“RUS RAKETLƏRİ AVROPADAKI İSTƏNİLƏN HƏDƏFİ VURA BİLƏR” - "Biz bioloji silah tətbiqinin mümkünlüyünü nəzərə almalıyıq"

16-06-2020, 10:13   



“Almaniya Bundestaqına qarşı kiberhücumun arxasında Rusiyanın dayandığı təsdiq edilib”

NATO-nun baş katibi Yens Stoltenberqin Almaniyanın “Die Welt” qəzetinə müsahibəsi:

- Cənab Stoltenberq, təsdiq edilməmiş məlumatlara görə, Vaşinqton 9,5 min əsgərini Almaniyadan çıxarmaq istəyir. İndi orada 34,5 min ABŞ əsgəri var. Almaniya hökuməti hələlik bununla bağlı rəsmən məlumatlandırılmayıb. Siz bu barədə nəsə bilirsinizmi?

- Bu yaxınlarda mənim Prezident Trampla telefon söhbətim olub. Mən NATO üzvləri olan ölkələrin dövlət və hökumət rəhbərləri ilə bu cür telefon danışıqlarını daim aparıram. İndiki halda söhbət NATO-nun Yaxın Şərqdəki rolu və İŞİD-in dirçəlməsinin qarşısının alınması üçün İraq silahlı qüvvələrinin gücləndirilməsi imkanlarından gedib. Daha bir mövzu Əfaqnıstanla bağlı olub. Həmişəki kimi biz, Amerikanın Avropadakı hərbi iştirakından da danışmışıq.

Mən KİV-lərdə gedən xəbərləri şərh etməyəcəm. Lakin ümumiyyətlə, keçən onilliklər ərzində amerikalıların Avropadakı hərbi iştirakı aktual və vəziyyətə uyğun olub. “Soyuq müharibə” qurtardıqdan sonra bu iştirak azalıb, amma son illər ABŞ yenidən Avropadakı hərbi mövcudluğunu gücləndirir.

Məsələn, ABŞ NATO-nun Polşadakı hərbi birləşmələrinə rəhbərliyi öz üzərinə götürüb, digər yandan isə onlar alyansın rotasiya əsasında Pribaltikada məskunlaşmasını təmin edir. Eyni zamanda, İspaniyada raket əleyhinə müdafiə sistemlərini təchiz edirlər. Bundan başqa, onlar Avropada böyük təlimlər keçirərək, Avropa təhlükəsizliyinə həlledici töhvə verirlər.

- Asiyanın Hindistan, İndoneziya və Filippin kimi böyük iqtisadiyyata malik dövlətləri koronavirus üzündən hətta müdafiə xərclərini azaldırlar. NATO dövlətlərində də bu mövzu müzakirə edilirmi?

- Mən alyansın üzv ölkələrindəki iqtisadiyyatın aşağı düşməsini görürəm və bilirəm ki, bu düşüşü kompensasiya etmək üçün bir çox sahələrdə xərcləri azaltmaq lazımdır. Lakin problem ondadır ki, təhlükəsizliklə bağlı məsələlərdəki təhdidlər azalmayıb, əksinə, çoxalıb.

- Siz nəyi nəzərdə tutursunuz?

- Rusiya silahlanmaqda davam edir, Çinin güclənməsinə görə qlobal güc balansı dəyişir, İŞİD terror təşkilatı Suriya və İrqadakı torpaqları yenidən geri almağa çalışır. Ona görə də təhükəsizliyə lazımı səviyyədə vəsait ayrılmalıdır.

- Ümumi razılığa əsasən alyansın bütün üzvləri 2024-cü ilədək öz büdcələrinin 2%-ni hərbə yatıracaqlar, bu hələ də aktualdırmı?

- Bu qərar 2014-cü ildə bütün NATO dövlət rəhbərləri tərəfindən yekdilliklə qəbul olunub və 2019-cu ilin dekabrında alyansın sammitində bir daha təsdiqlənib. Nəyə görə? Biz daha az təhlükəsiz olan dünyada yaşayırıq.

- Bəli, amma iqtisadi şərtlər dramatik şəkildə dəyişdi.

-Əlbəttə, ”Covid-19” pandemiyası böyük problemlər yaradıb. Hələ pandemiyadan əvvəl də hökumətlər səhiyyə, təhsil və müdafiə sahələrindəki prioritet məsələlərin həll edilməsinə xeyli səy göstəriblər. Bütün bu mövzular siyasətçilər üçün çox mühüm və həm də mürəkkəbdir. Amma hər halda NATO üzvlərii büdcənin iki faizinin hərbi xərclərə yönləndirilməsinin vacibliyini bildiriblər. Çünki sülh və sabitlik bizim əsas rifahımızdır.

Təhlükəsizlik təmin olunmadan sabit iqtisadiyyat mümkün deyil. Bundan başqa, böhran zamanı hərbi personalın köməyi çox vacibdir. Koronavirus böhranı da bunu göstərir. Bu həftəərzində hərbçilər pasientlərin və tibbi avadanlıqların daşınmasına kömək ediblər, əsgərlər mobil hospitalların quraşdırılmasında yaxından iştirak ediblər.



