Aqil Alişov
Miq.Az saytının baş redaktoru
Nazirlər Kabinetinin Mətbuat katibi İbrahim Məmmədov bildirib ki, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq olunacaq sərt karantin rejimi günlərində jurnalistlər vəsiqə ilə hərəkət edə bilməyəcəklər. Onun sözlərinə görə, jurnalistlər işə getmək üçün icazə.e-gov.az portalında qeydiyyatdan keçməklə fəaliyyət göstərə bilərlər. Bəs görəsən, jurnalistlər bu addımı necə qiymətləndirirlər?
Miq.Az saytının təsisçisi və baş redaktoru olaraq, tətbiq olunacaq sərt karantin rejimi günlərində jurnalistlərlə bağlı qərarın düzgün addım olmadığını bildirib keçirəm mətləbə...
Azərbaycanda jurnalistikanın vəziyyəti onsuz da ürəkaçan deyil. Dövlət səviyyəsində müstəqlil mətbuata qayğı, münasibət də göz qabağındadır. Ölkədə oxumağa və sənə lazım olan informasiyanı əldə etmək üçün konkret olaraq mətbu ünvan yoxdur. Büdcəsi kifayət qədər olan saytların yaradıcılıq təyinatı da tam başqa məqsədlər üçün hesablanıb. O saytlar da məmur və oliqarxların bir-birini zərərsiləşdirmək üçün istifadə etdiyi silah tribunalarıdır.
Azərbaycan mətbuatı maarifləndirici yazılardan daha çox yüngül mövzulara qaçır. Şou, zorlama, xarici mediadan tərcümələr və sair. Jurnalistikanın əksər janrları, xüsusən də əyalət jurnalistikası demək olar ki, yox dərəcəsindədir. Mətbuata bu səbəblərə görə inam yoxdu deyə, vətəndaşlar sosial şəbəkələrtə üz tutur, fəsadları da göz qabağında. Ölkə rəhbərliyi və qanunlara inamsızılıq məhz insanların sosial şəbəkələrdəki axını ilə əlaqəlidir...
Azərbaycan mətbuatında və sosial şəbəkələrdə ancaq bir janr var: "Söyüş janrı"...
Hətta Paşinyanı Rusiya dövlətinə görə tənqid edən edən tribunalar da var Azərbaycanda!
Xİ nazirlərinin görüşünü Ermənistan mətbuatına, şəhid xəbərlərini Ria-Novostiyə istinadən paylaşan mətbuatımızın xarici bürolarından, ümumiyyətlə, danışmağa dəyməz.
Televiziya kanallarımızsa elə bir xəstəliyə tutulub ki, 50 il sonra da diaqnozu bilinməyəcək. Elman Nəsirov kimi politoloq yetişdirən televiziya kanallarından nə danışmaq olar ki?
Bu gün Nazirlər Kabinetinin Mətbuat katibi İbrahim Məmmədovun sərt karantin rejimi günlərində jurnalistlər vəsiqə ilə hərəkət edə bilməyəcəyi ilə bağlı elan etdiyi açıqlama məhz azad mətbuata qarşı bir basqıdır. Hamı bilir ki, icazə.e-gov.az portalında qeydiyyatdan keçən hansı jurnalistlərdi. Xaçmazda pomidor yeşiklərinin altında makulatura kimi istifadə olunan qəzet əməkdaşları ilə Nazirlər Kabinetinin korona ilə bağlı mətbuat konfransına göndərilən bəzi "lal, kor, kar" jurnalistlərlə müstəqil imza sahibi olan tanınmış jurnalistlərə fərq qoymaq pandemiyaya qarşı mübarizə deyil, əslində, yeni jurnalist və məmur qarşıdurması hazırlamaqdı. Məsələn, polis jurnalistləri haqsız olaraq saxlayacaqsa, şübhəsiz ki, aqressivlik olacaq. Hansısa jurnalist Vilayət Eyvazovun polis əməkdaşlarına qarşı aqressivlik nümayiş etdirəcək, nazir və DİN tənqid olunacaq. Halbuki, qərarı Vilayət Eyvazov qəbul etməyib. Yəni, Daxili İşlər Naziri onun xəbəri olmadan qəbul ounmuş qərarın yükünü çiyinlərində çəkəcək, həm də əsassız yerə.
Etiraf edirəm ki, şəxsi maşınımda və ya istənilən polis postunda yoxlanış zamanı DİN əməkdaşları tərəfindən hörmətlə, nəzakətlə qarşılanmışam. Baxmayaraq ki, nə o polis əməkdaşlarından, nə də onların naziri Vilayət Eyvazovdan aşılacaq bir işim yoxdur. Qanunlara hörmət edirəm sadəcə, bu qədər...
