ABŞ-da seçki: Virus və polis hər şeyi alt-üst edib - TƏHLİL

22-06-2020, 17:16   


ABŞ-da seçki: Virus və polis hər şeyi alt-üst edib - TƏHLİL

Noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində yenidən seçilməyə can atan Donald Tramp pandemiyadan sonra ilk seçki mitinqini keçirib.

Seçicilərlə görüş Oklahoma ştatındakı Talsa şəhərinin qapalı stadionunda baş tutub. Ağ Evin sahibi öz elektoratını fəallaşdırmaq üçün əlindən gələni edib səhnədə 90 dəqiqə vaxt keçirsə də tamaşaçıların sayı gözlənilən 19 min nəfərdən xeyli az olub. Tramp tərəfdarlarının passivliyi barədə birmənalı rəy söyləmək çətindir. Bunu koronavirusla bağlı davam edən yüksək risklə də izah edirlər. Digər ehtimal isə Talsada komendant saatının tətbiq olunması ilə bağlıdır. Aydındır ki, bu amillərin hər ikisi çıxışından bir gün əvvəl seçki qərargahında altı koronavirus hadisəsi aşkar edilən Respublikaçı prezidentə dəstək olmaq istəyən insanların sayına təsir edib.

ABŞ-da 120 mindən artıq insanın “COVİD-19” virusundan dünyasını dəyişməsinə baxmayaraq, Tramp pandemiya ilə möhtəşəm mübarizə apardıqlarını deyib. Kütləvi testləri ikitərəfli qılınc adlandıran prezident bu üsulun intensivliyini azaltmağı təklif edib. Lakin ekspertlər hesab edir ki, 2 milyon 225 min nəfərin koronavirus xəstəsi olduğu ABŞ-da pandemiya seçkilərə təsir göstərməyə bilməz.

Trampın ABŞ-da polis hərəkətlərinə və irqi ayrı-seçkiliyə qarşı olanların hamısına son dərəcə sərt reaksiyası “qırmızı xətti” növbəti dəfə keçməsi hesab olunur. “The Hill” qəzeti yazır ki, Tramp Oklahoma ştatındakı mitinqdə çıxışı zamanı Minnepolisdə polis tərəfindən qətlə yetirilən afroamerikalı Corc Floydu xatırlamayıb. ABŞ prezidenti yenə də polisə tam dəstək verib və hüquq-mühafizə orqanlarını maliyyələşdirməkdən məhrum etməyə çağıranları ağılsızlıqda ittiham edib.

Göründüyü kimi, Donald Tramp yenidən prezident seçilməsinə mane ola biləcək, yaxud son vaxtlar onun reytinqinin aşağı düşməsinə gətirib çıxaran problemləri aradan qaldırmaq üçün heç bir addım atmayıb. O, əvvəlki kimi öz mövqeyində israrlı görünür. Seçkiöncəsi Trampın Amerika cəmiyyətində mövqeyini zəiflədən üç əsas amil özünü göstərir.

Birinci səbəb kimi koronavirusla uğurlu və konseptual mübarizənin olmamasıdır. 120 mindən artıq insanın ölümü Trampdan narazıların sayını artırmasına baxmayaraq, Ağ Evin rəhbəri yenə də virusla möhtəşəm mübarizədən danışır.

İkinci problem pandemiyanın ABŞ iqtisadiyyatına mənfi təsiri ilə bağlıdır. Ölkədə işsizliyin 30 milyon nəfəri ötməsi, ayrılan subsidiyaların iqtisadi resessiyanın təsirlərini aradan qaldıra bilməməsi yalnız müxalifətin tərəfdarlarının sayını artırmağa xidmət edir. Doğrudur, Trampın təşəbbüsü ilə kiçik və orta sahibkarlığın qorunması və koronavirusdan əziyyət çəkmiş ailələrə 2,5 milyard dollara yaxın maliyyə yardımı ayrılıb. Digər tərəfdən ABŞ-ın kreditorlar qarşısında borcları may ayının 5-dən iyun ayının 1-ə qədər 1 trilyon dollar artaraq 6 trilyona çatıb. Dövlət borclarının həcmi isə 2,6 milyard dolları ötüb. Bu isə büdcə kəsirinin artmasına səbəb olur.

Üçüncü mühüm faktor Corc Floydun öldürülməsindən sonra ABŞ-da irqçiliyin və polis zorakılığı probleminin gündəmə gəlməsidir. Üç həftə davam edən etiraz aksiyalarından sonra Trampın seçki kampaniyası dövründə reytinqini artırmaq və protest elektoratın rəyini dəyişmək üçün müəyyən yumşaldıcı addımlar atacağı gözlənilirdi. Bu, afroamerikalı və polis zorakılığından narazı qalan seçicilərin səslərini əldə etmək baxımından Tramp üçün mühüm əhəmiyyət kəsb edir. Lakin Oklahomada çıxış etməzdən əvvəl Trampla bağlı baş vermiş növbəti irqi ayrı-seçkilik qalmaqalı onun seçicilərlə sərt ritorika ilə danışmaqda davam etdiyini göstərdi. “Facebook” sosial şəbəkəsi nasist Almaniyasında istifadə edilən tərs qırmızı üçbucaq işarəsinin təsvirini Trampın təşviqat reklamından sildi. Həmin reklam Trampın, vitse-prezident Pencin və prezidentin təşviqat qrupunun “Facebook” səhifələrində yerləşdirilib. Bu işarələri faşistlər siyasi məhbusları müəyyənləşdirmək üçün istifadə edib.

Nəhayət ABŞ prezidenti qəzəbli kütləni sakitləşdirmək əvəzinə növbəti dəfə polisi dəstəkləyən sərt açıqlama verib. O, polis sistemində islahatlarla bağlı Konqresi Demokratlar Partiyasının təkliflərini qəbul etməməyə çağırıb.

Qeyd edilən amillərlə əlaqədar analitiklər hesab edir ki, hər şey xarizmatik Trampın öz sözləri ilə dediyi kimi "əla" olsa da, onun yenidən seçilmək şansı hər gün daha az görünür. "Ölkə cəmi dörd ay əvvəlkindən tamamilə fərqli bir vəziyyətdədir" - yazan “Politico” qəzeti Donald Trampın seçki mövqeyində kəskin eniş olduğunu bildirir.

Beləliklə, Trampın "yuxulu" adlandırdığı Co Bayden, milli reytinqlərdə və sosioloji sorğularda Ağ Evin hazırkı sahibindən artıq 8 faiz irəlidədir.

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.