rusiyanın iki əsrlik xəyalı olan və uğrunda Osmanlıyla bir sıra müharibələr apardığı isti dənizlərə enmə xəyalı rəfə qaldırıldı. Krım müharibəsi öz ardınca Avropada qarşısıalınmaz dəyişikliklər gətirdi.

Bu müharibədə İngiltərənin “Avropanın xəstə adamı” (sick man of Europe) adlandırdığı Osmanlı imperiyasını dəstəkləməsi, Rusiyanın Aralıq dənizinə çıxışının qarşısının alınması məqsədini daşıyırdı. İngiltərə Rusiyanın boğazlara sahib olacağı təqdirdə asanlıqla Aralıq dənizinin şərqinə nəzarət edə və Hindistana gedən ticarət yollarını təhdid edə biləcəyini anlayırdı. Pelmerstoun və Rasselin ardınca, İngiltərənin baş naziri olmuş daha bir mühafizəkar, Benjamin Dizraeli Osmanlı imperiyasının bütövlüyünü “İngiltərənin strateji maraqları baxımından həyati əhəmiyyətli” adlandırmışdı və parlamentin və mətbuatın bütün tənqidlərinə baxmayaraq, öz cəmiyyətinin və ictimai rəyinin irtica hesab etdiyi Osmanlı İmperiyasını var gücüylə dəstəkləyirdi. Dizraelidən sonra baş nazir olan Qladston mühafizəkar xristian dindar və dövrü üçün olduqca qabaqcıl bir demokrat idi; Şər mənbəyi və irtica hesab etdiyi Osmanlıya edilən siyasi dəstəyi hakimiyyətə gələn kimi kəsdi. Dizraeli, Osmanlının aldığı borcları ödəyə bilməyəcəyini başa düşmüş və ödəmə şərtlərini yumşaltmağa cəhd etmişdi. Çünki, yuxarıda qeyd olunduğu kimi, Osmanlının bütövlüyünü itirməsini Dizraeli İngiltərə üçün fəlakət sayırdı.

Qladston isə tam tərsi, geopolitik hesablamaları nəzərə almadan, Osmanlını məhv edilməli olan şər yuvası hesab edirdi. Və Qladston, haqqında “heç bir dövlətin etmədiyi qədər günah edən, heç bir dövlətin onun qədər dəyişikliyə qapalı olmadığı” dediyi Osmanlıya edilən siyasi dəstəyi kəsməklə yanaşı, olduqca ağır müharibə xərclərini ödəyə bilməyən Osmanlı dövlətinin İngiltərə və Fransadan ağır şərtlərlə aldığı borclarla bağlı xüsusi amansızlıq nümayiş etdirdi. Fransadan da amansız davranmasını istədi. Osmanlı dövləti 1883-cü ildə rəsmən müflis olaraq, öz iqtisadi suverenliyini itirdi. İqtisadi suverenliyin itirilməsi və və bununla da Osmanlının onsuz da II dərəcəli olan, supergüc statusunun əlindən alınması, əsrlər boyu Osmanlının tərkibində yaşayan xalqların üsyan hərəkatını başlatdı, bu xalqların tarixindəki zəif idarəçilik təcrübəsi və asan yem olmaları supergücləri şirnikləndirdi və balkanlardakı keçmiş Osmanlı torpaqlarına sahib olmaq uğrunda başlayan proses Franz Ferdinandın Sarayevoda serblər tərəfindən öldürülməsinə qədər davam etdi və I dünya müharibəsinin başlanmasının detonatoru oldu.

Balkan üsyanları dövründə Dizraeli və Qladstonun baş nazir kürsüsündəki yerdəyişmələri Osmanlı imperiyası üçün ölümcül oldu. Qladston hakimiyyəti hər ələ alışında Osmanlının xirtdəyindən daha bərk yapışırdı.