DİN-nin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov və BŞBPİ-nin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev yeganə mətbuat xidmətlərinin rəhbərləridir ki, bütün jurnalistlərin telefonlarına cavab verir, suallarına aydınlıq gətirirlər. Digər mətbuat xidmətlərinin rəhbərləri kimi, yalnız şəxsi feysbuk səhifələrində problemlərə münasibət bildirib özlərini söydürmürlər, başqa qurumlar kimi aylarla telefonları sönülü olmur. Düzdü, polis orqanları içərisində səlahiyyətini bilməyən, həddini aşan əməkdaşlar da var. Amma onlar da vaxtaşırı KİV əməkdaşları tərəfindən tənqid olunur, haqlarında cinayət işləri açılır, tutduqları vəzifədən qovulurlar mətbuatın sayəsində, bu da öz yerində...
Yerində olmayansa... qanunlardan xəbəri olmayanların qanunlara hörmətsilzliyidi.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Özünü tərifləmək olmasın, ad və soyadımı yazıb google axtarış sisteminə versəniz, Moskvada ermənilərlə informasiya savaşından tutmuş, Murovda dəniz səviyyəsindən 2800 metr hündürlükdə səngərdə düşmənlə atışmaya qədər haqqımda rast gələ bilərsiniz.
Məmurlar var ki, onlara "ideoloji cəhbənin əsgəri necə olur” mövzusunda dərs deyərəm saatlarla, "ideoloqlarına", "müəllimlərinə" "Vətəni belə sevmirlər” mövzusunda mühazirə oxuyaram aylarla... amma... vaxtıma, bu işə sərf elədiyim zamana hayıfım gəlir. O hiss ki, içdən gəlmirsə, təbliğat və zaman anlayışı mənasızdır!
Bir sayt, bir səhifə, iki qəzetin baş redaktoruyam. Hamısı da ancaq hərbi-vətənpərvərlik mövzuları ilə seçilir və sevilir oxunduğu auditoriya tərəfindən. Amma onlayn qeydiyyatdan keçmişəm. Dövlət mənə indiyə kimi bir manat dəstək üçün yardımda bulunmayıb, saytıma, qəzetimə bir manat pul köməyi olmayıb. Halbuki, dövləti, dövlətçiliyi təbliğ etmişəm. Reklam bazarı üzümə bağlıdırsa, kollektivimə normal maaş vermək üçün mənə azad rəqabət şəraiti yaradılmırsa, vergi qeydiyyatına necə düşməliyəm, cibimdən niyə sosial pul ödəməliyəm və hansı qazancla?
Halbuki, Azərbaycan xaricində çıxan yeganə gündəlik qəzetin baş redaktoru olmuşam, Vətəndən qıraqda yaşayan soydaşlarımızın maariflənməsi üçün beyin məhsulumla qazandığım puldan xərcləmişəm...
Ağlım kəsəndən bu ölkənin qanunları uğrunda, vətəndaşının hüqüqlarının müdafiəsi uğrunda savaşmışam, düşmənin canlı qüvvəsini məhv eləmişəm, texnikalarını partlatmışam... ona görə yox ki, qanunlardan bixəbərlər, fikri-zikri pul qazanmaq olanlar məni döyüş meydanından uzaqlaşdıracaqlar. İndiyə qədər abrıma qısılıb heç zaman bu millət, dövlət üçün etdiklərimi deməmişəm. Vətəndaşlıq borcumdur sanmışam, bu dövlətin atributlarını göz-bəbəyim kimi qorumağı vətəndaş olaraq, döyüş tapşırığı bilirəm elə indinin özündə də. Siz puldan, mən Vətənə sevgimdən ötrü xidmətdə olmuşam, millətimin, dövlətimin savaş meydanında.
P.S Bu yazını özümə görə yazmadım, sadəcə cümlələri atəş açan, məqalələrini oxuyanda yazısının üslubuna, ruhuna sarılıb bağrına basmaq istədiyim jurnalistlərə görə yazdım. O jurnalistlər ki, yüz il bundan sonra üçün də dünyanın hər yerində Azərbaycan adına imza olaraq görünəcəklər.
p.s.s. Özümə gəlincə, peşə fəaliyyətimlə bağlı icazəni BDU-nun jurnalistika fakültəsinə daxil olanda almışam, həm də 18 yaşımda...