Təhsil Nazirliynin Masallı rayon təhsil şöbəsində aparılan yoxlama zamanı külli miqdarda yeyinti aşkarlanıb. Qalmaqalı ört-basdır etmək üçün məsələyə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov nazirə zəng edib.
Bu barədə Masallıdan daxil olan məlumatda bildirilir ki, Masallı rayon təhsil şöbəsində Təhsil Nazirliynin apardığı daxili audit zamanı rayon təhsilində bir çox nöqsanlar aşkarlandığı kimi, həmçinin böyük korrupsiya faktları da aşkarlanıb. Aşkarlanan nöqsanlarla həm Masallı təhsil şöbəsinin müdiri Astan İbişov, həm də rayon maliyyə idarəsinin müdiri Azər Zeynalov çətin vəziyyətə düşüb. Qalmaqalı ört-basdır etmək üçün onlar icra başçısna müraciət etməyə məcbur olublar. Çünki baş verən mənimsəmənin əsas şəriklərindən biri başçı Rafil Hüseynov olub.
Daxil ollan məlumatda bildirilir ki, Rafil Hüseynov məsələ ilə bağlı təhsil naziri Mikayıl Cabbarova telefon açsa da, nazir onun telefonunu açmayıb. Bundan sonra başçı nazirə yaxın olan müavinlərin biri əlaqə saxlayıb. Uzun sürən danışıqlardan sonra Rafil Hüseynov gözlənilən qalmaqalı yoluna qoymağa nail olub.
Belə ki, daxil olan məlumatda iddia olunur ki, əldə olunan razılaşmaya əsasən mənimsənilən məbləğin təqribən yarısı yoxlama aparanlara çatdırılıb. Həmçinin icra başçısı nazirin adı çəkilməyən müavininə hər ay razılaşdırılmış məbləğdə «haqq» verməyə razı olub.
Mənbə bildirir ki, mənimsəmələr əsasən kənd məktəblərinin təmiri, həmçinin müxtəlif avadanlıqların alınması və dərs saatlarının artırılması adı altında baş verib. Bütün mənimsəmələr isə Rafil Hüseynov, Azər Zeynalov və Astan İbişovun əlbir fəaliyəti ilə həyata keçirilib.
Qeyd edək ki, Masallı rayon maliyyə şöbəsinin müdiri Azər Zeynalov və rayon təhsil şöbəsinin müdiri Astan İbişov yaxın qohumdurlar.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
Pia.az