Vaşinqton /28.04.20/Turan: ABŞ Dövlət Departamenti hesab edir ki, Ermənistan, Azərbaycan və Rusiya Avropada adi silahlı qüvvələr haqqında müqaviləni pozur və ya ona əməl etmir. Bu barədə Dövlət Departamentinin “Silahlara nəzarət, onların yayılmaması və tərksilah üzrə sazişlərə və öhdəliklərə əməl edilməsi” adlı yeni hesabatında deyilir. Turan-ın Vaşinqton müxbirinin məlumatına görə, bu, silahlara nəzarətə və ölkələrin beynəlxalq öhdəliklərə əməl etməsinə dair illik hesabatdır.
Hesabata əsasən 2019-cu ildə Ermənistanda zirehli texnikanın ümumi sayı əvvəlkitək hərbi texnikanın məhdudlaşdırılması haqqında saziş (TLE) ilə icazə verilən həddini aşır. Bundan əlavə, həmin müqavilə üzrə bir sıra digər öhdəliklərin yerinə yetirilməməsi də narahatlıq doğurur.
Hesabatda Azərbaycanla əlaqədar deyilir, ölkədə ümumi silah sayı “2019-cu ildə TLE həddini aşmaqda davam edib və müqavilənin bəzi digər öhdəliklərinin yerinə yetirilməməsi” baş verib.
Dövlət Departamenti Azərbaycanı Vyana sənədinin (VD11) tələb etdiyi kimi “2019-cu ildə əsas hərbi təlimlər” barədə xəbərdarlıq etməməkdə ittiham edib.
Rusiyaya gəlincə, hesabatda deyilir ki, ölkə 2007-ci ildə müqavilənin icrasını “dayandırıb”. Həmin andan Rusiya öz öhdəliklərini pozmaqda davam edir və gələcəkdə bunu etmək niyyətində olmadığını bəyan edir.
Bundan əlavə, Rusiya qoşunlarının Gürcüstan, Moldova və Ukrayna ərazilərində olduqları ölkələrin razılığı olmadan yerləşdirilməsi 2019-cu ildə də davam etdirilib.-25B-