“Ölüm səfiri” geri dönüş mesajı verir

17-06-2020, 09:38   


Epidemiyaya inamsızlıq, virusla “çiling-ağac” oyunu “ölüm səfiri”nin qələbə şanslarını artırır...

Dünyada vəziyyət günbəgün, hətta saatbasaat dəyişir. Və bu dəyişiklik birmənalı şəkildə mənfi keyfiyyət daşıyır. Gərginlik artır, ümidsizlik dərinləşir. Dövlətlər, eləcə də insanlar yaxın gələcəkdə bəşəriyyəti hansı kataklizmlərin gözlədiyini proqnozlaşdırmaqda çətinlik çəkirlər.

Məsələ ondadır ki, dünyada koronavirus pandemiyasının davam etmə müddəti ilə bağlı ehtimallar o qədər də ürəkaçan deyil. Belə ki, epidemiyanın yayılma intensivliyi, virusun təsir gücü, xarakteristikası, mutasiya ardıcıllığı müəyyən nəticələr çıxartmağa imkan verir.

Beynəlxalq epidemiya mütəxəssislərinin ilkin hesablamalarına görə, bu pandemiyanın minimum 2 il müddətində davam edəcəyi gözlənilir. Epidemiyanın ilk dalğasında təxminən 8 milyon insanın yoluxa biləcəyi iddia edilirdi. Və artıq bu rəqəm reallığa çevrilib. Çünki son məlumatlara görə, dünya üzrə virusa yoluxanların sayı 8 milyon nəfərdən çoxdur. Və bu rəqəm bir qədər də arta bilər.

Ancaq mütəxəssislər əmindirlər ki, epidemiyanın ikinci dalğası da mütləq olacaq. Onların fikrincə, ümumiyyətlə, virusa yoluxma prosesi ilə nə qədər mübarizə aparılsa da, ikinci dalğadan yayınmaq mümkün deyil. Və epidemiyanın ikinci dalğasının daha ağır nəticələr doğura biləcəyi ehtimal olunur.

Suudi Arabistan ve Ürdün'de koronavirüs vaka sayısı arttı - Son ...

Maraqlıdır ki, cəmisi bir neçə həftə öncə Çin epidemiyanın qarşısını artıq ala bildiyini bəyanlamışdı. Hətta Çin epidemiyanın ilk yayıldığı və sərt karantin rejiminin tətbiq edildiyi dövlət olduğu kimi, normal həyata ilk dönən ölkələrdən biri olaraq da diqqəti çəkmişdi.

Ancaq indi hər şey yenidən başlamaqdadır. Belə ki, Çində yoluxma rəqəmlərinin sıfırlanmasının ardından dərhal yeni koronaviruslu xəstələr peyda olmağa başlayıb. Rəqəmlər sürətlə yüksəlməkdədir. Rəsmi Pekin bu vəziyyətdən ciddi şəkildə narahatdır. Və dərhal qabaqlayıcı addımlar atmağa başlayıb. Hətta ölkənin “epidemiya ocaqları”nda qeyri-müəyyən müddətə hərbi vəziyyət də elan edilib.

Əksər mütəxəssislər Çində baş verənləri epidemiyanın ikinci dalğasının başlanğıcı kimi qəbul edirlər. Eyni zamanda epidemiyanın birinci dalğasına hazırlıqsız yaxalanan bəzi dövlətlər isə arxada buraxdıqları uğursuz təcrübədən dərs çıxartmaq niyyətindədirlər. Yəni hesab olunur ki, bu dəfə Çinlə bütün əlaqələri sərt şəkildə bloklamaqla, ikinci dalğanın sarsıdıcı zərbələrindən yayınmaq mümkündür.

Ancaq bəzi ehtimallara görə, Çinin bloklanması epidemiyanın ikinci dalğasından yayınmaq üçün yetərli olmaya da bilər. Çünki əsas məsələ koronavirusun hər hansı ölkədə peyda olub-olmaması ilə birbaşa bağlıdır. Belə ki, əgər bu virusun bir ölkəyə girişi reallaşıbsa, hansısa mərhələdə yoluxma sayı sıfırlansa belə, onun təkrarən “hücuma keçməsi” tamamilə mümkün hesab olunur.

Koronavirusa yoluxsa da, bu xəstəliyin simptomlarını büruzə vermədən keçirən insanlar əsas təhlükə mənbəyi hesab olunurlar. Çünki onlar virusun daşıyıcısı olsalar da, hətta özləri də bundan xəbərsiz qaldıqlarından digər insanları da yoluxdura bilirlər. Bu isə hər bir ölkənin daxilində epidemiyanın ikinci dalğası üçün əsas qaynaq hesab olunur.

