Bakıda qızdırmanın qarşısını almaq üçün istifadə edilən dərmanların satışında qıtlıq müşahidə olunur. Koronavirusun müalicəsində effektli olduğu deyilən əsas dərman isə apteklərdə ümumiyyətlə tapılmır.
Musavat.com-un əməkdaşı paytaxt Bakıda fəaliyyət göstərən bir sıra aptekə baş çəkərək yaranmış vəziyyəti araşdırıb.
Məlum olub ki, əksər apteklərdə çoxlarının koronavirusun çarəsi kimi qəbul etdiyi “Arbidol” dərmanı ümumiyyətlə, yoxdur. Bəzi apteklərdə isə “Parasetamol” satılmır.
İlk baş çəkdiyimiz “Vita” aptekdə nə “Parasetamol, nə də “Arbidol” tapa bildik. Aptekdən bildirildi ki, depoda dərman olmadığı üçün gətirilmir.
“Zeytun 465” aptekində isə “Parasetamol” var, amma “Arbidol” bir müddətdir ki, satılmır.
“Neftçilər” metrostansiyasının keçidindəki “Zeytun”aptekdə də eyni vəziyyətdir. “Parasetamol” var, amma “Arbidol” tapa bilmədik. Aptek işçisi dedi ki, “Arbidol”a koronavirus pandemiyası ərəfəsində tələbat artıb və son bir həftədir ki, bu dərmanlar satışda yoxdur.
“Şəfa” aptekdə də “Parasetamol” tapa bildik, amma “Arbidol” yox idi. Aptek əməkdaşı əvəzedici kimi başqa dərmanlar təklif edir və daha sonra qızdırmanın yüksək olub-olmamasını soruşurdu. Ardınca əlavə edir ki, əgər qızdırma yüksəkdirsə, yalnız “Parasetamol” və “Arbidol” kömək edə bilər.
Onu da qeyd edək ki, baş çəkdiyimiz müxtəlif apteklərdə “Parasetamol”un qiymətinin 15-20 qəpik arasında dəyişdiyini də müşahidə etdik.
Həkimlər bildirirlər ki, koronavirus simptomlarını hiss edən şəxslər əsasən “Parasetamol”dan istifadə edirlər. Həm də cüt-cüt... “Arbidol” da virusa qarşı mübarizdə effektli olsa da artıq Bakıda əlçatmazdır.
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Musavat.com-a açıqlamasında apteklərdə bəzi dərmanların satışında qıtlıq yaşandığını deyib.
Həkim bildirib ki, qızdırmanın salınması üçün istifadə edilən dərman vasitələri artıq xəstəxanalarda da azalıb: “Koronavirusla mübarizə aparılan xəstəxanalarda da bu dərmanların qıtlığı yaşanır”.
Ədalət Rüstəmovun sözlərinə görə, dərman qıtlığının yaranmasının iki səbəbi var: “Birincisi, “dərman mafiyası” tələbatı görərək bilərəkdən qıtlıq yarada bilər. İkinci bir səbəb isə ölkəyə beynəlxalq uçuşların həyata keçirilməməsi, xaricdən gətirilən malların azalmasıdır. Sadaladığımız dərman vasitələri əsasən Rusiya, Türkiyə və İrandan gətirilir”.
Həkim bildirib ki, koronavirusu yalnız yüngül keçirən şəxslər evdə müalicə ala, bu dərmanlardan istifadə edə bilərlər: “Antibiotiklər və ağrıkəsicilər daha çox istifadə edilir”.
Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) mətbuat katibliyi ilə əlaqə saxlamağa çalışdıq. Dəfələrlə zəng etsək də, mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva zənglərimizə cavab vermədi.
İlkin Muradov
Musavat.com