KORONAVİRUS VAKSİNİNDƏN DƏ QİYMƏTLİ SİRLİ QADIN:MKİ-nin Maltada gizlətdiyi "keçmiş sevgili" Kral ailəsini bitirə bilər

27-04-2020, 11:06   

Ərgün Dilər

“Takvim”, Türkiyə, 25 aprel 2020-ci il

 

Koronavirus epidemiyası, kəşfiyyat müharibələri, maliyyə əməliyyatları, pulun mərkəzi uğrunda mübarizə, insanların evlərinə qapanması, xərclərin tam azalması, şirkətlərin batması, iqtisadi durğunluğun qapıya dayanması, qorxunun artması, birjaların dəyərdə itirməsi, faizlərin “0” nöqtəsinə dayanması, neft sektorunun çökməsi və digər bir çox şey heç bənzəri olmayan bir durumda olduğumuzu göstərir.

Federal Ehtiyatlar Sisteminə (FES) rəhbərlik etmiş iki önəmli şəxsə – Ben BernankeCanet Yellenə baxdıqda, onların da çarəsiz durumda olduqlarını görürük. Onlar deyirlər: “İqtisadi əsaslı olmayan, ancaq böyük iqtisadi nəticələr doğuracaq bir böhranla qarşı-qarşıyayıq”.

Türkiyədə kimsə koronavirus haqqında bir sətir belə yazmadığı halda, mən günlərlə koronavirusla bağlı detalları paylaşırdım. Çində baş verənləri yalnız “Takvim” qəzeti öz manşetinə daşıyırdı. Heç kimin Çinlə maraqlanmaması, yəqin ki, ya ətalətdən, ya da saymamazlıqdan idi. Çox adam hesab edirdi ki, bu, Çinlə məhdudlaşacaq. Halbuki bu virus əsla və qəti olaraq Çində qala bilməzdi. Qalmadı da… Çünki əməliyyatın məqsədi bütün güc balansını dəyişmək idi. Hazırda proses sürətlə bu yöndə getməkdədir.

Koronavirusla heç kim maraqlanmadığı kimi, Cefri Epşteynin ortadan qaldırıması məsələsindən də uzaq duruldu. Əslində, dünyanın kiçik bir kənd olduğunu unudurduq. Baş verən bütün hadisələr bizə savaşın tərifini verirdi, lakin biz yenə də anlamırdıq. Gözdən qaçırırdıq.

Dünən qaldığımız yerdən – Epşteynin ən yaxın adamı olan Gisleyn Maksvellə davam edək. Bunu aydın şəkildə anlamalıyıq ki, bu gün bəziləri üçün Gisleyn Maksvell koronavirus vaksinindən daha dəyərlidir. Bir ilə yaxındır ki, yoxa çıxıb. Bəzilərinə görə, bu, təbiidir.

Son günlərdə mediada maraqlı xəbərlər çıxmağa başlayıb. Görəsən, həbsxanada özünü asaraq intihar etdiyi açıqlanan Cefri Epşteynin keçmiş sevgilisi Gisleyn Maksvell haradadır?

İngilis və fransız mediasına görə, təhqiqatdan qaçraq, Fransada bir malikanədə gizlənir. Öncə Los Ancelesdə, sonra da Massaçusetsdə gizləndiyi iddia edilən Gisleyn Maksvellə bağlı son iddia görə isə o, Fransanın cənubundakı Meryeydə ailəsinə aid olan malikanədə yaşayır.

Bunların hamısı uydurmadır. Hamısı MKİ-nin yanlış yönləndirməsidir. Necə ola bilər ki, Fransa hələ də Rotşild ailəsinin çox təsirli olduğu bir ölkə olduğu halda, Gisleyn Maksvell orada gizlənsin? Buna MKİ də izin verməz.

Gisleyn Maksvell Maltada – MKİ-nin mühafizə etdiyi bir villada yaşayır. O, koronavirus Avropaya gəlməmişdən bir neçə həftə öncə Maltaya götürülüb. MKİ, Maksvelldən öyrənmək istədiyi hər bir informasiyanı ondan alıb.

Guya, FTB-nin sorğu-sual etmək üçün onu axtarması haqqındakı iddia da tamamilə həqiqətdən uzaqdır. MKİ-nin daxil olduğu yerlərdə FTB, filmlərdə olduğu kimi, eqo nümayiş etdirməz. MKİ koronavirusla başlayan prosesin bitməsini gözləyir. Bu, yəqin ki, 45 gün daha davam edəcək. Sonra Gisleyn Maksvell keçmiş lüks həyatına dönə bilər. Ya da sonu atası kimi ola bilər. Bu, bilinməz…

İndi də 2018-ci ilə gedək. Londonda verilən bir qonaqlıqda “Barclays”-ın idarə heyətindən olan önəmli şəxslər –Cefri Epşteyn, Gisleyn Maksvell, Şahzadə Endryu Şahzadə Çarlz bir yardım layihəsini müzakirə etmişdilər. Həmin günlərdə Cefri Epşteyn çox önəmli iş adamı idi. Layihənin maliyyə məsələsini həll etməyi də “Barclays” öz öhdəsinə götürmüşdü. İndi bu anlaşma bank üçün risklər yaradır. Ən azı, bu yöndə iddialar vardır.