Beləcə, Osmanlı İmperiyası kiçilməyə , torpaqlarını itirməyə davam etdi. Krım müharibəsinin Rusiyaya və Fransaya təsiri də az olmadı. Krım müharibəsindəki fəlakətdən sonra, Rusiya uzun müddət Avropanın siyasi səhnəsində köməkçi rola razı oldu və Mərkəzi Asiyadakı avantüralarla başını qatmağa başladı. Tarixin ironiyası ondadır ki, bütün 19-cu əsrdə Rusiyanın əsas rəqibi olmuş İngiltərənin(yalnız Qladstonun rəhbərliyi dövründə) dəstəklədiyi üsyanların davamınıda Osmanlının zəifləməsindən istifadə edərək balkanlardakı döyüşlərə Rusiya atıldı. Fransada isə, Krım müharibəsinin uğurundan başı gicəllənmiş Napoleon, əmisinin imper xəyallarını canlandırdı və ard-arda etdiyi ölümcül səhvlərlə öləzimiş Fransa-Almaniya düşmənçiliyini həyata qaytarmaqla I dünya müharibəsinin daha bir detonatorunu yaratdı.

Almaniyanın birləşməsi və ardınca Kayzer II Vilhelmin hakimiyyətə gəlməsi Avropada onsuz da gərgin olan münasibətləri müharibənin astanasınadək gətirdi. Artıq, sadəcə bir atəş lazım idi. O atəş də özünü çox gözlətmədi. 1908-ci ildə Avtriya, Osmanlının nəzarətindən çıxan və faktiki olaraq müstəqil idarə olunan Bosniyanı işğal etdi. Krım müharibəsindən cəmi iki il sonra Avstriyanı müttəfiqlər siyahısından silən və hərbi məktəblərində potensial Rusiya-Avstriya müharibəsinin tədrisinə başlayan Rusiya, Avstriya ilə diplomatik əlaqələrini zəiflətdi və müharibə ab-havasına kökləndi. Osmanlı səltənətinin yarıtmaz idarəçiliyi və dövlət olaraq çöküşü, öz torpaqlarına nəzarət edə bilməməsi birinci dünya müharibəsi ərəfəsindəki gərginliyin əsas səbəblərindən biri oldu.

Osmanlı İmperiyasının çöküşü böyük ölçüdə, daxilindəki yarıtmaz idarəçilikdən qaynaqlanırdı. Çap maşınını Avropadan 300 il sonra ərazisinə buraxan Osmanlı, sənayə və elmi inqilabdan geri qaldı. Dini fanatizmlə xalqını yuxuya verən saray isə, bahalı və dəbdəbəli həyatından geri qalmırdı. Bu isə borcları ödəmək üçün heç bir şans qoymurdu, davamlı yeni və daha ağır şərtlərlə verilən yeni borclar yaradırdı. Bundan qəzəblənən və qısa müddət ərzində təşkilatlanan ordudakı orta rütbəli zabitlər və bir qrup siyasi xadim(Jöntürklər) üsyan başlatdı və üsyan Sultanın hakimiyyətinin qismən məhdudlaşdırılması və parlamentin yaranmasıyla nəticələndi. Lakin, Balkan müharibəsindəki uğursuzluqlar, iqtisadi vəziyyətin get-gedə pisləşməsi ölkə daxilində siyasi parçalanmanı böyütdü və “Babali baskını” adlandırılan hərbi çevrilişdən sonra triumvirat(Ənvər Paşa, Camal Paşa, Tələt Paşa) hakimiyyəti ələ aldı. Sultanın qızıyla evlənən və triumviratda söz sahibinə çevrilən Ənvər paşa hər ötən gün qüdrəti artan və Avropanı tir-tir əsdirən Almaniya ilə müttəfiqlik tərəfdarı idi. Eyni zamanda, Osmanlı faktiki olaraq İngiltərə, Fransa, Rusiya və Almaniya səfirləri tərəfindən idarə olunan yarımasılı dövlət idi.

İngiltərənin pulu ödənən hərbi gəmiyə həbs qoymasından sonra ölkə daxilində İngiltərəyə qarşı baş qaldıran nifrət dalğası Ənvər Paşanın qarşısındakı bütün maneələri qaldırdı və elə ardınca Ənvər Paşanın ambissiyalarından xəbərdar olan Almaniya səfiri, Berlinə göndərdiyi telegramda tanrının bəxş etdiyi yeni müttəfiqdən yazırdı. Almaniya baş naziri Leobah fon Betman Holvedin Kayzeri inandırmasından sonra, Almaniya Osmanlıya daha ləyaqətli(!) asılılıq anlamına gələn müttəfiqlik təklif etdi. Sultan, Kayzerin Bosforda alman bazası istəyini qəbul etdi, Bosfora komandan təyin etdi. İngiltərənin ultimatumundan sonra, komandanına başqa vəzifə verib geri çəkilsə də, artıq, Osmanlı Almaniyanın müttəfiqi idi.

