Koronavirus: İtaliya və ABŞ-da karantin yumşaldılır, dünya üzrə yoluxma sayı 3 milyona çatır

27-04-2020, 11:03   



İtaliya bu gün karantin qaydaları yüngülləşdirilir.Fotonun müəllifiGETTY IMAGES
Image captionItaliyada polisi maskası formaya uyğunlaşdırılıb.

Dünyada koronavirusa yoluxanların sayı üç milyona yaxınlaşır - son məlumatlara görə, 2 milyon 963 min nəfərə diaqnoz qoyulub. Ölənlərin sayı isə demək olar ki, 206 minə çatıb. Bu arada, Avropa ölkələrində ölüm halları daha azdır və bəzi ölkələr karantin tədbirlərini yüngülləşdirməyə başlayır. ABŞ-ın bir çox ştatında da məhdudiyyətlərin ləğvinə başlanıb. İngiltərənin Baş naziri Boris Johnson Dauninq küçəsinə geri qayıdır.

Azərbaycan hökuməti də bu gündən karantin qaydalarını yumşaltmağa başlayıb. Nazirlər Kabinetinin qərarı ilə aprelin 27-dən bəzi iş yerlərində fəaliyyətlər bərpa ediləcək.

İtaliya mayın 4-dən bəzi məhdudiyyətləri qismən yumşaldır

İtaliyanın Baş naziri Cüzeppe Konte mayın 4-dən etibarən ölkədə bəzi məhdudiyyətlərin qismən qaldırılacağını açıqlayıb. Ölkə əhalisinə televiziya müraciətində o, barlarda və restoranlarda yemək satıla biləcəyini bildirib - indi yalnız evlərə sifarişlərin çatdırılmasına icazə verilir.

İtalyanlar yenə də ölkənin bir yerindən digərinə səyahət edə bilməzlər, lakin onlar eyni əyalətin bir şəhərindən başqa şəhərinə gedə biləcəklər (Hazırda onlar öz yaşayış məntəqələrini belə tərk edə bilməzlər).

Bundan başqa, doğmalarını ziyarət etməyə də icazə veriləcək - lakin bu yalnız qoruyucu maska taxmaq şərtilə kiçik qruplar halında olmaq şərtilə mümkündür.

İtaliyada həmçinin parklar da açılır, lakin burada da əhaliyə böyük qruplar halından toplaşmağa icazə verilməyəcək.

Bundan başqa, Konte sosial məsafənin qorunması tədbirləri daha bir neçə ay davam edəcək, kilsə xidmətləri isə əvvəlki kimi qadağandır. Gələn həftə və qarşıdakı aylarda biz ölkəmizi yenidən açmağın təməlini qoymalıyıq. Buna görə də bütün tövsiyələrə əməl etməliyik. Əmin olun ki, hökumət də öz üzərinə düşəni yerinə yetirəcək", Konte bildirib.

İtaliyada koronavirusdan ölənlərin sayına görə Avropa birincisidir - son məlumatlara görə, orada 26 mindən çox şəxs ölüb, ümumilikdə 197 min nəfərdən çoxu xəstələnib. Lakin ölkədə infeksiyanın ötürülmə sürəti azalır - gündəlik ölənlərin sayında bazar günü 260 ölümlə müşahidə olunan azalma 14 mart tarixindən indiyə qədərki ən aşağı göstərici olub.

Qara bazar üçün maskalar

Parisin Saint-Denis şəhərətrafı bölgəsində Fransa polisi qara bazarda satılması üçün nəzərdə tutulan 140 min maskanı müsadirə edib. Mart ayında hökumət tibbi işçilərini təmin edə bilmək üçün maskalara "əl qoyub".

Müsadirə olunmuş maskalar arasında həkimlərin koronavirus xəstələri ilə işləyərkən istifadə etdikləri 5 min ədəd yüksək filtrasiya respiratoru var. Fransada qıtlıq yaranmazdan əvvəl apteklərdə və İnternetdə maskaların qiyməti üç dəfə artmışdı.

bu gün Azərbaycanda koronavirus karantin qaydaları yumşaldılırFotonun müəllifiREUTERS
Image captionFransada qıtlıq yaranmazdan əvvəl maska qiymətlərində kəskin artım olub

Eyni zamanda, Fransada koronavirusda ölənlərin sayı da azalmaqdadır. Bazar günü rəsmilər bu ölkədə 242 ölüm hadisəsinin baş verdiyini, bu rəqəmin əvvəlki gündən üç dəfə az olduğunu bildiriblər.

Almaniyada tibbi məmulat tədarükçüləri cərrahi maska ehtiyatının az olduğunu bildirblər. Almaniyada bazar ertəsi günündən etibarən alış-veriş edərkən və ictimai nəqliyyatdan istifadə zamanı maska istifadəsi məcburi olacaq.

