Maurisiu Kardenas, Jan-Lyuk Restrepo
“Project Syndicate”, 22.06.2020
COVID-19 pandemiyası bəşəriyyətin necə qidalandığını yenidən müəyyənləşdirmək üçün bizə təkan verməlidir. Artıq dünya sağlam qidalanmaya, fermerlərin daha geniş çeşiddə məhsul istehsalına təşviq və səhiyyə, qida və kənd təsərrüfatı sektorları arasında əməkdaşlığı gücləndirməyə sövq edir. Bu, unikal fürsətdir. Kənd təsərrüfatı tədqiqatları qida sistemlərinin dəyişdirilməsində və daha davamlı olmasında mühüm rol oynaya bilər.
Dəyişikliyə ehtiyac açıq-aşkardır. Başlanğıc üçün, sağlam olmayan qidalanma COVID-19 ölümləri ilə əlaqəli aparıcı risk faktorlarından biridir. SARS-CoV-2 virusu həddindən artıq kilolu, şəkər diabeti və ya ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara qeyri-mütənasib şəkildə təsir edir – bunların hamısı pis qidalanma ilə əlaqələndirilir.
Bu böhran qlobal qida sisteminin həddindən artıq kövrəkliyini də ifşa edib. Virusun yayılmasının qarşısını almaq üçün sosial məsafə və karantin tədbirləri insanların gəlirlərini, beləliklə, qlobal qida tələbatını xeyli azaldıb. 2020-ci ilin yanvar-may ayları arasında meydana gələn qida məhsullarının qiymətindəki azalma dünyada yüz minlərlə kiçik fermer təsərrüfatlarının dolanışığına pis təsir edib.
Üstəlik, restoran və məktəblərin bağlanması, maddi-texniki təchizatın pozulması və məhsulu yığmaq üçün miqrant işçilərin çatışmazlığı kənd təsərrüfatında çoxlu sayda məhsul itkisi ilə nəticələnib. Bir çox fermer yeni məhsul əkinini başlamağa tərəddüd edir, baxmayaraq ki, bəzi yüksək rəqabət qabiliyyətli istehsalçılar çiçəkləniblər: məsələn, Braziliyanın Çinə soya ixracı 2020-ci ilin ilk beş ayında rekord səviyyəyə çatıb.
Lakin qida sisteminin kövrəkliyini nəzərə alsaq, hər hansı bir əlavə tədarük daralması və ya ixrac məhdudiyyəti son qiymət meyllərini sürətlə geri döndərə bilər. Ərzaq qiymətləri qlobal ərzaq təhlükəsizliyini pozaraq əhəmiyyətli dərəcədə yüksələr.
Həqiqətən, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı COVID-19-un başlatdığı iqtisadi böhran nəticəsində 101 xalis qida idxal edən ölkədə ən azı 14.4 milyon insanın yaxşı qidalana bilməcəyini təxmin edir. Fövqəladə ssenari halında 2020-ci ildə qlobal real ÜDM artımında 10 faizlik azalma 80,3 milyon nəfər deməkdir.
Buna görə də, qısa müddətdə hökumətlər pandemiyadan əziyyət çəkən şəxslərə və firmalara təkcə maddi dəstək verməməli, həm də qida böhranının qarşısını almaq üçün hərəkətə keçməlidir. Ticarətə mane olmaq əvəzinə, siyasətçilər onu asanlaşdırmalı və qida istehsalçıları ilə alıcılar arasında koordinasiya və məlumat mübadiləsini, xüsusən yerli səviyyədə inkişaf etdirməlidirlər.
Uzunmüddətli tədbirlər sağlam qidalanmanı təşviq etməlidir. Son 60 ildə qlobal rasion daha çox homogen hala gəlib və daha çox enerji istehlak edən və mikroelementləri az olan ənənəvi qidalar getdikcə üstünlük təşkil edir. Üç məhsul: düyü, qarğıdalı və buğda insanların bitkilərdən aldığı kalorilərin 50%-dən çoxunu təmin edir. Ümumən, kasıb insanlar meyvə, qoz-fındıq və s. zəngin qidaları istehlak etmirlər. Hər il təxminən 11 milyon insan sağlam olmayan rasiondan həyatla vidalaşır.
