"BELƏ DAVAM ETSƏ, SÜNİ NƏFƏS APARATLARI ÇATMAYACAQ"- Baş infeksionist

22-06-2020, 16:53   



“Bu gün xəstəxanalarda kritik vəziyyətdə olan çox sayda ağır xəstələrimiz var. Əgər yoluxma sayında artım dinamikası davam edəcəksə elə bir gün gələcək ki, süni nəfəs aparatları çatmayacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, koronavirus bu gün aqressivləşib:

“Artıq ağır gedişlər cavanlar arasında xeyli artıb. İnsanlar əməkdar artisti Bəhram Bağırzadənin vəziyyətinə baxıb nümunə götürməlidir. Çünki onun ağır xəstəliyi yox idi. Virus adətən yanaşı xəstəliyi olan şəxslərin vəziyyətinə mənfi təsir göstərir”.

C.İsayev qeyd edib ki, hava-damcı yolu ilə keçən infeksiyanı tam aradan qaldırmaq qeyri-mümkündür:“Mövcud səhiyyə sisteminin bunun öhdəsindən gələ bilməyi təmin etmək əsas hədəflərdəndir. Xəstələnmə sayı az olsun ki, keyfiyyətli müalicə üsulundan istifadə edə bilək. Bununla da vaxt qazanmış olarıq. İnanmayan olsa belə, qoyulan qaydalara yaxınlarının, vətəndaşlıq borcu xətrinə əməl etsin”.

“Gün ərzində 500-ə yaxın yoluxmanın olması həftəyə 3 000-ə qədər xəstələnmə deməkdir. Bu da səhiyyə sahəsinə ağır yükdür. Xəstəxanada yer baxımından çatışmazlıq ola bilər”. - deyə Cəlal İsayev Real TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, qoyulan qaydalara ciddi əməl edilməlidir ki, bu sahə üzrə ixtisaslı həkimlər xəstəyə baxa bilməsi üçün yetərli olsun: “Hazırda başqa ixtisas sahələrinin mütəxəssislərini bu işə cəlb edirik. Bu gün üçün tətbiq edilən sərt karantin rejimi ilə xəstəliyin qarşısı alınmasa da, heç olmasa yoluxma sayında azalmaya nail ola bilərik”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.