Hazırda Gisleyn Maksvellin həmin toplantıda Şahzadə Endryu haqqında nə söylədiyinin və ya MKİ-yə söylədiklərinin çox önəmi yoxdur. Ancaq Şahzadə Çarlzla da bağlı olan bəzi özəl danışıqları MKİ-yə çatdırdısa, nə olacağı çox önəmlidir. Əgər belə bir durum varsa, qarşıdakı günlərdə İngiltərə Kral ailəsinin böyük bir qalmaqalla çalxalanacağı qətidir.

“Barclays” kimi nəhəng bir gücün adının Epşteynlə birgə xatırlanması böyük bir planın önəmli detalıdır. Kraliça II Yelizavetanın oğlu Şahzadə Endryunun nə anası, nə də böyük qardaşı üçün heç bir dəyəri yoxdur. Ancaq Şahzadə Çarlz, anlaşa bilməsə də, Kraliça II Yelizaveta üçün çox dəyərlidir. Londondakı dərin güclər üçün də çox önəmlidir.

İlk dəfədir ki, İngiltərə qalmaqalların mərkəzində bu qədər yer alır. Media da belə qalmaqalları sevir. Əvvəllər Krallığın media üzərində ciddi təsiri vardı. Bu gün isə o gücü yoxdur. 2015-ci ilədək Kraliça II Yelizavetanın istəmədiyi xəbərlər mediada yer almazdı. Bu, hər hansı bir sanksiyası olmayan, lakin hər bir media sahibinin bildiyi gizli bir qayda idi. Ancaq Rotşild ailəsiylə Kraliça II Yelizaveta arasında başlayan anlaşılmazlıqlar 2015-ci ildə özünü əməli-başlı göstərdi. Bu durumun yaranmasından sonra media Kral ailəsiylə əlaqədar sərt xəbərlər yaymağa başladı. Xüsusilə Harri və həyat yoldaşı Meqan Marklla bağlı xəbərlər son dərəcə ağır idi.

Şahzadə Çarlzın mediaya təsiri anasından daha çoxdur. Ancaq hazırda Şahzadə Çarlz da panikadadır. Onun panikası koronavirusla bağlı deyil. Epşteynin bütün sirlərini bilən Gisleyn Maksvell Şahzadə Çarlzla çox yaxın idi. Hətta Maksvell İngiltərəyə sərmayə qoyacaqdı və Şahzadə Çarlzla ortaqlıq qurmağı planlaşdırırdı. Lakin indi hər şey qarışdı.

Şahzadə Çarlz, Gisleyn Maksvellin onunla bağlı da mənfi informasiyalar paylaşa biləcəyindən narahatdır. Şahzadə Çarlzın gücündən istifadə edərək, Londonda güc sahibi olan BƏƏ və Səud şeyxləri də narahatdırlar. Gisleyn Maksvellin bir çox ərəb şeyxiylə bağlı informasiyalara sahib olması da heç kimi təəccübləndirməz. Epşteynin adasına kimlərin getdiyinə baxsanız, getməyənin olmadığını görəsiniz. Hətta ABŞ-da Bill Klintonun Cefri Epşteynlə yaxınlığını araşdıran bir prokuror öldürüldü.

Bu yeni prosesin səhnə önündəki yeni aktyorları isə Mayk Pompeo və MKİ direktoru Gina Haspeldir. Sanki Cefri Epşteynin arxivləriylə açılan yollar indi tərsinə dönəcək. Koronavirusun gəlişini sürətləndirən bu arxivlərə əlqoyma əməliyyatı idi. Deyəsən, arxivlər alındı, Epşteyn də öldürüldü. Və bu, davam edəcək, özü də fırtına şəklində…

Təhlillər göstərir ki, dünyada Vaşinqtonla London arasında yaranmış gərginlikdən təsirlənməyəcək bir kiçik ada belə, qalmayacaq. Bu, bizi də maraqlandıran məsələdir.

Qəbul edək ki, koronavirus pandemiyasından sonra çox şey dəyişəcək. Ancaq bu unudulmamalıdır ki, I Dünya Müharibəsi dövründə “İspan qripi” çıxdı və təqribən, 50 milyon insan öldü. Bu, inanılmaz bir itki idi. Ancaq dünya sistemini quran epidemiya və gətirdiyi ölümlər deyil, müharibə idi. Burada da hamımızın diqqətini virusa yönəldiblər. İqtisadi müharibənin üstünü isə örtürlər. Oyanıq olaq.

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.