Biz harada yaşayırıq: dovşanlar ölkəsində, yoxsa hüquqi dövlətdə?

9-06-2020, 23:29   



Biz harada yaşayırıq: dovşanlar ölkəsində, yoxsa hüquqi dövlətdə?

Biz zooparkda deyil, dövlətdə yaşayırıq...

 

COVID cəbhəsində heç bir məğlubiyyət, 8000 yox, 80000 adamın virusa yoluxması da xalqda hökumətdən bu qədər narazılıq yarada, milləti bu dərəcədə sarsıntıya sala bilməzdi. Bazar günü polis bizim hansı ölkədə yaşadığımızı və insan deyil, dovşan sürüsü olduğumuzu göstərmək üçün Yasamalda nümayişkəranə cəza aksiyası keçirdi.

 

Dövləti, qanunu təmsil edən şəxslərə, hətta onların sərt və kobud davranışı qarşılığında belə, təhqiramiz etiraz formasında cavab vermək yolverilməzdir. Və bunun cəzasız qalacağını düşünmək sadəlövhlükdür. Mən şənbə günü sakinlərin pəncərədən polisə zibil atması səhnəsini seyr edəndə şübhəm yox idi ki, Daxili İşlər Nazirliyi bu həyətə yenə qayıdacaq. Amma gələcəkdə polisə əl qaldırmaq istəyənlərə görk olsun deyə xüsusi “əməliyyat” hazırlanacağını, onun necə qəddar şəkildə, ciddi qanun pozuntuları, insan ləyaqətinin və hüquqlarının alçaldılması formasında həyata keçiriləcəyini ağlıma gətirməmişdim.

 

Sübh tezdən polis maşınları “antiterror əməliyyati”na gəliblərmiş kimi, yolları kəsmişdi, hücuma hazır dəstələr həyətdə sıraya düzülmüşdü. Qanun keşikçiləri, yəqin ki, məhkəmədən müvafiq icazə olmadan, evlərə soxulur, yatanları yuxudan oyadır, yeniyetmələri tuman-köynəkdə küçəyə sürükləyirdilər. Meydan TV-nin əlinə düşən kadrlarda bir qadının üstünə “Dovşansız, dovşan, sənin ərin də dovşandır” deyə qışqıran polis məmurunun səsi isə dünəndən bəri qulağımdan getmir.

 

Müstəqilliyimizin otuzuncu ilində bir şeyi, nəhayət, başa düşmək lazımdır ki, biz zooparkda deyil, dövlətdə yaşayırıq, onu da cəngəllik qaydaları ilə yox, insan qanunları ilə idarə etməliyik. Əgər məhkəmələrə etimadım olsaydı, bunca üzüntü keçirmədən işin sonunu gözləyərdim. Amma bizim vəziyyətimizdə çox zaman son əvvəldən bəllidir. Ona görə, ürək yanğısı və həyacan dolu sualımı qanunlarımızın, Konstitusiyamızın ali keşikçilərinə ünvanlayıram: “Deyin, biz harada yaşayırıq: dovşanlar ölkəsində, yoxsa hüquqi dövlətdə?”

 

Mən bu sualı verməsəm də, dünən Yasamalda baş vermiş hadisələrin görüntülərini izləyənlər, o cümlədən xaricdən onu bizə dönə-dönə, bəziləri böyük həvəslə verəcəklər. Və polis üçün bazar günü özü-özünə yaxdığı “çamurdan” təmizlənmək, şənbə günü vətəndaşların pəncərədən atdığı zibilin ləkələrini silməkdən çətin olacaq. Təəssüf ki, həmin çamurun zərrələri bütün ölkənin, onu təmsil edən şəxslərin də üstünə sıçrayıb.

 

İnsanlar bütün həyatları boyu görmədikləri və miqyasını təsəvvür edə bilmədikləri bir bəla ilə üzləşiblər. Adamları daha da qorxutmaq, yeni cəza üsulları ilə bir az da əzmək yox, hələ sonu görünməyən yeni şəraitə uyğunlaşmaqda onlara kömək etmək lazımdır. Koronavirusu Azərbaycan xalqı icad edib bu dövlətin boğazına keçirməyib ki, 70 ilin həsrətindən sonra özünü müdafiə etmək üçün yaratdığı dövlətin təmsilçilərindən də belə münasibətə layiq olsun!


Müəllif: Arif Əliyev     
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.