Bir ölkənin başqa bir ölkədə hərbi baza yaratması yalnız böyük hərbi güclərə məxsus olan bir imkan kimi dəyərləndirilir. Bu baxımdan Türkiyə də xaricdə hərbi bazası olan məhdud sayda ölkələr arasında yer alır.
Maraqlıdır, qardaş ölkənin bir neçə ölkədə ordusunu yerləşdirməsi və hərbi əməliyyatlar aparmasının əsas səbəbləri nələrdir? Türkiyə hərbi birləşmələrinin müxtəlif ölkələrdə, xüsusilə münaqişə bölgələrində yerləşdirilməsinin Azərbaycana nə kimi təsiri ola bilər?
Məsələ ilə bağlı Modern.az-a danışan “Atlas Araşdırmalar Mərkəzi” nin rəhbəri Elxan Şahinoğlu Türkiyənin 3 ölkədə qoşununu yerləşdirməsinə əsas səbəb kimi regionda liderliyin qoruyub-saxlamaq məqsədinin olduğunu bildirib:
“Türkiyə son 15-20 ildə regionun ən güclü dövlətlərindən birinə çevrilib. Regionun lider dövləti də gərək ətrafdakı hadisələrə seyrçi kimi qalmasın. Bəli, soyuq müharibə illərində Türkiyə xaricdə baş verən hadisələrə qarışmırdı. Amma indi elə bir durumdur ki, ətrafda çox dağıdıcı proseslər baş verir. Türkiyə bu proseslərə qarışmasa təhlükə onun sərhədlərinə qədər gəlib çıxa bilər. Həm də Türkiyə görür ki, ətrafda baş verən hadisələrə uzaq dövlətlər-ABŞ, Rusiya, Ərəb ölkələri qarışır. Belə olan halda da Türkiyə müəyyənləşdirir ki, kənar dövlətlər Avrasiyada baş verən proseslərə qarışırlarsa o da regionun əsas dövləti kimi bu proseslərdən kənar qala bilməz.
Türkiyənin İraqda qoşunlarının olması orda terrorçu qrupların, PKK-nın neytrallaşmasına xidmət edir. Suriyaya gəldikdə isə bu ölkədə Əsəd rejimi bir ara qətliamlar törədirdi. Türkiyə orda silahlı müxalifətə dətsək verdi və Suriyanın şərq hissəsində öz ordusunu yerləşdirərək indi həmin ərazilərdə maraqlarını diktə edir. Liviyada Türkiyənin qoşun yerləşdirməsinə səbəb isə Liviya mərkəzi hökuməti Türkiyədən dəstək istəməsi idi. Bu istəyə qarşılıq olaraq türklər onlara yardım etdi və orda əsas qüvvəyə çevrildilər. Ona görə də Türkiyə region proseslərində aktiv iştirak etməlidir ki, bölgədə varlığını qorusun. Bu Azərbaycanın da maraqlarına xidmət edir. Çünki Türkiyə bizim strateji müttəfiqimizdir. Nə qədər ki, Türkiyənin bölgəldə rolu artır bu bizim də maraqlarımıza cavab verir