Almaniya digər ölkələrə nisbətən koronavirusun yayılması ilə daha uğurlu mübarizə aparır. Ən son məlumatlara görə Almaniyada 5,8 min insan virusdan ölüb - bu, İngiltərə, Fransa, İtaliya, İspaniya, Amerika Birləşmiş Ştatları ilə müqayisədə bir neçə dəfə azdır (ölkədə yoluxma halların ümumi sayının olduqca böyük olmasına baxmayaraq - təxminən 157 min).

Ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Andreas Mikaelis BBC-yə verdiyi müsahibədə bu vəziyyəti "şansla", habelə xəstəxanalardakı reanimasiyalarda "əlavə" çarpayılarla təmin etmək kimi tarixi qərarla izah edib.

"Bu, həqiqətən səhiyyə sistemimizin mirasıdır - praktik olaraq onun əsas prinsipidir (...). Bir çox mütəxəssis bizi bu əlavə çarpayılar və əlavə xərclər üçün tənqid etdi. Ancaq indi Almaniya xalqı bütün bu illər ərzində əlavə xəstəxana yataqlarını maliyyələşdirdiklərindən məmnun olduqlarını söyləyə bilər".

Mikaelisin sözlərinə görə, Almaniyada reanimasiya şöbələrində 40 min yer var, onlardan 30 mini mexaniki ventilyasiya cihazları ilə işləyə bilər.

İspaniya uşaqlara gəzməyə icazə verdi

İspaniyada altı həftəlik ciddi təcriddən sonra uşaqlar çöldə oynamağa çıxıblar. Baş nazir Pedro Sanchez tənqidçilərin rəğbətinə qulaq asaraq 14 yaşdan kiçik uşaqlar üçün təcrid qaydalarını yumşaldıb.

bu gün Azərbaycanda koronavirus karantin qaydaları yumşaldılırFotonun müəllifiGETTY IMAGES
Image captionİspaniya uşaqlara gəzməyə çıxmağa icazə verib

İndi uşaqlar yaşadıqları evin bir kilometr həndəvərində gündə bir saat olmaqla gəzə-oynaya bilərlər. Uşaq meydançaları isə hələ də bağlıdır. Velosiped, skuter və skeytbordlara isə icazə var.

İspaniyada sutka ərzində virusdan ölənlərin sayı uzun müddətdən sonra ilk dəfə 300-dən aşağı düşüb. Bu ölkənin Səhiyyə Nazirliyi "normal həyata qayıdış" planı hazırlamağa başlayıb.

ABŞ da karantin qaydalarını yumşaldır

Amerika Birləşmiş Ştatları cümə günü yoluxanların sayında ən yüksək artımın qeydə almasına baxmayaraq karantin tədbirlərini yavaş-yavaş ləğvinə başlayır. ABŞ-da Covid-19 və ölüm hadisələri dünyanın digər bölgələrinə nisbətən daha çoxdur: son məlumatlara görə, burada 957 min insan koronavirusa yoluxub, onlardan 54 min nəfərdən çoxu ölüb.

bu gün Azərbaycanda koronavirus karantin qaydaları yumşaldılırFotonun müəllifiGETTY IMAGES

Bir qədər əvvəl ABŞ əhalisinin 90 faizi karantində yaşayırdı, ancaq bu həftə Corciya, Oklahoma, Alyaska və Cənubi Karolina ştatlarında karantin qismən zəiflədilməyə başladı. Gələn həftə məhdudiyyətlərin daha da qaldırılması istənilir.

Koloradoda cümə günü bərbər salonları və döymə salonları açılacaq, restoranlar bazar ertəsi Tennessi-də işlərini bərpa edəcək və Montanadakı kilsələr sosial məsafə şərtlərinə uyğun olaraq bazar günü yenidən ziyarət edilə biləcək.

ABŞ-ın respublikaçı qubernatorlarının hakimiyyətdə olduğu səkkiz ştatında (Arkanzas, Ayova və Nebraska da daxil olmaqla) sakinlərə evdə qalmaq əmri verilməmişdi.

Ağ Evin ABŞ-dakı koronavirus epidemiyası ilə mübarizə koordinatoru, doktor Deborah Birks jurnalistlərə karantin tədbirlərinin bir hissəsinin ölkədə bir neçə ay ərzində davam edəcəyini təsdiqləyib.

"Ölkədə normal vəziyyətə mərhələli qayıdış zamanı bir-birimizə problem yaratmamağımız üçün sosial məsafənin qorunması bütün yay ərzində tətbiq olunacaq" bazar günü NBC-yə verdiyi müsahibəsində Birks deyib.

