Yunanıstan Türkiyənin regionda siyasi və iqtisadi sahədə atdığı addımların qarşısını ala bilmir. Buna görə də Türkiyənin xarici siyasətindən narazı olan qüvvələri öz ətrafına yığmağa çalışır. İsrail də bunlardan biridir. Lakin rəsmi Afina bir nüansı unudur: İsrail Türkiyə əleyhinə boş bir macəranın parçası olmaz.Bu sözləri
Axar.az-a açıqlamasında siyasi ekspert
Vüqar Zifəroğlu son vaxtlar Yunanıstanın Türkiyə əleyhinə İsraillə danışıqlara başlaması haqda məlumatları şərh edərkən deyib.
O bildirib ki, Yunanıstan İsraillə Türkiyəni üz-üzə qoymağa çalışır:
“Rəsmi Afina Ankara ilə başabaş rəqabət apara bilməyəcəyini yaxşı anlayır. Buna görə də Türkiyədən narazı ölkələri ətrafına toplamağa çalışır. Yunanıstan İsraillə yaxın təmasdadır. Rəsmi Afina Təl-Əvivin dəstəyini alaraq, Ankaraya daha effektiv təzyiq edəcəyini düşünür. Yunanıstan Egey dənizində İsrailə bəzi adaları güzəştə getmək təklifi edib. Hansı ki, İsrail bu adalardan hərbi hava qüvvələri üçün baza kimi istifadə edə bilər. Digər tərəfdən, rəsmi Afina Aralıq dənizində təbii qaz yataqlarının aşkar edilməsindən sonra bu yataqları türklərə güzəştə getmək istəmir. Buna görə də Yunan Kiprində İsrailə imtiyazların verilməsini təklif edib”.
Ekspertin sözlərinə görə, İsrail Türkiyə ilə münasibətlərin tam qırılmasına yol verməz:
“Bu gün İsrailin də Aralıq dənizində kifayət qədər ciddi maraqları var. Bu mənada rəsmi Təl-Əviv regionda baş verən ən kiçik prosesi belə yaxından izləyir. Düzdür, rəsmi Afinanın şirnikləndirici təklifləri pis deyil, lakin İsrail istənilən təklifi ölçüb-biçəcək. Birincisi, Yunanıstanın Egey dənizində bəzi adaları İsrailə təklif etməsi Təl-Əvivin maraqlarına uyğun deyil. Çünki bu adalar onsuz da Yunanıstanla Türkiyə arasında münaqişəli zona hesab edilir. İsrail belə bir münaqişənin içinə girib Türkiyə ilə üz-üzə gəlmək kimi bir riskə getməz. İkincisi, Şərqi Aralıq dənizində təbii qaz yataqlarının aşkarlanması regionun bütün ölkələri kimi, İsrailin də marağına səbəb olub. Bu mənada Yunanıstanın Cənubi Kiprdə İsrailə imtiyazlar verməsini daha məqbul addım saymaq olar”.
Ekspertin sözlərinə görə, İsrail rəsmi Ankara ilə mövcud vəziyyətdə ehtiyatlı davranır:
“Yəni İsrail Türkiyə ilə yaxınlaşmaq istəyir. İki ölkə arasında Qüds, Fələstin kimi problem var. Bir də Yunanıstanın təhriki ilə yeni problemin ortaya çıxması əlavə başağrısı deməkdir. Bu isə Təl-Əvivə lazım deyil”.