Elektrik stuluna bağlanaraq edam edilən cütlük: ABŞ onları niyə cəzalandırıb?- Tarixin şok faktları

19-06-2020, 16:22   


Onlar təklif olunan şərtlərin heç birini qəbul etməyiblər. Rozemberqlər cütlüyü şərtləri qəbul etmədikləri təqdirdə, edam olunacaqlarını anlasalar da, sövdələşməyə razılıq verməyiblər...

67 il öncə, 19 iyun 1953-cü ildə Amerika Birləşmiş Ştatlarında Yulias Rozemberq və həyat yoldaşı Etel Rozenberq haqqında məhkəmə hökmü icra olunub və cütlük elektrik stulları vasitəsilə edam edilib.

Rozenmberqlərin edam olunması beynəlxalq müstəvidə böyük müzakirələrə və mübahisələrə səbəb olub. Hələ məhkəmə prosesi zamanı mitinqlər, nümayişlər təşkil olunsa da, tanınmış simalar Amerika hakimiyyətindən onların əfvini, cəzalarının yumşaldılmasını xahiş etsələr də, hətta Albert Eynşteyn, Şarl de Qoll kimi nüfuzlu şəxslər ABŞ prezidentinə müraciət etsələr də hökmün icrasını dayandırmaq mümkün olmayıb.

Rozemberqləri edam kürsüsünə gətirən hansı əməlləri olub? ABŞ öz mərhəmətini cütlükdən, öz vətəndaşlarından niyə əsirgəyib?

Yulias Rozemberq 1918-ci ildə ABŞ-da, Nyu-Yorkda anadan olub. Əvvəlcə dini təhsil almaq istəsə də, sonradan fikrini dəyişən Rozemberq fizika üzrə mütəxəssis olmağa qərar verib. Mexanik-elektrotexnik sahəsi üzrə ali təhsil aldıqdan sonra ABŞ ordusunda rabitə qoşunlarında xidmətə başlayıb.

Rozemberq xidməti illəri zamanı ABŞ-da fəaliyyət göstərən Kommunist Partiyası ilə gizli əlaqələr qurub. Həmçinin o, SSRİ-nin ABŞ-dakı kəşfiyyat rezidenti ilə də məxfi əməkdaşlığa başlayıb. Zaman-zaman SSRİ kəşfiyyatına işləyən Yulias Rozemberq bu sahədəki fəaliyyətini genişləndirərək, Moskvaya xidmət edən şəbəkənin yaradılmasına nail olub.

Hərbi sənaye sahəsi ilə bağlı informasiyaları SSRİ-yə ötürən Rozemberq, ABŞ-ın nüvə silahları ilə bağlı əldə etdiyi bütün məlumatları da sovet kəşfiyyatçılarının ixtiyarına verib. Sonralar məlum olub ki, Yulias Rozemberq 1000-dən artıq məxfi  şifrəli sənədləri böyük peşəkarlıqla SSRİ xüsusi xidmət orqanlarının əməkdaşları ilə bölüşməyə müyəssər olub.

Əslən yəhudi olan Yulias Rozenberq Etel adlı yəhudi xanımla ailə həyatı qurub. Etel Kommunist Partiyasının üzvü olub və o, siyasi məsələlərdə həyat yoldaşına kifayət qədər güclü təsirə malik olub ki, Rozemberqin sovet kəşfiyyatına işləməyinə böyük dəstək verib və məxfi görüşlərin bir çoxunda iştirak edib.

Yulias Rozemberqin 1939-ci ildən başlayan casusluğu 1950-ci ilə qədər davam edib. 1950-ci ilin fevral ayında ABŞ Silahlı Qüvvələri Təhlükəsizlik Agentliyinin əməkdaşları “Venona” əməliyyatı zamanı ABŞ hərbi bazaları ilə sovet kəşfiyyatçıları arasında şifrə mübadiləsinin olduğunu aşkar ediblər.