Vitse-prezident Mike Pence virusun mayın 25-dək bitəcəyini və ABŞ-da hər il qeyd olunana ənənəvi olaraq mayın son bazar ertəsi gününə təsadüf edən Müharibələrdə itkin düşmüşlərin Anım Gününün qeyd edilə biləcəyini söyləyib.

Ötən şənbə günü Fox News-a verdiyi müsahibədə doktor Birks isə yeni infeksiyaların və koronavirusdan ölüm hallarının may ayının sonuna qədər əhəmiyyətli dərəcədə azalacağını qeyd edib.

Bu arada, ABŞ Prezidenti Donald Trump, pandemiya mövzusunda gündəlik keçirdiyi mətbuat konfranslarından imtina etməyi qərara alıb. Şənbə günü, o, brifinqlərin "vaxtı və səyinə dəyməz" olduğunu ifadə edərək, mətbuat düşmənçilikdə günahlandırıb.

Cümə axşamı günü Ağ Evdəki mətbuat konfransında Trump təmizləyici vasitə inyeksiya edərək koronavirusdan mümkün müalicə ola biləcəyini təklif edib. Bu, evdəki kimyəvi maddələrin insanlar üçün ölümcül olduğu üçün mütəxəssis və istehsalçıların tənqidinə səbəb olub.

Covid-19-un müalicəsi üçün Trump təmizləyicilərin istifadəsi barədə düşünməyi təklif edib. Həkimlər bu təklifdən dəhşətə gələrək, ona qulaq asmamağı əhalidən xahiş edirlər.

Trumpın çıxışından 18 saat sonra ev kimyəvi maddələrindən təsirlənən insanlar üçün New York qaynar xəttinə 30 zəng gəlib. Bu rəqəm ötən ilin eyni dövründə 13 olub.

Johnson yenidən Dauninq küçəsində

İngiltərənin Baş naziri Boris Johnson bazar ertəsi işə başlayacaq, o, bazar günü axşam Dauninq küçəsindəki rəsmi iqamətgahına qayıdıb. Təxminən bir ay əvvəl Baş nazirdə Covid-19 kəşf tapılaraq, reanimasiyaya yerləşdirilmişdi.

İngiltərə ordusu əhalini koronavirus testindən keçməyə etməyə kömək edəcək. Xüsusi hazırlanmış hərbi personalın 6 mobil nöqtə yerləşdirilmiş qərargahı əsas işçilərdən nümunə götürəcək.

bu gün Azərbaycanda koronavirus karantin qaydaları yumşaldılırFotonun müəllifiGETTY IMAGES

Əsas işçilər deyərkən həkimlər, qocalar evlərinin işçiləri, polis, yanğınsöndürənlər və insanlarla təmasda olan digər peşələrin nümayəndələri nəzərdə tutulur.

Səyyar nöqtələrdə işçilər toplanmış nümunələri böyük laboratoriyalara göndərəcəklər, nəticələrin 48 saatda bilinəcəyi vəd edilir.

İngitərə rəsmiləri aprel ayının sonuna qədər gündə 100 min test etmək arzusunda olduqlarını bəyan ediblər, ancaq indiyə qədər bu rəqəmin gündə 30 mindən az olduğu bildirilir.

Keçən həftə BBC-nin əlaqə saxladığı 210 qocalar evindən 159-nun, işçilərinin heç birinin hələ Covid-19 üçün testdən keçmədiyi bəlli olub.

Ölkədə Baş naziri müvəqqəti olaraq əvəz edən İngiltərənin Xarici İşlər Naziri Dominic Raab BBC-yə verdiyi müsahibədə Covid xəstələri ilə işləyən həkimlərin fərdi qoruyucu vasitələrlə təchizatında ciddi problemlərin olduğunu və onların yoluxma riskinin yüksək olduğunu etiraf edib.

"Biz şəxsi qoruma vasitələri məsələsində arzu olunan vəziyyətdən çox uzağıq", cənab Raab deyib və rəsmilərin tədarükü artırmaq üçün yorulmadan çalışdıqlarını söyləyib. Raab, ölkədə 78 xəstəxana işçisi və 16 qocalar evinin işçisinin koronavirusdan öldüyünü bildirib.

Hindistan və İsraildə mağazalar açılır

Hindistanın Baş naziri Narendra Modi əhaliyə radio vasitəsilə müraciət edərək, insanları evdə qalmağa, sosial məsafəni qorumağa və küçəyə tüpürmək vərdişindən imtina etməyə çağırıb. Şənbə günü səlahiyyətlilər kiçik işçi dükanlarının açılmasına icazə veriblər, bir şərtlə ki, işçilərin yarısı işə getsin, hamısı maska taxsın və insanlar arasında məsafə saxlansın.

