Şəkidə xəstəxanaya basqın edildi — İki tibb bacısı xəsarət aldı

11-06-2020, 13:49   


Şəkidə xəstəxana basqın etməkdə ittiham olunan 1983-cü il təvəllüdlü Ramin Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ramin Mustafayev 10 sentyabr 2018-ci il tarixdə, saat 11.30-da Şəki rayon Mərkəzi Xəstəxanasının Anesteziologiya Reanimasiya və İntensiv Terapiya şöbəsində müailicə alan qardaşı Elçin Mustafazadəni görmək məqsədilə sözügedən şöbənin giriş qapısı önündə valideynləri ilə birlikdə dayanan zaman iki nəfər tanımadığı şəxs reanimasiya şöbəsinin giriş qapısına yaxınlaşıb. Onlar qapını döyərək reanimasiya şöbəsinə daxil olublar.


Bu zaman Ramin Mustafayev həmin şəxslərin arxasınca reanimasiya şöbəsinə qardaşı Elçin Mustafazadənin yanına keçmək istədiyini bildirib.


Lakin reanimasiya şöbəsində kiçik tibb bacısı işləyən Firəngiz Cəfərova bunun qadağan olunduğunu qeyd etsə də, Ramin Mustafayev buna əhəmiyyət verməyib. O, xuliqanlıq, yəni qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Firəngiz Cəfərovaya qarşı qəsdən fiziki zor tətbiq edib.


Ramin Mustafayev iki dəfə yumruq zərbəsi ilə Firəngiz Cəfərovanın kürək nahiyyəsindən və bir dəfə yumruq zərbəsi ilə qarın nahiyyəsindən vurub. O, həmçinin Firəngiz Mustafayevanın sinəsindən itələyərək, ona qarnının küt travması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa zərərvurmayan bədən xəsarətləri yetirib.


Eyni zamanda Ramin Mustafayevi intizama dəvət etmək istəyən vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən tibb bacısı Yeganə Rəsulova reanimasiya şöbəsinin giriş qapısı önündə səs-küyü eşidərək oraya yaxınlaşıb. O, Ramin Mustafayevi sakitləşdirmək istəməsinə və reanimasiya şöbəsinə kənar şəxslərin girişinin qadağan olunduğunu izah edərək hərəkətlərinə son qoymasını xahiş edib.


Buna baxmayaraq Ramin Mustafayev öz qərəzli hərəkətlərini davam etdirib. O, fiziki zor tətbiq edib və Yeganə Rəsulovaya müqavimət göstərməklə qəsdən yumruq zərbəsi ilə bir dəfə onun alın nahiyyəsindən vurub.


İstintaq orqanı tərəfindən Ramin Mustafayevin barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Firəngiz Cəfərova bildirib ki, sentyabrın 10-da, saat 11.30-da Şəki rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində işdə olduğu zaman reanimasiya şöbəsinin giriş qapısı döyülüb: 


“Qapıya yaxınlaşaraq döyən şəxsin kimliyini soruşdum. Şəki rayon Mərkəzi Xəstəxanasının bufetində işləyən Elbrus adlı şəxs özünü təqdim edərək qapını açmasını dedi. Elbrus xəstəxananın işçisi olduğu üçün qapını açdım. Elbrus içəri daxil olan zaman reanimasiya şöbəsində xəstə yatan Elçin Mustafazadənin valideyinləri və qardaşı Ramin Mustafayev də şöbəyə daxil oldular.Həmin şəxslərə reanimasiya şöbəsində xəstələr olduğunu və şöbəyə daxil olmağın qadağan olunduğunu dedim”.


Tibb bacısının sözlərinə görə, bu zaman xəstə Elçin Mustafazadənin atası və anası onunla mübahisə edib, üstünə qışqıraraq, onlar da içəri keçəcəklərini bildirib, səs-küy salıblar: 


“Elçin Mustafazadənin atası məni itələyərək yerə yıxdı, kürəyimə və qarın nahiyyəmə yumruqla zərbələr vurdu, sonra qaçaraq çarpayıda xəstə yatan oğlu Elçin Mustafayevin üstünü qucaqladı. Həmin vaxtı, bufetdə işləyən Elbrus adlı şəxsi içəri buraxdıqdan sonra Əlisəfa adlı şəxsin də içəri keçməsini görməmişəm. Hadisə vaxtı Ramin Mustafayev məni vurmayıb, məni yalnız Elçin Mustafazadənin atası vurub. Valideynlərinin ardınca Ramin Mustafayev də reanimasiya şöbəsinə daxil olub, vəziyyəti görən tibb bacısı Yeganə Rəsulova Ramin Mustafayevin qarşısına keçərək kənar şəxslərin reanimasiya şöbəsinə daxil olmasının qadağan olduğunu bildirib. Bu zaman Ramin Mustafayev Yeganə Rəsulovanın alın nahiyyəsindən vurub. Ramin Mustafayev Yeganə Rəsulovanı vurduğu üçün o bütün ailənin məsuliyyətə cəlb olunmamasına görə valideynlərinin mənə qarşı olan hərəkətlərini deməyib, məni də vurduğunu bildirib. Məni Ramin Mustafayevin atası Ələsgər Mustafayev vurub”.


Şəki rayon Məhkəməsinin hökmü ilə Ramin Mustafayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi həmin məcəllənin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmək) maddəsinə tövsif olunub. Ona 1 il müddətinə islah işləri cəzası təyin olunub.


Hökmdən narazı qalan zərərçəkmiş Yeganə Rəsulova apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.


Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmişin şikayəti təmin olunmayıb.


Bu qərardan zərərçəkmiş kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.


Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb. Qərara görə, zərərçəkmişin kasasiya şikayəti təmin olunmayıb.


Fariz Məlikli
Demokrat.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.