ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlanan etiraz aksiyaları Qərb ölkələrinin əksəriyyətini əhatə edib.
İrqi ayrı-seçkiliyə və polis zorakılığına qarşı başlanmış nümayişlər artıq siyasi müstəviyə transfer edib. Artıq aksiyalara qaradərililər və ya hüquq-müdafiə təşkilatlarının fəalları çıxmır. Müxtəlif siyasi partiyaların etirazlara dəstək verməsi bu hərəkatın daha geniş miqyas almasına səbəb olub.
ABŞ-da Demokratlar Partiyası, Fransada “Sarı jiletlilər”, Böyük Britaniyada leyboristlər bu prosesin istiqamətini hökumətə qarşı mübarizəyə yönəltməyə çalışır. İğtişaşlar zamanı nümayiş iştirakçıları ilə polis arasında baş verən toqquşmalar Qərb ölkələrində sistem böhranı həddinə çatıb. ABŞ-da Corc Floydun milli qəhrəman kimi dəfn edildiyi bir vaxtda prezident Donald Trampın mitinqləri dağıdan polis əməkdaşlarına xüsusi təşəkkür etməsi ciddi narazılığa səbəb olub. Ölkədə seçki marafonunun fəal mərhələyə daxil olması ABŞ-da yaxın müddətdə siyasi gərginliyin davam edəcəyini deməyə əsas verir.
Ekspertlərin fikrincə, idarəolunmaz vəziyyətin yaranması Donald Trampın daxili siyasətindəki diskriminasiya ilə bağlıdır. Belə ki, Tramp heç vaxt özünü bütün amerikalıların prezidenti kimi təqdim etməyib. O, yalnız öz elektoratının prezidenti kimi davranıb. Ona görə də bu gün ABŞ-da siyasi qütbləşmə müşahidə olunur. Bu isə qarşıdurma üçün münbit şərait yaradır.
Avropa ölkələrində baş verənlər də formaca oxşardır. Lakin bəzi analitiklər qeyd edir ki, etiraz aksiyaları Trampın siyasi təzyiqlərindən xilas olmağa çalışan Avropa ölkələrinin rəhbərləri üçün siyasi manevr imkanı yaradır. Lakin bu prosesin nəzarətdən çıxması daha təhlükəli nəticələrə səbəb ola bilər.
Politoloq Tofiq Abbasov hesab edir ki, ABŞ-da və Avropada müşahidə olunan qarşıdurma daha çox kapitalizmin böhranıdır. Qərbdə insanlar artıq kapitalizmin ənənəvi üsullarından imtina edir:
“Ümumdünya Davos Forumunun təsisçisi və prezidenti Klaus Svabın çox vacib fikir söyləyib. O, bir neçə il bundan əvvəl Davos Forumunda demişdi ki, kapitalizm artıq gözləntiləri doğrultmur. Yəni o, özü böhran həddinə çatıb və yeni korrektələrə ehtiyacı var. Klaus Svab bununla da Marksın nəzəriyyəsini bir növ iştirakçıların diqqətinə çatdırdı. Yəni kapitalizm intensiv istehsal qüvvələrinin prosesə cəlb edir, məhsul əldə edilir, gəlir əldə edilir. Ancaq bu sistemin özünün də son həddi var. Kapitalizm 32 il bundan əvvəl SSRİ-nin və sosializm sisteminin dağılması ilə qələbə çaldı. Kapitalizm boşluq yaranmış keçmiş SSRİ ərazisinə və Şərqi Avropa ölkələrinə yürüş etdi. Nəticədə kapitalizm həm qazanc əldə etdi, prinsiplərini doğrultdu, həm insanların düşüncəsini dəyişdi. Yəni kapitalizm yeni nəfəs qazandı. Bununla da hakim idarəetmə sistemi və ideologiya kimi özünü təsdiqlədi. Amma son dövrlər kapitalizm özünün