Sərt karantin günləri başlayır - Əhalini hansı çətinliklər gözləyir?

19-06-2020, 15:02   


Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərarını açıqlayıb.

Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi də tətbiq olunacaq.

Belə ki, ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək. Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq.

Bu müddət ərzində əhalinin böyük qismi evlərdə olacaq. Mövcud vəziyyətlə əlaqədar kommunal xidmətlərin verilməsində problem yaranmaması üçün hər hansı işlər görülürmü? Bu istiqamətdə işlərin nə yerdə olması ilə əlaqədar rəsmi qurumlara müraciət etdik.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov BAKU.WS-ə bildirib ki, xüsusi karantin rejiminin tətbiq olunduğu əvvəlki vaxtlarda da, digər mərhələlərdə olduğu kimi "Azeriqaz" İstehsalat Birliyi bu dəfə də abonentlərinin məmnuniyyəti və qazsız qalmaması üçün əlindən gələni edəcək: “Səylə çalışacağıq ki, məhdud sayda olsa da işə çıxan əməkdaşlarımız abonentlərin müraciətlərini qüsursuz və vaxtında operativ təmin etsin. Bunun üçün abonentlərdən 104 və 185 saylı çağrı mərkəzinə zəng etmələri xahiş olunur.

Əgər bu nömrələrə sıxlıq ucbatından düşməkdə çətinlik yaranarsa, 0773104104 Whastapp görüntülü və ya yazılı mesajlarını göndərə bilərlər. Bir sözlə "Azeriqaz" İB iş başında olacaq və abonentlərin koronavirus infeksiyasından qorunmaq üçün rahat şəkildə evlərində qala bilməsi üçün əlindən gələni edəcək.

Biz xüsusi karantin rejiminin ilk mərhələsindəki fəaliyyətimizi də bərpa edəcəyik. Müəyyən yaş qrupu olan insanlara güzəştli xidmətlərimiz olacaq. Onların kartlarında məbləğ qurtararsa, onların yenidən yüklənilməsi və digər güzəştləri icra etməyə çalışacağıq ki, abonentlərimiz qazsız qalmasınlar".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova isə BAKU.WS-ə qeyd etdi ki, hazırda xüsusi xidmət sahələrimizlə bağlı Nazirlər Kabinetinin müvafiq məsələ ilə bağlı rəsmi qərarını gözləyirik. İş rejimi ilə bağlı əsaslandırılmış və geniş məlumat ictimaiyyətə veriləcək.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-ə vurğuladı ki, təmsil etdiyi qurum da sərt karantin günlərində xüsusi rejimdə çalışacaq: "Həm işçilərin təhlükəsizliyi, həm növbəli iş prosesinin davamlı olması, eyni zamanda vətəndaşlara göstərilən hər bir xidmətlə (su təchizatı, metrologiya, müştəri xidmətləri, 955 Zəng Mərkəzi) bağlı öhdəliklərin maksimum yerinə yetirilməsinə çalışılacaq.

Bu günlərdə insanlar daha çox evdə olacaq, sudan istifadə artacaq, xüsusən yay aylarıdır, bağ və həyət evlərində suvarma məqsədilə sudan istifadə artacaq. Bunları nəzərə alaraq Kür sutəmizləyici qurğularından Bakıya 1 kubmetr\saniyə əlavə su vermişik. Eyni zamanda Ceyranbatan sutəmizləyici qurğularından verilən suyun həcmini artırmışıq.

Artıq Abşeronun Şərq hissəsində hidravlik rejimlərdə stabillik əldə olunub, lakin bəzi Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərində lokal problemlər müşahidə olunur. Bu problemlərin həlli istiqamətində tədbirlərimiz davam etdirilir. Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivi, 1-ci mədən ərazisi, Sabunçu rayonunun Sabunçu və Zabrat qəsəbəsində, Suraxanı rayonunun Samir Əliyev küçəsində təxirəsalınmaz tədbirlər çərçivəsində yeni boru xətləri çəkilir ki, su çatışmazlığı müşahidə olunan bu ərazilərin problemləri həll edilsin. Karantin günlərində suya tələbatın kəskin artımı fonunda ola bilər ki, müəyyən ərazilərdə fasiləsizlik pozulsun, təzyiq azalsın və ya qrafiklərə müəyyən dəyişiklik edilsin. Ancaq anbar ehtiyatlarımızı davamlı artırırıq və bu, bizə imkan verəcək ki, insanların dayanıqlı su təchizatı həyata keçirilsin".

“Azərişıq” ASC mətbuat xidmətinin rəisi Vaqif Mustafayev BAKU.WS-ə qeyd edib ki, istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbirlər həyata keçirilib:

"Koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar Operativ Qərargahın iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlərin tətbiq olunması qərarı ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Karantin günlərində istehlakçılara fasiləsiz və dayanıqlı elektrik enerjisinin verilişinin təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbirlər həyata keçirilib. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə operativ qəza xidmətləri fəaliyyət göstərir. Həmçinin abonentlərimiz xüsusi karantin günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə bilər. Bunun üçün azərişıq.az saytında müvafiq bölməyə daxil olmaq kifayətdir. “Smart” sayğacdan istifadə edən istehlakçılara da tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar.

Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir. İstehlakçı məmnuniyyətini əsas hədəf seçən Cəmiyyətimizə edilmiş hər bir müraciətə operativ reaksiya verilir".

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.