-İki həftə öncə Avropa Şurası koronavirusdan sonrakı dövrdə bioloji silahdan istifadə ehtimalının daha böyük olacağı təhlükəsinə işarə edib. NATO buna necə hazırlaşır? Virusun gəlcəkdə müharibə elementi olması mümkündürmü?

-Əvvəlcə dəqiqləşdirmə aparaq: koronavirusun insan tərəfindən yaradılmasının sübutu yoxdur. Lakin “Covid-19” biloji silah tətbiqinin potensial təhlükəsini nümayiş etdirir.Bununla əlaqədar xüsusi xidmət orqanları arasında informasiya mübadiləsinin optimallaşdırılması böyük önəm daşıyır. Biz biloji sialah tətbiqinin mümkünlüyünü nəzərə almalıyıq. Bu isə bioloji silah hazırlığına və onunla mübarizəyə investisiya yatırmağın nə qədər vacib olduğunu sübut edir.

-Bu cür silahları kimlər istifadə edilə bilər?

- Təhlükə həm dövlətlərdən və həm də terrorçulardan gələ bilər.

- Moskva və Pekin koronavirus böhranından hərbi sahədə fürsət kimi istifadə etmək istəyirlər, bu barədə NATO-nun məlumatı varmı?

- Bizim ölkələr arasında fikir ayrılığı yaratmaq məqsədilə dezinformasiya yaymaq cəhdləri olub. Rusiyadan məlumat gəlirdi ki, Pribaltikadakı NATO qoşunları kütləvi şəkildə koronavirusa yoluxublar. Bu, tam yalandır. Mənim adımdan yazılmış məktub peyda olub. Orada iddia edilir ki, Almaniya daxil olmaqla müttəfiqlər Litvada rotasiya əsasında məskunlaşmış hərbi birləşmələri çıxarır.

- İsveçin siyasi təhlükəsizlik üzrə dövlət institutunun araşdırmasına əsasən, Rusiya öz döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirib. Bu belədirmi?

- Biz öz müttəfiqlərimizin hansınınsa birbaşa təhlükə qarşısında olduğunu görmürük. Həmçinin də Almaniyanın. Lakin biz görürük ki, Rusiya öz silahlı qüvvələrini səylə modernləşdirir. Bu silahlar “9M729” kimi nüvə başlıqları olan orta mənzilli qanadlı raketlərdir və Avropadakı istənilən hədəfi vura bilər. Həmin raketləri vaxtında aşkarlamaq çətindir, çünki onların uçuş məsafəsi qısadır. Raketlər Avropa paytaxtlarına çata bilər. Sözügüdən raketlər orta mənzilli raketlər haqqındakı müqaviləni pozur. Biz prosesin bu cür inkişafına təəssüf edirik.



- “9M729” qanadlı raketindən başqa Rusiyanın ixtiyarında daha hansı silahlar var?

- Bunlar uzun mənzilli raketlər, Pilotsuz Uçuş Aparatları, güclü kiber silahlar və həmçinin də yeni hərbi doktrinadır. Fakt odur ki, Moskvanın müharibəni adi formada və ya nüvə silahıyla aparması arasında aydın sərhədi yoxdur. Biz Rusiyanın Ukrayna və Gürcüstana qarşı hərbi güc tətbiq etməsini gördük. Həmçinin, Rusiyanın necə ciddi kiber hücumlar həyata keçirdiyinin də şahidiyik. Bu yaxınlarda Almaniya Bundestaqına qarşı kiberhücumun arxasında Rusiyanın dayandığı təsdiq edilib. Rusiya Arktikada aktivlik göstərir, Aralıq dənizində səylərini artırır, onun ordusu NATO-nın xarici sərhədlərinə dayanıb. Ona görə də gələcəkdə müdafiə sahəsinə xeyli pul xərcləməli olacağıq.

-Ankaranın etirazına baxmayaraq, Avropa Birliyinin Liviyaya silah tədarükünə embarqo qoyulmasını nəzərdə tutan “İrini” dəniz missiyası həyata keçirilir. Sizcə, NATO bu məsələdə Avropa Birliyinə yardımçı olacaqmı?

- NATO və Avropa Birliyinin bir məqsədi var - Liviyadakı böhranın siyasi yolla həll edilməsində BMT-ni dəstəkləmək. Alyans Avropa Birliyinin Aralıq dənizinin neytral sularında qaçaqmalıçılığa qarşı yönəlmiş “Sofiya”əməliyyatını dəstəkləyib. Hazırda biz Avropa Birliyinin “İrini” dəniz missiyasına necə kömək edə biləcəyimizi araşdırırıq.

-Bu barədə geniş danışa bilərsinizmi? Açıq dənizlər məsələsində əməkdaşlıq necə ola bilər?

-Düşünürəm ki, bununla bağlı ehtimallar qurmaq hələ tezdir.

Tərcümə: “AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.