Virusa qarşı mübarizə azad səhiyyə təşkilatı, müstəqil media və bələdiyyələrsiz mümkün deyil

21-06-2020, 11:33   
 

Müstəqil QHT-lər olmadan nə epidemiyya qarşı mübarizə aparmaq mümkündür, nə demokratiyanın varlığından söz açmaq

Mexanizmin şəffaflığı əvvəldən şübhə altındadır. Səhiyyə naziri, heç olmasa, Türkiyəni örnək alaraq gündə olmasa da, həftədə bir dəfə lütf edib ekrana çıxa bilərdi. Bunu etmək yerinə, gündəlik xəbərləri “Operativ qərargah”ın açıqlaması uyğun görüldü. Medianın bir qismi isə haqlı olaraq ““Operativ qərargah” niyə bizdən əvvəl başqalarına verir?”- sualıyla şurişə gəldi. “Operativ qərargah”ın günün statistikasını hamıdan əvvəl ötürdüyü media həm o statistik rəqəmləri, haşa, Quran ayəsi kimi cəmiyyətə təqdim etdi, həm də, yenə haşa, sanki Quran ayəsi kimi səmadan nazil olmuş o rəqəmləri cəmiyyətə təqdim etməkdə özünü “elçi” kimi gördü. Buna görə ayağı yerdən üzüldü. Gündəlik rəqəmləri sorğu-suala çəkərək özü də araşdırmalar aparan 2 media qurumu müşahidə etdim, rəhbərlərini və əməkdaşlarını təbrik edirəm.

Bələdiyyələr olmadığına görə, onların rolu barədə danışa bilmirik. Səhiyyə əməkçilərinin müstəqil təşkilatı olsaydı, təzyiq altında olsa belə,öz araşdırmalarını ictimaiyyətlə paylaşacaqdı. Elə bir təşkilatı virusa qarşı mübarizə meydanında görmədiyim üçün üzgünəm. Səhiyyə nazirinə hörmətim yarandı. Çünki işin əvvəlindən bu günə qədər durduğu yerdə durdu, danışması üçün gələn tələbləri vecinə də almadı. İftixar etdim.

Təbii olaraq, Türkiyədə ilk gündən bu işin qabağına hökumət, bələdiyyələr və müstəqil QHT olan Türkiyə Təbiblər Birliyi düşdü. Ölkənin böyük bələdiyyələri müxalifət partiyaları tərəfindən idarə edildiyinə görə, o bələdiyyələrin başlatdığı yardım kampaniyaları iqtidarı qorxutdu və açılan bank hesabları Daxili İşlər Nazirliyinin valiliklərə göndərdiyi təlimatla qapadıldı. Ancaq başda Ankara bələdiyyəsi olmaqla, müxalifət bələdiyyələri əhaliyə yardımın ən müxtəlif formalarını tapdılar. Təkcə bələdiyyələrin yox, şəhər nəqliyyatında işləyən özəl şirkətlərin avtobuslarına da verilən maddi dəstək epidemiyaya qarşı mübarizədə mühüm rol oynadı. O dəstək sayəsində avtobuslar, metrobuslar bələdiyyələrin icazə verdiyi sayda sərnişin daşıdı, ictimai nəqliyyatda hamının riayət etdiyi nizam-intizam yaradıldı. Metropol, rayon, qəsəbə bələdiyyələri Türkiyə Cümhuriyyəti və ya əcnəbi vətəndaş fərqi qoymadan onlara müraciət edən hər kəsə pul və ərzaq yardımı etdi.

Səhiyyə nazirinin elan etdiyi gündəlik rəqəmləri bələdiyyənin apardığı araşdırma nəticəsində ortaya çıxan rəqəmlərlə müqayisə edən, İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlu ölümlərin sayının nazirlik tərəfindən 30-35% az göstərildiyini bildirdi. Hökumətin törətdiyi əngəllərə baxmayaraq, Ankara bələdiyyəsi maddi vəziyyəti yaxşı olmayan vətəndaşların baqqal dükanlarına olan bütün borclarını və kiçik iş yeri sahiblərinin dövlətə olan su, qaz, işıq borclarını ödədi. Vətəndaşlara verilən birbaşa və konkret dəstəyə görə, təxminən, iki həftə əvvəl keçirilən ictimai rəy sorğusu anketində epidemiyaya qarşı mübarizə dövründə müxalifət partiyalarının idarə etdikləri bələdiyyələrin reytinqinin 5-8% yüksəldiyini gördük. Son dərəcə bəsit siyasi həqiqət epidemiyaya qarşı mübarizə dövründə bir daha təsdiqləndi: yerli özünüidarə orqanlarının olmadığı bir coğrafiyada güclü dövlətdən söhbət gedə bilməz, demokratiyadan isə heç söhbət gedə bilməz.