yeni böhran zolağına qədəm qoyub. Sosializmlə rəqabət şəraitində Qərbdəki kapitalizm insan simasına malik idi. Bu ictimai-iqtisadi formasiya insanların sosial, mənəvi tələbləri ilə hesablaşırdı. İnsanların kommunizmə, solçu ideologiyaya meyl etməməsi üçün kapitalizm onların tələblərini nəzərə alırdı. Ancaq SSRİ çökdükdən sonra kapitalizm də öz davranışına sərt korrektələr etdi. İnsanların sosial tələblərinə məhəl qoyulmadı, onlara kömək göstərmədi. Ona görə də Qərb ölkələrində baş verən hadisələrdə bunun nəticələrini müşahidə edirik. Doğrudur, ABŞ-da irqi ayrı-seçkilik həmişə olub. 1960-cı illərdə Martin Lüter Kinqin fəaliyyəti sayəsində ABŞ diz çökdü və irqi bərabərliyi qəbul etdi. Bu rəsmi səviyyədə qəbul olunsa da, problem yerlərdə qalmaqdadır. ABŞ-ın bəzi ştatlarında insanlar dərisinin rənginə görə müxtəlif statusa malikdir. Arizona, Vaşinqton ştatlarında qaradərililər demək olar ki, yoxdur. Onlar ,əsasən, cənub ştatlarında, Virciniyada, Koloradoda, Arkanzasda daha çox yaşayırlar. Ancaq ABŞ-ın çox sərt qanunları var və harada yaşamasından asılı olmayaraq, öz dağıdıcı təsirini göstərir. Ona görə də insanlarda qəzəb yaşanır. Onlar yalnız etirazlarını bildirmədilər, həm də kübar adamların, sahibkarların dükanlarını, ticarət mərkəzlərini dağıtmağa başladılar. Çünki uzun illər ərzində qeyri-bərabərlik, diskriminasiya onlarda bu nifrəti formalaşdırıb. Polisin qaradərili Floydu öldürməsi də bu partlayış üçün əsas yaratdı”.
Tofiq Abbasovun fikrincə, baş verənlər zahirən 1980-ci illərin sonları, 1990-cı illərin əvvələrində keçmiş sosialist ölkələrindəki hadisələrə bənzəsə də, mahiyyətcə fərqlidir.
“Kommunizim ideologiyası başdan ayağa yalan və iftiralar üzərində qurulmuşdu. Millətlərin qardaşlığı, proletar beynəlmiləlçilik və sairə kimi ideoloji təbliğata insanlar inanıb. Amma zaman-zaman kapitalizmin inkişafı nəticəsində sosializm kölgədə qaldı. Ona görə də sosializmdə yaşayan insanlar kapitalizm cəmiyyətinin daha yaxşı yaşadığını gördülər. Yəni iqtisadi rəqabətdə kapitalizm qalib gəldi və sosializm çökdü. Amma indi bütün dünya kapitalizm üzərində qurulub və hər yerdə biz bu narazılıqları görürük. İdarə edən zümrə, bank dairələri, transmilli şirkətlər öz hakimiyyətini qurub və aşağı təbəqəni dinləmir, görmək istəmir. Bu baxımdan, cəmiyyətdə sosial partlayış baş verirsə, deməli, nə isə düzgün qurulmayıb. Etiraz aksiyalarında dinc aksiyaları deyil, daha çox iğtişaşları, toqquşmaları göstərirlər. Deməli, bu prosesin şişirdilməsindən, inqilabi vəziyyətin yaradılmasından kimlərsə yararlanır. Məsələn, ABŞ-da baş verən hadisələrdə Corc Sorosun əlinin olduğu barədə məlumatlar yayılıb. Deməli, Corc Soros üçün bu prosesin hansı ölkədə baş verməsinin fərqi yoxdur. O, öz siyasi texnologiyasını tətbiq etmək imkanından istifadə edir”.
Müşfiq Abdulla
Cebhe.info