Ötən gün ərzində ölkədə 2000 yeni infeksiya qeydə alınıb, xəstələrin ümumi sayı 26 mini keçib, 800 nəfər ölüb.

Hindistan polisi ölkədə elan edilmiş karantin səbəbiylə az maaşlı işini itirən qadına təcavüz etməkdə günahlandırılan üç kişini də həbs edib.

Bildirilir ki, qadın evi Jaipur şəhərinə qayıtmaq üçün 100 km yolu qət etməyə çalışsa da, azıb. Onu görən polis əməkdaşları ona koronavirus xəstəliyinə yoluxduqları təqdirdə tərk edilmiş məktəbin binasında gecələməyi tapşırıblar. Gecə qadın orada təcavüzə uğrayıb.

İsraildə də küçədə ticarəti edə biləcək mağazalar açılmağa başlayıb. Ticarət mərkəzləri və bazarlar bağlı qalır.

bu gün Azərbaycanda koronavirus karantin qaydaları yumşaldılırFotonun müəllifiGETTY IMAGES
Image captionİsraildə kiçik mağazalar fəaliyyətini bərpa edir

İsraildə restoranlara nəinki çatdırmaya, həm də yeməklərin məkanlardan sifarişçilərin özü tərəfindən götürülməsinə icazə verilib.

Eyni zamanda rəsmilər Covid-19 xəstəliyinə dair statistikanın artacağı təqdirdə tədbirlərin yenidən sərtləşdirilə biləcəyini bildirirlər. İsraildə indiyədək 15 mindən çox şəxsdə koronavirus infeksiyası aşkarlanıb, onlardan 199 nəfəri ölüb.

Uhan xəstəxanalarında artıq koronavirus yoxdur

Çin rəsmiləri Covid-19 ilə son xəstənin Uhan xəstəxanasını tərk etdiyini bildiriblər, bununla da Uhan xəstəxanalarında koronaviruslu xəstənin qalmadığı elan edilib. Koronavirusun ilk dəfə dünyaya yayıldığı bildirililən Hubei əyalətinin paytaxtı Uhan üç ay karantində saxlanıldı.

İndi rəsmi məlumata görə, xəstəxanalarda bir dənə də olsun yoluxma hadisəsi baş verməyib və sonuncu xəstə cümə günü xəstəxanadan buraxılıb.

Uhanda qeyri-rəsmi ölüm sayının elan olunan ölüm sayından 50 faiz çox olduğu xəbər verilir.

Dekabr ayında koronavirusun yayılması başlanandan bəri Çində Covid-19 infeksiyası ilə bağlı 82 mindən çox yoluxmanın, virusla bağlı 4632 ölüm hadisəsinin olduğu bildirilib. Uhandakı 46 mindən çox yoluxma hadisəsi ölkədəki yoluxmaların ümumi sayının 56 faizini təşkil edib.

Azərbaycan aprelin 27-dən bəzi məhdudiyyətləri ləğv edir

Nazirlər Kabinetinin cümə günü yaydığı məlumata görə, bu gündən Azərbaycanda bəzi iş yerlərində fəaliyyətlər bərpa edilir.

Azərbaycandakı "hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma hallarınını təhlil edilib" və 27 aprel tarixindən "məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib, NK bildirib.

Aprelin 27-si gecə saat 12-dən etibarən:

"ASAN xidmət" mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

2. Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)

kitab satışı

qəzet satışı

dəftərxana mallarının satışı

çap və surətçıxarma fəaliyyəti

fotoatelye/fotostudiyalar

fərdi mənzillərdə təmizlik xidmətləri

dərzi xidmətləri

kosmetika və ətriyyat satışı

geyim satışı

ayaqqabı və dəri məmulatlarının satışı

qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti

mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri

kompüter avadanlıqlarının satışı və təmiri

elektronika və məişət texnikasının satışı

mebel satışı

avtomobil satışı

kimyəvi məhsulların satışı

gül və bitki məhsullarının satışı

kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

gübrə və aqrokimyəvi məhsulların satışı

Amma ticarət mərkəzləri və "Mall"ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.

Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Koronavirus pandemiyasına görə, Azərbaycanda martın 24-dən karantin rejimi tətbiq edilib və aprelin 20-də bitməsi nəzərdə tutulsa da, sonradan mayın 4-nə kimi uzadılıb.

Aprelin 4-dən ölkədə hərəkət məhdudiyyəti tətbiq edilir.

Azərbaycanda indiyədək 1500-dən çox koronavirusa yoluxma faktı aşkarlanıb, virusdan 21 nəfər vəfat edib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.