İnformasiya mübadilələrinin İngiltərə üzərindən aparıldığı məlum olanda, ABŞ Federal Təhlükəsizliyi Bürosunun əməkdaşları Rozemberqin agentura şəbəkəsində çalışan amerikalı Harri Holdu İngiltərədə saxlayıblar. Həbs olunan Hold cəzasını yüngülləşdirmək üçün şəbəkənin fəaliyyəti haqqında bütün məlumatları açıqlayıb və agenturaya Yulias Rozemberqin rəhbərlik etdiyini bildirib.

1950-ci ilin iyun ayında Yulias Rozemberq həbs edilib. Onun haqqında casusluq, vətənə xəyanət maddələri ilə cinayət işi açılıb. Cinayət işində nüvə silahları haqqında məlumatların ötürülməsi ilə bağlı xüsusi bənd olduğundan, məsələ birbaşa ABŞ prezidenti Harri Trumen tərəfindən nəzarətə götürülüb.

Məhkəmə zamanı məlum olub ki, Rozemberq hərbi sahədə yüksək vəzifələrdə çalışan 18 nəfər amerikalını casusluğa cəlb edib.

Məhkəmə 1951-ci ilin mart ayında başlayıb. Aprel ayında Yulias Rozemberq və həyat yoldaşı Etel Rozemberq tərəfindən ölüm hökmünə məhkum ediliblər. Qərarda ölüm hökmünün elektrik stullarda icra olunması göstərilib.

Məhkəmə prosesindən sonra cütlüyə şərt təklif olunub. Onlardan SSRİ tərəfindən konkret kimlərə işlədiklərinin və ABŞ-da onların fəaliyyətinə kömək edən yüksəkçinlilərin adlarının açıqlanması tələb olunub. Vəd verilib ki, adlar açıqlandığı təqdirdə məhkəmənin hökmü dəyişiləcək. Cütlük bu şərtdən imtina edib.

Edama bir neçə saat qalmış Rozemberqlərin vəkili onlara ABŞ-ın ədliyyə naziri ilə danışmaq imkanının olduğunu söyləyib və bildirib ki, əgər adlar açıqlansa, ölüm hökmü dəyişdiriləcək. Yulias Rozemberq bu “şans”ın əvəzində onlardan həyat yoldaşı ilə 3 dəqiqəlik görüş istəyib. Onun sonuncu xahişini yerinə yetiriblər və cütlük sonuncu dəfə 3 dəqiqə ərzində öpüşüb ayrılıblar.

Rozemberqlər elektrik stullarına mühafizəçilərin müdaxiləsi olmadan oturublar. Yulias Rozemberqin edamı 4 dəqiqə çəkib. Etel Rozemberq ilk enerji buraxılışından ölməyib. 11 dəqiqədən sonra onun kəmərlərini açanda nəfəs aldığını müşahidə ediblər. Növbəti dəfə stula bağlanan Etel 17 dəqiqədən sonra ölüb.

Yuxarıda qeyd etdiyimiz kimi, Rozemberqlərin əfv olunması üçün ABŞ prezidentinə bir çox tanınmış simalar müraciətlər edib. Prezident Harri Trumen bu müraciətləri ümumiyyətlə, qəbul etməyib.

Trumendən sonra prezident seçilən Duayt Eyzenhauer isə ölüm hökmünün mütləq şəkildə həyata keçirilməsinin tərəfdarı olub və o, məsələyə belə münasibət bildirib: “Bizim silahlarımızın sirrlərini, nüvə nailiyyətlərimizi SSRİ-yə ötürənlər düşünməyiblər ki, həmin silahlar sovet dövləti tərəfindən hazırlanıb, bizim üstümüzə yönələcək. Cəza mütləq şəkildə icra olunmalıdır. Onların yanmış və qaralmış sümükləri isə casusluq etdikləri SSRİ-yə göndərilməlidir...”

İlham Cəmiloğlu,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.