I dünya müharibəsi başladı. Səfərbərlik elan etsə də müharibəyə qoşulmayan Osmanlı, ingilis gəmiləri tərəfindən təqib edilən və Bosfora sığınan marşal Suşon rəhbərliyindəki “Göben” və”Breslau” gəmilərini milliləşdirdi, gəmilərin adları dəyişdirildi(“Yavuz” və “Midilli”), alman heyət türk uniforması geyərək türk ordusunun komandanlığına keçdi. Və Osmanlıdan rəsmi izn almadan(Ənvər Paşanın göz vurması ilə) Krıma hücum edib Sevastopolu bombalayan almanlar, Osmanlını müharibəyə daxil etmək istəklərini reallaşdırdılar. Rusiya Osmanlıya müharibə elan etdi.

Filmlərdə və kütləvi ədəbiyyatda məşhur Çanaqqala döyüşü də daxil olmaqla, bütün müharibə ərzində Osmanlı ordusuna almanların komandanlıq etdiyi, silahını, pulunu, hətta, formasını belə almanların verdiyi həqiqəti deyilmir, yazılmır. Eləcə də, Osmanlı ilə Almaniya səfiri arasında imzalanan, lakin az sayda saray ərkanından başqa kimsənin barəsində məlumatlı olmadığı, müharibəyə daxil olan kimi 200 milyon qızıl markın Osmanlı dövlətinə verilməsi anlaşması da çoxluq tərəfindən bilinmir.

Osmanlının Almaniyanın tərəfinə keçməsi ilə, Bosfor uğrundakı 100 illik İngilis-Rus qarşıdurması arxa plana keçdi. İngiltərə, Fransanın təzyiqi ilə Bosforu Rusiyaya güzəştə getməyə razılaşdı.

Müharibə bitdi, İngiltərənin və Fransanın yardımlarını ala bilməyən və iqtisadi fəlakət ucbatından ordusuna nəzarəti itirən Rusiyada inqilab baş verdi, Almaniya və Osmanlı təslim oldu. Almaniya alçaldıcı sülh şərtlərini qəbul etdi və bu ardınca elə bir milliyətçilik partlayışı yaratdı ki, müharibədən cəmi 10 il sonra, Hitler Almaniyanın ən güclü siyasətçisinə çevrildi. Osmanlı imperiyasının varisi olan Atatürk Türkiyəsi isə döyüşdü və imperiyasını itirməyinə baxmayaraq, daha ləyaqətli şərtlərlə yeni sülh müqaviləsi imzaladı. Bosfor haqqında düşünəcək durumda olmayan Rusiyanın müttəfiqləri-İngiltərə və Fransa-orada cəmi bir neçə ay qala bilmişdilər.

Rusiyada uzun müddətdir gözlənən, lakin hər dəfə güc yoluyla basdırılan inqilab, nüfuzlu tarixçilərinin ortaq fikrinə görə, məhz, Osmanlının boğazları sonadək qoruya bilməsi nəticəsində baş tuta bilmişdi. İqtisadiyyatı iflic olan və Avropa ilə ticarəti qırılan Rusiya əvvəlcə bolşevik inqilabına, ardınca da Almaniyaya təslim olmuşdu. Və bu prosesdə ən həlledici rolu, boğazların Osmanlıya məxsus olması və Antanta gəmilərinə qapadılması oynamışdı.

Boğazlar məsələsi bir də Rusiyanın nəhəng, lakin ortabab Asiyalı olaraq girib dünyanın iki supergücündən biri olaraq çıxdığı ikinci dünya müharibəsindən sonra aktuallaşdı. Öz ticarətinin və isti sulara çıxışının başqa dövlətin əlində olan boğazlardan keçməsi ilə barışmayan Böyük Rusiya(SSRİ) Türkiyədən boğazlarda baza(eyni zamanda şərqdə strateji ərazi) tələb etməyə başladı. SSRİ ilə qarşıdurmaya gedəcək gücdə olmayan, lakin torpağını da itirmək istəməyən Türkiyə, Trümen doktrinası çərçivəsində ABŞ-dan yardım qəbul etdi, eyni zamanda da Koreyaya əsgər göndərməklə NATO-ya girməyin qiymətini ödədi.

