“Kinomuzdakı durğunluğun səbəbi Mədəniyyət Nazirliyinin kadr siyasətidir”
14-06-2020, 20:23
Kinematoqrafçılar İttifaqı bəyanat yaydı Kinematoqrafçılar İttifaqının İdarə Heyəti Azərbaycan kinosunun son illərini bütövlükdə durğunluq illəri kimi qiymətləndirib. Bu barədə İdarə Heyətinin 12 iyun tarixi iclasında qəbul edilən bəyanatında qeyd edilir. Bəyanatda deyilir ki, son onillikdə Azərbaycan kinematoqrafında müəyyən uğurlarını, nüfuzlu Beynəlxalq Festivallarda “Kuklalar”, “Nabat”, “Axınla aşağı”, “Qırmızı bağ”, “Nar bağı”, “Axşama doğru” filmlərinin iştirakını qeyd etməklə yanaşı, bu dövr bütövlükdə kinomuz üçün durğunluq illəri olduğu etiraf edilməlidir. Kinematoqrafçılar İttifaqı yaranmış vəziyyətin əsas səbəbini Mədəniyyət Nazirliyinin kadr siyasəti ilə əlaqələndirir: “Dövlətin kino siyasətini həyata keçirən məsul şəxslər özlərini işdə, yumşaq desək, qeyri-peşəkar göstəriblər. Bunun nəticəsində Prezidentin “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair” Dövlət Proqramının əsasında islahatlar aparmaq mümkün olmadı. Dövlət studiyalarının texniki təchizatı formalaşmadı, özəl kino şirkətlərinin inkişafına diqqət ayrılmadı, birgə istehsal dəstəklənmədi, Eurimages Fonduna üzvlük həyata keçirilmədi, beynəlxalq nüfuzu olan, Azərbaycan və xarici kinematoqrafçıların yaradıcı əlaqələrinin yaranmasında misilsiz rolu olan Beynəlxalq “Şərq-Qərb”, Beynəlxalq Audiovizual Festivalı fəaliyyətini dayandırdı. Bununla yanaşı, 50 ildən artıqdır ki, fəaliyyəti olan Azərbaycan Kinematoqrafçılar İttifaqının dağılması istiqamətində addımlar atıldı, ölkə kinematoqrafçılarının birliyi sarsıdıldı. Eyni zamanda, kinomuzun inkişafında, nailiyyətlərinin təbliğində, mühüm rolu olan kino mətbuatının formalaşmasına lazımi əhəmiyyət verilmədi”. Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti milli kinonun müasir tələblərə cavab verməsini təmin etmək məqsədi ilə təcili tədbirlərin görülməsini vacib sayır: “İllərlə təxirə salınan və keçən ildən müzakirəsi başlanmış, lakin indiyənədək qəbul edilməyən Kinonun İnkişafı Konsepsiyasının əsas tərkib hissəsi olacaq beynəlxalq kino idarəçiliyi sahəsində qabaqcıl praktikaya əsaslanan, dövlət prodüseri rolunu oynayan Kino Mərkəzi yaradılmalıdır. Kino Mərkəzi dövlətin kino siyasətini həyata keçirməli, kino peşəkarlarının yaradıcı axtarışlarını dəstəkləməli və xalqımızın həyatının ekranda realist, dolğun təsvirini vacib saymalıdır. Azərbaycan kinosunun xaricdə təmsil edilməsi və yayımı üçün Kino Mərkəzinin yanında xüsusi struktur yaradılmalıdır. Əvvəlki illərin neqativ praktikasını nəzərə alaraq, Kino Mərkəzinin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən qurum yaradılmalıdır. Bu məqsədlə Mərkəzin yanında tərkibi Kinematoqrafçılar İttifaqı, Kinorejissorlar Gildiyası, başqa kino ictimai təşkilatları və müstəqil peşəkarlardan formalaşmış İctimai Şura yaradılmalıdır”. İdarə Heyəti bundan əlavə kino təhsilinin inkişafına xüsusi diqqət ayrılmasını, dünyanın qabaqcıl kino təhsili mərkəzlərinə tələbələr göndərilməsini vurğulayıb: “Hal-hazırda fəaliyyət göstərən Kino Məktəbinin işi dəstəklənməli, əsas heyəti Şukin adına Teatr Məktəbinin azərbaycanlı yetirmələrindən və yeni nəsil Azərbaycan aktyorlarından ibarət olan Kino Aktyoru Teatrı yaradılmalıdır. Pandemiya dövründə zərər görən kinoteatral şəbəkələrə dəstək göstərilməlidir, milli filmlərimizin ölkə kinoteatrlarında nümayişinə xüsusi diqqət ayrılmalıdır. Peşəkar film festivallarının kinonun inkişafı üçün mühüm şərt olduğunu qeyd edərək, Beynəlxalq “Şərq-Qərb”, Beynəlxalq Audiovizual və bu tipli başqa təşəbbüslər dəstəklənməlidir. Mədəniyyət Nazirliyi kino mətbuat orqanlarının bərpası və fəaliyyətini dəstəkləməlidir”. Kinematoqrafçılar İttifaqı ümid edir ki, bəyanat kino ictimaiyyəti, yaradıcı təşkilatlar və aidiyyəti olan rəsmi strukturlar tərəfindən diqqətlə qarşılanacaq.