TƏBİB-in mətbuat katibi pandemiya ilə bağlı çağırış edib

15-06-2020, 13:01   

 


“Sizin kimi eqoistlərə görə bizim gecə-gündüzümüz yoxdur”
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva COVID-19 infeksiyasına inanmayaraq məsuliyyətsizlik edənlərə, bununla da virusun yayılmasına səbəb olanlara çağırış edib. R.Əliyeva bildirib ki, artıq baş verənlərə dözmür: “Bəsdirin məsuliyyətsizlik etdiniz. Kanallardan birindən zəng ediblər, deyirlər ki, müxbirimiz 4-5 gündür işə yüksək qızdırma ilə gəlir. Deyirəm, niyə 103-ə məlumat vermir? Niyə gəzir ortalarda? Deyilir ki, karantində işləmək üçün ancaq onun adı verilib axı. Bu, nə eqoistlikdir?”
Əliyeva yazıb ki, o gün daha birində nəticə pozitiv çıxıb, güclə yoldaşı və oğlundan test götürülüb:
“Demişik, nəticəni gözləyin. 5-ci gün zəng vurmuşam ki, oğlunun nəticəsi pozitivdir, deyir ki, heç nəyi yoxdur onun, yığışıb uşaqlarla rayona çıxdılar. Niyə xəstəliyi camaatın uşağına keçirməlidir? Bəlkə aralarında hansısa yanaşı xəstəliyi olan var? Bəlkə qaldıra bilməyəcək və kiminsə ölümünə səbəb olacaqsız? Elə bir-birinə qoşulub gedənlərdə də günah var. Nə bilirsiniz ki, sabah mənimlə yoldaş olub uzaq yola bir maşında çıxsanız, mən daşıyıcı deyiləm, mən xəstə deyiləm? Niyə hər kəs məsuliyyətini dərk etmir?”
R.Əliyeva qeyd edib ki, daha bir tv kanaldan zəng ediblər. Bildiriblər ki, bacısı tibb bacısıdır, 3 gündür qızdırmalıdır, rentgen edib pnevmoniyası var:
“Özünə sistem qoşur, müalicə edir evdə, amma ağırlaşıb. Xahiş edir ki, kömək edək. Dəfələrlə deyilib ki, evdə müalicəyə qalxmayın! Ağırlaşıb gəlirsiniz, sonu pis nəticələnir, yenə də günahkar həkimlər olur”.
“Əvvəldən də demişdik ki, qaydalara riayət edin, məsuliyyətli olun. Heç bir qabaqcıl ölkələrin səhiyyəsi belə bu pandemiyaya tab gətirmir. İtaliya, İspaniya kimi ölkələr ilk gündən infeksiyanı başlı-başına buraxdı. Rusiyada ilk günlər idi hələ, xəstəxanadan oksigen balonunu əlinə verib evə yola salınanlar olmuşdu. Bizdə isə hətta simptomsuzlar dövlət tərəfindən nəzarətə götürülüb izolyasiya edilirdi. Bəli, kimlərsə deyəcək ki, bu qədər postlar var sosial şəbəkələrdə, gecikirsiniz aparmağa. Bu vəziyyətin gəlməməsi üçün özümüzü öldürürdük. Buna baxmayaraq, yenə də hər hansı bir halı görən kimi dərhal reaksiya veririk”,-mətbuat katibi yazıb.
O bildirib ki, sosial şəbəkədə dostluğunda "İnanmıram" deyənlər, ələ salanlar çoxdur:
“Lap yaxınlarımdan da bunu yazanlar var.. Bizim gecəmiz-gündüzümüz, istirahətimiz yoxdur sizin kimi məsuliyyəti olmayan eqoistlərə görə. Bu müddətdə o qədər "inanmıram" deyib, sonra hansısa yaxını üçün yalvaranlar oldu ki... Testin nəticəsi hələ bəlli olmadan "xahiş edirəm, yerləşdirin xəstəxanaya" deyənlər... Mütləq özümüzə çatanda inanmalıyıq?! Mən istəmirəm sizin kimi məsuliyyətini dərk etməyən vətəndaşlara görə mənim əzizlərimə gəlib çatsın bu virus. Yuxarıda sadaladığım halların hər birinin əsasında heç nə vecinə olmayan, xəstəliyi yayan insanın məsuliyyətsizliyi durur. Kimlərsə sahibi olduğu restoranının, kafesinin durumunu qurtarmaq üçün insanları inanmamağa səsləyən postlar paylaşırsa, bu eqoistlikdir. Yazıb ələ saldığınız, insanları yalanlarınıza inandırmaq istədiyiniz məsələlərin hər birinə cavabım var, amma sizinlə burada söz güləşdirməkdənsə, 1 dəqiqə belə vaxt itirmədən ölümlə savaşan insanlara kömək etməyi üstün tuturam. Bircə şey deyim, nəyəsə həqiqətən inanmırsınızsa, inancınızı özünüzdə saxlayın, bilib-bilmədən hər şeydən mütəxəssis kimi danışmayın, heç də yaxşı görünmürsünüz”.
Ötən ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınan infeksiyaya yoluxanların sayı 8 milyonu ötüb. Pandemiya ərzində koronavirusdan 435 min 849 pasiyent ölüb. Azərbaycanda infeksiyaya ilk yoluxma fevralın 28-də qeydə alınıb. Ötən gün daha 387 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 9957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib, 4255 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6087, ötən müddət ərzində isə ümumilikdə 381846 test aparılıb
Müəlliflər: Meydan TV
Tarix:  15 İyun 2020.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.