Onu da qeyd edək ki, hazırda koronavirusun vaksininin və dərmanının tapılması istiqamətində intensiv elmi araşdırmalar reallaşdırılmaqdadır. İndiyə qədər dəfələrlə dərmanın tapılması ilə bağlı iddialar irəli sürülüb. Və həmin iddiaların hər birisi reallıqdan uzaq olub.

Ancaq son günlər bu istiqamətdə iki ümidverici iddia gündəmə gəlib. Belə ki, Türkiyə və Rusiya virusun dərmanının icad edildiyini artıq rəsmən bəyan edib. Türkiyə dərmanın istehsalına hazırlaşır. Ardınca isə dərman həm Türkiyədə istifadə ediləcək, həm də ixrac olunacaq. Rusiyada isə dərman artıq insanların üzərində sınaqdan çıxarılıb və kifayət qədər ciddi nəticələrin olduğu bildirilir.

Maraqlıdır ki, ABŞ və Qərbdə hər iki dövlətin virusun dərmanını icad etmələri ilə bağlı açıqlamalarını o qədər də ciddiyə almırlar. Əksinə, bunun reallığına etimad göstərmədiklərini də qətiyyən gizlətmirlər. Və üzləşə biləcəkləri ikinci dalğa təhlükəsinə indidən hazırlaşmağa çalışırlar.

Ümumiyyətlə, ABŞ-da virusdan xilas yollarına və onun mövcudluq müddətinə münasibət ziddiyyətlidir. Belə ki, Ağ Ev təmsilçiləri, xüsusilə də prezident Donald Tramp vaksinin təxminən oktyabr-noyabr aylarında, ən uzağı ilin sonunda hazır olacağını vurğulayır.

Koronavirüs hakkında son dakika haberleri – Dünya ve Türkiye'de durum

Ancaq Pentaqon nə Ağ Ev təmsilçilərinin, nə də prezident D.Trampın nisbi optimistliyini bölüşmür. Əksinə, Pentaqonda hesab edirlər ki, epidemiya ilə bağlı vəziyyət düşünüldüyündən daha fərqli və təhlükəlidir. Bir müddət öncə ABŞ mətbuatına sızmış məlumata görə, Pentaqon pandemiya ilə bağlı məxfi hesabat hazırlayıb. Və həmin hesabatın məzmunu olduqca pessimist notlar üzərində qurulub.

Məsələ ondadır ki, Pentaqonun hərbi mütəxəssislərinin qənaətinə görə, bu il virusun qarşısını alacaq keyfiyyətdə dərmanın və ya vaksinin hazırlanması mümkün olmayacaq. Belə preparatların hazırlanması və sınaqdan çıxarılması prosesinin ən yaxşı halda, 2021-ci ilin mart-aprel aylarında yekunlaşması mümkün ola bilər. Ona qədərsə, epidemiyanın ikinci dalğasının reallığa çevrilməsi qaçılmaz xarakter daşıyacaq. Ona görə də Pentaqonda əmindirlər ki, ABŞ ordusu elə indidən epidemiyanın ikinci dalğası ilə üzləşməyə hazırlaşmaq məcburiyyətindədir.

Son dakika haberi: Koronavirüs bir ülkeye daha sıçradı! - Güncel ...

Göründüyü kimi, situasiya qətiyyən ümidverici deyil. Virus dünyadan asanlıqla əl çəkməyə hazırlaşmır. Əksinə, geri dönüş mesajı verir.

Düzdür, dövlətlər sarsıdıcı zərbələrə məruz qalsalar da, ciddi ziyana uğrasalar da, bütün mümkün vasitələrlə mübarizə aparırlar. Ancaq anlaşılan odur ki, bu “ölüm səfiri” ilə savaşda yalnız dövlətlərin mübarizəsi yetərli olmayacaq.

Artıq vətəndaşlar da özlərinin və yaxınlarının həyatları ilə bağlı daşıdıqları məsuliyyəti anlamalıdırlar. Və virusdan qorunma təlimatlarına, qaydalarına tam ciddiliyi ilə əməl etməlidirlər. Əks halda, “ölüm səfiri” ilə “çiling-ağaq oyunu” virusun qələbəsi ilə yekunlaşacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi analitik

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.