SSRİ çökənədək ABŞ-ın hərbi və siyasi patronajlığı altında olan Türkiyədə SSRİ çökdükdən sonra yeni siyasi meyllər yaranmağa başladı. İstər hərbi, istər siyasi isteblişmentdəki milliyətçi və NATO əleyhdarı qrupların güclənməsi baş verdi.

ABŞ-ın kommunizm kabusu səbəbindən 70-80-lərdə ölkədə baş verən siyasi repressiyalarda heç bir solçu qrup müdafiə olunmamışdı, repressiyalardan yalnız dindarlar, qismən də milliyətçilər sağ çıxmağı bacarmışdılar. Komformist ağ türklər isə orduya güvənərək siyasi güc qazanmaq üçün heç bir ciddi təşkilatlanma qurmadılar. Və bu, bu günkü Türkiyənin siyasi mənzərəsini formalaşdıran əsas, həlledici faktorlar oldu.

Ardınca baş verənlər bunun məntiqi davamıdır. Cəmiyyətdə dini meyllər artdı, qərb dəstəkli dini qruplar hakimiyyətə gəldilər, yenidən Osmanlı nostalgiyasına qapılmaqda olan cəmiyyətə din və millətçilik dopinqi yeridildi, həm öz hakimiyyətlərini möhkəmlətdilər. Ölkədə bütün güclü və müstəqil adamlar, qruplar bir-bir çıxdaş və ya transfer edildi. Ardınca ordunun daxilindəki millətçilərlə hakimiyyəti bölüşmək istəməyən dindarlar, ordudakı milliyətçiləri repressiyaya məruz qoydular. Milliyətçilərdən sonra ordudakı qərb tərəfdarları hədəf alınmağa başlandı. Təhsil akademik çevrənin və zəiflədilmiş ordunun dəstəyindən məhrum olmuş aydınların (ağ türklərin) əlindən alındı. Və ordu, bütün gücünü toplayıb yekun müqavimət göstərməyə çalışdıqda, ölkədə mütləqiyyət qurmaq istəyən Ərdoğan rəhbərliyindəki dini qrup bundan orgiya düzəltdi və bütün əleyhdarlarını qamçılamaq üçün geniş şəkildə yararlandı. Qərbin həm dəyərlər (Qladston dövründəki kimi), həm də strateji maraqlar (I dünya müharibəsindəki kimi) baxımından qarşısında yer alan dini qrup, yekun olaraq öz hakimiyyətlərini qorumağın son çarəsi olaraq Rusiyaya sığındılar. Lakin, milli və dini hisslərlə həddən artıq yüklənmiş (İngiltərə Osmanlı gəmisinə həbs qoyanda olduğu kimi) kütləyə tamaşa lazımdır. Lazımi dozaya çatmaq üçün gərəkli olan tamaşa isə Rusiyanın maraqlarına ziddir. İndi baş verənlər, bu çərçivədə gedən mövqe müharibəsidir.

Lakin diqqətli müşahidəçi açıq-aşkar görə bilər ki, Rusiya qarşısında güc görməmiş heç bir istəyindən geri çəkilən dövlət deyil. Boğazlarla bağlı iddiası NATO-nun üzvünə qarşı keçərsiz idi, lakin NATO-dan uzaqlaşan və Rusiyanın patronajlığını qəbul edən yeni Türkiyə bunun üçün əla fürsətdir.

Türkiyənin daxilindəki kütləni ovutmaq üçün qurulan tamaşa heç kimdə illüziya yaratmasın, Türkiyənin NATO-dan uzaqlaşması (Ərdoğanın öz hakimiyyətini qorumasının yeganə yolu hesab etdiyi) Rusiyanın qəlbinin dərinliklərində qoruyub saxladığı köhnə xəyalları mütləq canlandıracaq. Və zəif, bir nəfərin hakimiyyət hərisliyinin cəzasını çəkməkdə olan Türkiyə, dünyanın 2-ci supergücünün qarşısında durmaq gücünə sahib deyil.

P.S. Uzun tarixi dövrü əhatə etmək bir yazıyla heç cür mümkün olmasa da, ümid edirəm, bu yazı Azərbaycan oxucusu üçün bəzi həqiqətləri aydın görmək üçün faydalı olacaq.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.