Alimlər dünyanı bürümüş və artıq 360 minə yaxın insanın həyatına son qoymuş COVİD-19 virusunun daha bir təhlükəli effektini araşdırırlar. Məlum olub ki, koronavirus insanın iri qan damarlarında tromb yaranmasına səbəb olur və həmin tromb bəzi koronavirus xəstələrinin qəfildən ölməsinin əsas səbəbidir.
Dünyanın bir çox ölkələrində, o cümlədən Çinin Uhan şəhərində, Braziliyada, Ekvadorda insanların koronavirusdan küçənin ortasında qəfildən yıxılıb ölməsi görüntüləri hamıya tanışdır. Və həkimlər bu anomaliyanın səbəblərini araşdırmağa çalışarkən məlum olmuşdu ki, virus beyini iflic edə və nəticədə qəfil ölümə səbəb ola bilər. Digər səbəb isə ağ ciyərlərin pnevmoniyası nəticəsində insanın boğulub ölməsidir. İndi isə məlum olur ki, koronavirusdan qəfil ölümlərdən biri də damarlarda tromb yaranmasıdır.
Virtualaz.org xəbər verir ki, Niderland və Fransada həkimlərin apardıqları araşdırmalardan sonra koronavirus pnevmoniyası ilə xəstələnən az qala hər iki nəfərdən birinin trombotik fəsadlarla qarşılaşdığını müəyyən edib. Praktikada isə həkimlər daha qorxunc rəqəmlər səsləndirirlər. “Bir çox araşdırmalar var. Onlardan bəziləri buna dəlalət edir ki, ağır koronavirus xəstələrinin 70 faizindən çoxunda tromblar inkişaf edir”,-Londondakı King's College Hospital klinikasından professor Rupin Ariya deyib.
Fransa kardioloqları isə bu günlərdə JAMA Open Network jurnalında dərc edilən araşdırmada venaların trombunun xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin azı 65 faizində aşkarlandığını bildiriblər. Mütəxəssislər qeyd edirlər ki, tromboz cəmi iki gün ərzində yarana və qəfil ölümə səbəb ola bilər. Məhz tromboz bir çox pasiyentlərdə hissiyatın itməsinin, həzm sisteminin pozulmasının və qan-damar sisteminin işində problem yaranmasının əsas səbəbidir. Digər mürəkkəbləşmələr kimi tromblar da insanın immun sisteminin koronavirusa ifrat reaksiyası nəticəsində inkişaf edir. Həkim-gematoloqlar deyirlər ki, əvvəllər heç vaxt belə halla rastlaşmayıblar.
“Adətən trombların yaranması insan orqanizminin kiçik zədələrə qarşı cavab reaksiyasıdır, amma həmin reaksiya COVİD-19 xəstələrinin əksəriyyətində ifrat ölçüdədir. Və tromboz təkcə iri və kiçik qan damarlarında yaranmır. Bir çox pasiyentlərdə ən kiçik qan damarlarında da tromb yaranır. Bu, xüsusən ağ ciyərlərin kapilliyarlarına aiddir, amma digər orqanları-ürəyi, böyrəkləri, bağırsaqları da əhatə edir”,-profssor Rupina Ariya bildirir.
Bir çox xəstələrdə tromboz çox sürətlə inkişaf edir. Ayaq venalarında qatılaşmış qan kütlələri yaranır, tromboflebitə səbəb olur. Baş beyin damarlarında yaranan tromblar insulta gətirib çıxarır. Ürək koronar qan-damar sistemində yaranan tromblar infarkta səbəb olur. Ağ ciyərlərdə arteriyaların tromboemboliyasına gətirib çıxarır.
“Heyrətamizdir ki, biz COVİD-19 xəstələrində tromb yaranmasının nə qədər çox təzahürlərini müşahidə edirik. Və daha da təəcüblüsü budur ki, onlar gənc pasiyentlərdə yaranır. Bütün bunlar ilkin zədələnmələrinin yoxluğu şəraitində baş verir”, -Harvard universiteti yanında Harvard Medical School tibb mərkəzinin hemotologiya professoru Robert Flomenhaft deyir.
Hazırda ABŞ-da koronavirus xəstələrinə qanın durulaşmasına kömək edən pereparatlar verirlər. Lakin bu dərmanlar da qansızma riskini artırır, ona görə də həkimlər ehtiyatlı olmağa çalışırlar. Bir tərəfdən qanın laxtalanmasının qarşısını almaq lazımdır, digər tərəfdən qansızmaya yol vermək olmaz.
“Nature” jurnalında dərc edilmiş araşdırmada isə deyilir ki, tromblar koronavirus xəstələrinin uzun müddət süni tənəffüs aparatına qoşulu qalmasının səbəblərindən biridir. Çünki orqanizmə süni tənəffüslə verilən oksigen çoxsaylı tromblara görə çətinliklə qanın tərkibinə keçir. “Bir çox ölən pasiyentlərin yarılması zamanı biz qan damarlarında tromblar aşkar etmişik, amma əhatəli pnevmoniya üçün xarakterik olan digər patalogiyalar olmayıb. Klinik mənzərə başqa idi: iltihab, qan damarlarının dağılması azdır, amma olduqca çox tromblar var”,-professor Lourens bildirib.
Həkimlər bu qənaətə gəliblər ki, məhz trombların yaranması COVİD-19 xəstələrinin qəfil ölümlərinin, habelə onların vəziyyətinin qəfildən və kəskin pisləşməsinin əsas səbəbidir. Koronavirusa qarşı hazırda heç bir dərman olmadığına görə alimlər qarşısında dayanan vəzifə kimin tromb yaranmasına qarşı ən çox həssas olduğunu aşkarlamaqdır. Lakin fakt budur ki, virusa yoluxanların 70 faizə yaxınında tromblar yaranır.
Virtualaz.org