Ölkənin ən güclü QHT-lərindən biri olan Türk Təbiblər Birliyi (TTB) həm səhiyyə sisteminin daha da təkmilləşməsi, həm də demokratiyanın dərinləşməsi uğrunda ardıcıl mübarizə aparan bir qurumdur. İnsan haqları məsələlərində bəzən hökumətlə fərqli mövqelərdən çıxış edən TTB işin lap əvvəlindən epidemiyaya qarşı mübarizədə kənarda saxlanıldı. Dövlət başçısının təşəbbüsüylə yaradılan Elm Şurasına nə TTB dəvət edildi, nə də TTB üzvü olan hər hansı həkim. Bun abaxmayaraq, prosesin əvvəlindən TTB həm qurum kimi epidemiyaya qarşı mübarizəyə başladı, həm də səhiyyə naziri Fahrettin Kocanın gündəlik elan etdiyi rəqəmlərə paralel öz statistikasını tutdu. Dünya Səhiyyə Təşkilatı (DST) hökumətdən çox, TTB-nin statistik rəqəmlərinə etibar etdi, təxminən, iki həftə sonra DST Səhiyyə Nazirliyinin verdiyi rəqəmlərin düz olmadığını bəyan edincə, səhiyyə naziri Koca da gündəlik elan etdiyi rəqəmlərə yenidən baxmaq məcburiyyətində qaldı. Bu isə siyasi iqtidarın bütün əngəlləmələrinə baxmayaraq, Türkiyədə demokratik institutların öz vəzifələrinin öhdəsindən gəldiyini göstərən mühüm bir fakt oldu.

Təbii ki, müstəqil media Səhiyyə nazirinin hər gün açıqladığı rəqəmlərlə kifayətlənməyib öz araşdırmalarını apardı. İstər epimediyaya qarşı mübarizədəki səhvləri göstərən, istərsə də müstəqil araşdırmaları gündəmə gətirən jurnalist-yazarlara iqtidarı qeydsiz-şərtsiz dəstəkləyən media tərəfindən fasiləsiz hücumlar olsa da, müstəqil media öz işini gördü və görməyə davam edir. Ona görə pandeemiyaya qarşı mübarizə dövründə müstəqil medianın öz reytinqini daha da artırdığına şahid olduq. Ən çox hücuma məruz qalan köşə yazarlarından biri olan əziz dostum Yılmaz Özdilin “111 gün” adlı məqaləsini oxusanız, (“Sözcü” qəzeti, 28 aprel) fikrimi daha yaxşı anlayacaqsınız.

Nəticə:

1. Martın ortasından bəri Türkiyədə epidemiyaya qarşı aparılan mübarizə bir daha göstərdi ki, yerli özünüidarə orqanlarının aktiv fəaliyyəti olmadan mərkəzi hakimiyyətin epidemiyaya qarşı effektiv mübarizə aparması mümkün deyil. Bələdiyyələr olmadan güclü dövlətdən danışmaq əbəsdir. Bakının yerinə olsam, yanvarda keçirilən formal bələdiyyə seçkisini ləğv edib, payızda obyektiv seçki keçirərəm.

2. Müstəqil QHT-lər olmadan nə epidemiyya qarşı mübarizə aparmaq mümkündür, nə demokratiyanın varlığından söz açmaq.

3. Və müstəqil media. “Divarları boyamayın, divar kağızlarını cırmayın” - kəlamının müəllifinin dizayn etdiyi mediayla hansı müstəqil araşdırmanı aparmaq mümkündür? AKP də son 13 ildə 20 milyard dollar xərcləyib öz “yandaş media”sını qurdu. Epidemiyaya qarşı mübarizə dövründə onların sözünə etibar edən neçə nəfər oldu? “Azad media” məfhumu zəmanəmizdə dövlətlərin varlıqlarının tərkib hissəsi halına gəlmişdir. Buna qarşı müqavimət göstərmək “Əli Həsənovçuluq”un dəyirmanına su tökməkdir.

Mayis Əlizadə
dominant.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.