Yenidən rasiona gətirilə bilən qida növlərini müəyyənləşdirmək ən prioritet məsələdir. Məsələn, kvinoa, fonio və Afrika bambara qozu daha yüksək protein ehtiva edir və sərt mühitlərdə yetişdirilə bilər. Sonrakı araşdırmalar məhsulun daha yüksək olmasına və qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Hökumətlər və donorlar bu və bir çox digər “yetim” bitkilərin yetişdirilməsinə daha çox maliyyə ayırmaqla kömək edə bilər.
Bundan əlavə, tədqiqatçılar cari rasionlarda üstünlük təşkil edən bitkiləri, xüsusən də ən yoxsul əhalinin məhsullarını biofortlandırmaq üçün adi bitki yetişdirmə metodlarından faydalanar. Biofortifikasiya yüksək qidalı çeşidin selektiv çarpılması yolu ilə zəngin cücərtilərin inkişaf etdirilməsi deməkdir.
Təchizat düzəlişləri bununla bitməməlidir, çünki qida istehsalı ətraf mühitin pozulmasının və biomüxtəlifliyin itirilməsinin əsas səbəbkarıdır. Kənd təsərrüfatı çoxlu miqdarda şirin su istifadə və qlobal istixana qazı tullantılarının 30%-ini təşkil edir, habelə heyvandarlıq və məhsul yetişdirmək üçün təbii yaşayış yerlərini məhv edir. Bununla belə, kənd təsərrüfatı tədqiqatları uzun müddət daha yaxşı toxum, xəstəliklərə davamlı heyvanlar və daha səmərəli istehsal üsullarını inkişaf etdirməyə yönəldilmiş davamlılığı deyil, məhsuldarlığı artırmağa yönəlib. Hökumətlər maliyyə dəstəyi, tənzimləmə standartları və ticarət razılaşmaları ilə bu meyli təşviq ediblər.
Lakin ucuz kalori istehsal etmək və çatdırmaq uğrunda yarış, əsasən qidalanma və yerli inkişaf baxımından yan təsirə səbəb olub. “Kalorilər yarışı” məhdud sayda ölkələrin bir neçə əsas məhsullarına yönəldilən dəyər zəncirlərinə güvəndiyindən, bir çox digər ölkələr xalis qida idxalçısına çevrilib. Pandemiya, minlərlə mil məsafədə yerləşən bir neçə istehsalçıdan həddindən artıq və kövrək bir asılılığı, daha qısa və daha fərqli dəyər zəncirlərinə ehtiyac olduğunu vurğulayıb.
Mövcud qida istehsalı modeli əsasən inkişaf etmiş iqtisadiyyatlarda olan fermerlərə illik təxminən 600 milyard dollarlıq subsidiya ilə idarə olunur. Bu cür sxemlər həddindən artıq tədarük yaradır və qiymətləri aşağı salır, bununla da fermerlərinə dəstək vermək üçün maliyyə imkanları olmayan ölkələrdə ərzaq istehsalını məhdudlaşdırır.
Bu Qordi düyünün kəsilməsi bir neçə cəbhədə qətiyyətli hərəkət tələb edir. Daha müxtəlif və sağlam qidalanma məhsulları ilə bağlı əlavə araşdırmalara ehtiyacımız var; inkişaf etməkdə olan ölkələr bunların çoxunu istehsal edə bilər. Siyasətçilər bioloji müxtəlifliyi təbliğ edən və iqlim dəyişikliyinə uyğunlaşmaya əhəmiyyətli dərəcədə kömək edəcək torpaq və su keyfiyyətini yaxşılaşdıran bərpaedici istehsal sistemlərini də dəstəkləməlidirlər. Hökumətlər, beynəlxalq təşkilatlar və QHT-lər kənd təsərrüfatında tədqiqat gündəliyindəki bu geniş dəyişikliklərə imkan yaradan institusional mühitin formalaşmasında rəhbərlik etməlidirlər.
Pandemiya kənd təsərrüfatını dəyişdirmək üçün təcili ehtiyac olduğunu vurğulayıb. Bunun ardınca gedəcək iqtisadi yenidənqurma hamı üçün daha yaxşı qidalanma və sağlamlıq təmin etmək üçün mükəmməl bir fürsətdir.
Tərcümə: Strateq.az