Trampın Rusiyanı gücləndirəcək daha bir şok qərarı

11-06-2020, 12:32   


ABŞ prezidenti Donald Tramp II Dünya müharibəsindən bəri Avropada SSRİ-nin, onun dağılmasındn sonra isə Rusiyanın qarşısında əsas çəkindirici amillərdən birini aradan qaldırır və Almaniyadakı Amerika qoşunlarını kəskin ixtisar edir.

Virtualaz.org xəbər verir ki, neçə gündür Qərb mənbələrində dolaşan xəbərlər rəsmən təsdiqlənib.

Almaniya hökuməti bəyan edib ki, Berlin ölkədə yerləşdirilmiş ABŞ qoşunlarının bir hissəsinin mümkün ixtisarına dair Vaşinqtondan rəsmi bildiriş alıb. İyunun 10-da verilmiş bu bəyanatdan əvvəl media xəbərlərində deyilirdi ki, ABŞ prezidenti Donald Tramp Almaniyadakı 34 min 500 ABŞ əsgərindən 15 mininin bu ölkədən çıxarılmasını əmr edib. Ağ Ev və NATO bu xəbərlərə şərh verməkdən imtina edirdilər.

Lakin indi kansler Angela Merkelin sözçüsü Ulrike Demmer bildirib ki, ABŞ administrasiyasının bu mülahizələri barədə Berlinə rəsmi məlumat verilib. Amma sözçü əlavə edib ki, onda olan məlumata görə bu “son qərar deyil”. Bir sıra ABŞ millət vəkilləri xəbərdarlıq edirdilər ki, sözü gedən ixtisar planı həyata keçirilərsə, Avropada ABŞ-ın milli təhlükəsizliyinə hədə yarana və Rusiyanın mövqeləri möhkəmlənə bilər.

Ötən həftə “The Wall Street Journal” qəzeti yazmışdı ki, Tramp Almaniyadan 9500 ABŞ hərbçisinin çıxarılmasını planlaşdırır. Almaniyanın “Der Spiegel” jurnalı bu rəqəmin 5 minlə 15 min arasında olduğunu yazırdı. Bu həftənin əvvəlində Almaniyanın müdafiə naziri və kanlser Merkelin Xristian-Demokrat İttifaqı partiyasının lideri Annegret Kramp-Karrenbauer demişdi ki, ABŞ, qoşunların ixtisarı ilə bağlı planlarını həyata keçirsə, bundan Almaniyadan daha çox NATO ziyan görəcək.

O bildirmişdi ki, Almaniyadakı ABŞ hərbçiləri ilk növbədə bütün NATO alyansının və deməli, həm də Birləşmiş Ştatların təhlükəsizliyini təmin edir. ABŞ-ın Avropadakı qoşunlarının ən böyük birləşməsi Almaniyada mənzillənib. Tramp Almaniyanın NATO qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirməməsindən həmişə şikayətlənib.

Bu öhdəliyə görə Berlin ölkə ÜDM-nin 2 faizini hərbiyə xərcləməlidir. ABŞ Nümayəndələr Palatası Silahlı Qüvvələr Komitəsindəki 22 respublikaçı millət vəkili iyunun 9-da yazdıqları açıq məktubda bildirirlər ki, onlar administrasiyanın Avropadakı ABŞ qoşunlarının sayını ixtisar etmək planlarından dərin narahatlıq keçirirlər.

“Belə addımlar ABŞ-ın milli təhlükəsizliyinə əhəmiyyətli ziyan vurar və həm də bizim ziyanımıza olaraq Rusiyanın mövqeyini gücləndirərdi. Avropada Rusiyanın təşkil etdiyi hədə hələ azalmayıb. Biz inanırıq ki, ABŞ-ın NATO-ya sadiqliyinin azaldığını göstərən əlamətlər Rusiyanı daha çox təcavüzə və fürsətçiliyiə təşviq edəcək”,-məktubda deyilir.

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.