Xəbər verildiyi kimi, Azərbaycan-Rusiya sərhədində, Dağıstanda müvəqqəti yerləşmə düşərgəsində azərbaycanlılarla polis arasında qarşıdurma olub.
İlkin məlumata görə, azərbaycanlılar sərhəddən buraxılmalarını tələb edib, ancaq polis buna imkan verməyib. Rusiya polisi düşərgədəki azərbaycanlılara qarşı zorakılıq nümayiş etdirib. Sosial şəbəkələrdə paylaşılan fotolardan da azərbaycanlıların kütləvi şəkildə qolubağlı yerə uzadıldığı görünür.
Hadisə barədə Dərbənd rayon icra hakimi səlahiyyətlərini yerinə yetirən Fuad Şıxıyev də danışıb. O bildirib ki, Azərbaycan vətəndaşları sərhədi keçmək istədiklərini bildirib və 120 nəfərlik siyahıya etiraz ediblər: "Bundan sonra onlar 4 polis əməkdaşına hücum edib və maşınlara zərər vurublar. Əlavə qüvvə cəlb olunub".
Ancaq azərbaycanlılara qarşı polisin təhqiredici münasibəti ölkəmizdə haqlı narazılığa və qəzəbə səbəb olub.
Cebhe.info xəbər verir ki, deputat Razi Nurullayev xalqın bu şəkildə alçaldılmasına etiraz edib:
“Xalqımın bu şəkildə alçaldılması məni yerdən-yerə vurdu, nəfəsimi kəsdi, inamımı yerlə-yeksan etdi. Rusiya OMON-nun bizim vətəndaşları bu şəkildə alçaltması söz deməyə yer qoymur. Sözü Xarici İşlər naziri Elmar Məmmədyarov deməlidir və bu açıqlamanı gözləyirik. Çıxın TV-lərə və izahat verin. Sizi günahlandırmaq istəmirik, amma deyin ki, buna səbəb nə olub və sizin etirazınızın mətni və atdığınız addımların faktları haradadır?
Biz uca millətik, müstəqil Azərbaycanın vətəndaşlarıyıq və ölkəmizin vətəndaşlarına qarşı bu şəkildə davranış ölkəmizi təhqir etməkdir. Bu məsələyə münasibət bildirmək və pisləmək üçün icazə gözləmək lazım deyil, cənab nazir! Bunu sizin yerinizə heç kim etməli deyil!”
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da sərhəddəki azərbaycanlılara qarşı polis zorakılığı və təhqiredici münasibətə qarşı çıxıb:
“Ümumiyyətlə, Rusiya qanunlara əməl etməyən, cəngəllik qanunları ilə hərəkət edən bir dövlətdir. Hüquqi dövlət olmadığı üçün orada bu cür özbaşınalıqlar geniş imkan tapıb. Azərbaycan hökuməti öz vətəndaşlarının hüquqlarını qorumaq istiqamətində ən müvafiq addımlar atmalı, lazım gəlsə, hətta beynəlxalq məhkəməyə müraciət etməlidir. Hər halda iki ölkə arasında bu cür insidentlərin olması heç də yaxşı bir gələcək vəd etmir”.
Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar 27 martdan etibarən Azərbaycan və Rusiaya arasında sərhəd bağlanıb. Azərbayana qayıtmaq istəyən yüzlərlə vətəndaş Dağıstanda sərhəddə toplaşıb.
Onlar karantin tutumuna uyğun olaraq hissə-hissə sərhəddən buraxılırlar. Sərhəddə toplaşan Azərbaycan vətəndaşları çətin vəziyyətdə olduqlarını, təminatda problemlər olduğunu bildirirlər.
Əli
Cebhe.info