Azərbaycan iqtisadiyyatı ucuz neftə nə qədər dözə biləcək?

27-04-2020, 20:28   


Rövşən Ağayev: “Qiymətin uzun müddət 35 dollardan aşağı olduğu istənilən şəraitdə məzənnə riski yüksək olaraq qalır”

Neftin dünya bazarındakı qiyməti hazırkı səviyyədə qaldıqca, Azərbaycan büdcəsinə və milli valyutasına təzyiq getdikcə artır.

Brent markalı etalon neftin fyuçersləri (müqavilə üzrə 2 ay sonrakı qiymət) ötən həftənin son ticarət sessiyasını 21,5 dollardan tamamlayıb, “Azeri Light” markalı neftin spot bazarındakı qiyməti isə həmin gün 18,60 dollar təşkil edib. Azərbaycan neftinin bu qiyməti təxminən maya dəyərinə bərabərdir, bu isə o mənaya gəlir ki, son həftələrdəki satışlardan büdcəmiz faktiki, gəlir əldə edə bilməyib və gedişat narahatlığa əsas verir. Şübhəsiz ki, bu durum Azərbaycanda iqtisadi inkişafın zəifləməsi, əhalinin rifah səviyyəsinin aşağı düşməsi və əhalinin yoxsullaşması deməkdir. Eyni zamanda, ictimaiyyət arasında manatın devalvasiyası qorxusu da var.

Mövcud durumu, Azərbaycan iqtisadiyyatının aşağı neft qiymətlərinə dözüm limitini və bizi nələrin gözlədiyini ekspertlə müzakirə etdik.

İqtisadçı Rövşən Ağayev bildirdi ki, Azərbaycan iqtisadiyyatının milli valyutanı dəyərdən salmadan, kəskin büdcə ixtisarlarına getmədən, valyuta ehtiyatlarına əl atmadan ayaqda qalması üçün neftin minimum əlverişli qiymət həddi 45 dollardır:

“40-45  dollar intervalında qiymət olsa, büdcə öhdəliklərinə nəzərəçarpacaq ixtisarla, amma yenə də ehtiyatlara toxunmadan keçinmək olar. Amma bu qiymət səviyyəsində Neft Fondunun bütün daxilolmalarının tam xərclənməsi lazım gələcək, ehtiyatları artırmaq mümkün olmayacaq. Ölkədən kapital qaçışının əvvəlki dövrə nisbətən artdığı, xarici borcların qaytarılma miqyasının genişlənəcəyi tədqirdə isə, hətta 45 dollarlıq qiymət səviyyəsində ehtiyatlara əl atılması qaçılmaz ola bilər. Yəni iqtisadiyyatın neftin hansı qiymətinə dözüm səviyyəsi təkcə cari hesab çərçivəsində bizim iqtisadiyyatın xarici valyuta ehtiyaclarına uyğun formalaşmır. Bu məsələdə maliyyə hesabı çərçivəsində ehtiyaclar da çox önəmlidir – ən müxtəlif formalarda (depozit, investisiya, kapital qaçışı) ölkədən çıxan xarici valyutanın məbləği neftin resurs ölkələrinin iqtisadiyyatı üçün minimum yolverilən qiymətinin formalaşmasında həlledici amillərdən biridir.”

Ekspertin sözlərinə görə, əgər digər şərtlər dəyişməzsə, yəni kapital axını və daxildə valyuta alışı üzərində sərt inzibati nəzarət saxlanılarsa, neftin 35-40 dollar arası qiymətində də məzənnə sabitliyini çətinliklə də olsa, ehtiyatlardan çox az istifadə etməklə, qorumaq mümkündür: “Lakin qiymətin uzun müddət 35 dollardan aşağı olduğu istənilən şəraitdə məzənnə riski kəskin olaraq qalır. Belə şəraitdə hökumət üçün dilemma yaranır: ya məzənnəni qorumaq üçün ehtiyatları xərcləməlidir, ya da milli valyutanı ucuzlaşdırmaqla ehtiyatları mümkün qədər qorumalıdır. Nisbətən uzun müddət, məsələn, 2-3 il ərzində neftin qiymətinin ucuz qalacağı, qlobal iqtisadi böhranın davam edəcəyi tədqirdə, birinci ssenari ehtiyatların tam əriməsi ilə nəticələnəcək. Çünki ehtiyatlar kifayət qədər məhdud, iqtisadiyyatın valyuta ehtiyacları isə daha genişdir. Ona görə, ehtiyatlar bir yerdə bitəcək və ölkə çox ciddi makroiqtisadi kataklizmlərlə baş-başa qalacaq. İkinci ssenarinin ağır sosial-iqtisadi nəticələri ola bilər. Xüsusilə də iqtisadi subyektlərinin valyuta borcu yüksək, idxaldan yüksək asılılığı olan ölkələr devalvasiyaya görə daha ağır bədəllər ödəyir. Azərbaycanda nə biznesin, nə dövlətin, nə də əhalinin xarici valyutada borcu yüksək deyil hazırda. Ona görə, devalvasiyanın bu tərəfdən zərbəsi daha az ola bilər. Amma idxaldan yüksək asılılığımız var – ən müxtəlif qiymətləndirmələrə görə, istehlak bazarımızın azı 60 faizi xarici mallar hesabına formalaşır. Belə vəziyyətdə devalvasiya çox ciddi inflyasiya riskləri yaradır. Hətta Dünya Bankının bu yaxınlarda bir hesablaması oldu – Azərbaycanda manatın 1 faiz ucuzlaşması əlavə 0.25 bənd inflyasiya yaradır. Məzənnənin inflyasiya ötürücülüyü çox yüksəkdir. Yəni 20 faizlik bir devalvasiya əlavə olaraq 5 faiz üzərində inflyasiya yaradacaq: mövcud inflyasiya səviyyəsini də nəzərə alsaq, 10 faizin üzərində ikirəqəmli inflyasiya qaçılmaz olacaq. Azərbaycanda yoxsulluq və işsizliyin real səviyyəsinin çox yüksək olduğu, pandemiya şəraitində isə bu göstəricilərin miqyasının daha da böyüdüyünü nəzərə alsaq, ikirəqəmli inflyasiyanın dağıdıcı təsirləri mütləq göz önündə tutulmalıdır.”

R.Ağayev qeyd etdi ki, neftin hazırkı qiyməti devalvasiya üçün riski həmişə saxlayır – iqtisadçıların hazırkı şəraitdə deyə biləcəyi bundan artıq nəsə yoxdur: “Amma hazırda məzənnə məsələsi sırf siyasi qərara bağlıdır. Siyasi hakimiyyət təkcə devalvasiya qərarının gətirəcəyi iqtisadi faydaları və zərərləri deyil, onun siyasi nəticələrini hesablayaraq qərar verir. Bu məsələdə ən vacib suallardan biri budur ki, hansı səviyyədə devalvasiya həm makroiqtisadi, həm də sosial baxımdan dağıdıcı təsirlər yaratmaz. Tutaq ki, aparılan araşdırmalar, ekonometrik modelləşdirmələr bu həddin 10-20% olduğunu göstərdi. Belə olan halda, qəbul ediləcək devalvasiya qərarı nəticəsində qənaət ediləcək ehtiyatların həcmi ilə biznesin, bankların və ev təsərrüfatlarının üzləşə biləcəyi itkiləri dəqiq hesablamaq çox önəmlidir. Məsələn, əgər hökumət sonradan bu itkiləri büdcə vasitəsilə kompensasiya etmək üçün qənaət edəcəyi ehtiyatlardan daha çox vəsait xərcələyəcəksə, qəbul edilən qərarla bağlı çox ciddi götür-qoya ehtiyac var.”


Press Klub

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.