Vladimir Putin-2020-ci ilin əsas dünyəvi problemi?

28-06-2020, 20:23   
 

Son zamanlar dünya mətbuatı ilə tanışlıq belə bir təəssürat yaradır ki, bu ilin əsas problemi RF prezidenti Vladimir Putinin gələcəyidir. Demək olmaz ki, bu mövzu ilk dəfədir ki, qaldırılır -dünya dəfələrlə bu birmənalı olmayan personajın dünya siyasi səhnəsindən gedişinə hazırlaşıb, lakin hər dəfə tale (və ya başqa bir şey) öz gözlənilməz sürprizlərini təqdim edib. Bu gün tərəfdarlarının fikrincə, Putinin tezliklə gedəcəyindən xəbər verən ən dramatik ssenarilərdə təsvir olunan hansı “danılmaz” faktlar ortaya qoyulur? MDB-dən çıxmış postsovet ölkələrinin qalıqlarına hansı gələcək hazırlanır, V.Putinin gedişi, yoxsa fəaliyyətinin uzadılması?
Daxili radikal müxalifətin səsləri belə bir qənaətə gəlir ki, Putin günləri bitmək üzrədir, o, tam adekvat deyil və tezliklə ölkəni idarə edə bilməyəcək. Odur ki, gələn il hakimiyyətdə olmayacaq.  Hakimiyyətin ekstravaqant tənqidçisi Valeri Solovey Dövlət Şurasının yaradılmasına hazırlaşmağı təklif edir, çünki “pandemiya dövründə bunkerdə gizlənmiş” Putin özünün tamamilə səriştəsizliyini göstərdi. “Hakimiyyətin şaquliliyi”  yoxa çıxdı, Putin hər cür məsuliyyəti öz üzərindən atdı və onu regional hakimiyyətin üzərinə qoydu. Bu gün Putinin real reytinqi 15% - dən 25% - ə qədərdir”.
Daha əsaslı dairələr S. Belanovskinin müstəqil qrupunun təqdim etdiyi sosioloji araşdırmalara əsaslanır: “Rusiya cəmiyyətində ciddi ideoloji dəyişikliklər baş verir. Hələ 2011-ci ildə formalaşmağa başlayan və 2018-ci ildə “Krım fasiləsi”ndan sonra yenidən yaranmış federal hakimiyyətə mənfi münasibətin trendi 2020-ci ildə koronavirus pandemiyası ilə kəskin şəkildə gücləndirilib”. Əsas nəticələr arasında demək olar ki, cəmiyyətin bütün seqmentlərində daha çox narazılığa səbəb olan dövlət təbliğatının iflasa uğraması var,  mənfi fikirlərin obyekti şəxsən prezident Putin olub. Belə bir vəziyyət qurbanlarla müşayiət olunan kütləvi etirazlara səbəb ola bilər. Vəziyyət o qədər kritikdir ki, müasir “hərbi qəhrəmanlıq əməliyyatları”, keçmişə apellyasiya, “xoşbəxt” gələcək modelinin qurulması vasitəsilə ictimai rəyi yayındırmaq üçün sınanmış texnologiyalar öz qüvvəsini itirir. Yaranmış gerçəklik həddindən artıq sərt və xoşagəlməz görünür: unudulmuş vədlər, özünü doğrultmayan gözləntilər, pensiya islahatı, vergi və cərimələrin artırılması, işsizliyin və qiymətlərin artması, kiçik həcmdə dövlət yardımı..
Bir çox Qərb müşahidəçiləri bu qənaətləri təkrar edirlər: “İnsanlar narazılıqlarını bildirdikdə Putin əsəbi reaksiya verir. Ölkədə narazılıq yarananda onun ətrafı xaricdəki bədxahları ittiham etməyi sevir. İstənilən halda, prezident Rusiyanın reallığından elə uzaqlaşıb ki, çox güman ki, ölkədəki əsl əhval-ruhiyyəni anlamır. Azsaylı müstəqil KİV və ictimai rəyin öyrənilməsi institutları təzyiq altında olduğundan onu hiss etmək daha da çətindir”, - Zilke Biqalke “Staqnator”məqaləsində yazır. Süddeutsche Zeitung. 24.06.20
Belə şəraitdə hələlik fəaliyyət göstərən (məhdudiyyətlərlə) iki resurs qalır: Böyük Vətən Müharibəsi və Krımın anneksiyası. Bu mövzular V. Putinin iyunun 18-də Amerikanın “National interest” konservativ jurnalında (Rusiya ilə dialoqa tərəfdar olan dairələri təmsil edənlər) və daha sonra Kremlin saytında dərc edilmiş  “Böyük Qələbənin 75 illiyi: tarix və gələcək qarşısında ümumi məsuliyyət” adlı məqaləsinə daxil olub.
Qərb mətbuatının və alimlərinin, ümumilikdə mənfi rəylərini çatdırmağa səbəb yoxdur, baxmayaraq ki, bəzən Rusiya prezidentinin bəzi tezislərinin doğru olduğunu müdafiə edənlər də olur (məsələn, britaniyalı tarixçi Riçard Evansı narahat edir ki, Aİ-də SSRİ və nasist Almaniyası arasında bərabərlik işarəsi getdikcə daha çox qoyulur) - oxucu onlarla tanışdır və ya müstəqil şəkildə tanış ola bilər. Qərb jurnalistləri və analitiklərinin fikrincə, məqalənin güddüyü məqsədləri sadalamaq olar: Krımın anneksiyasına haqq qazandırmaq, pandemiya fonunda Qərbdə baş qaldıran ciddi problemlərdən istifadə etmək cəhdi. Burada həm ABŞ-ın dünya liderliyinin böhranı, həm Vaşinqtonun Brüssellə mürəkkəb münasibətləri, NATO-da nifaq, ABŞ-da bütün dünyaya səs salan irqi gərginlik,   həm də Avropa İttifaqında antiböhran strategiyası ilə bağlı bitib-tükənməyən debatlar var. Əsas məqsəd Rusiyanın daimi əsaslarla dünya siyasətində aparıcı yerlərdən birini tutmaq hüququnu qazanmasıdır.
Bu məqalənin müzakirəsi fonunda V.Putinin “Rossiya–1” (21.06.20) telekanalında efirə gedən “Moskva.Putin. Kreml” proqramındakı çıxışı daha az diqqət çəkib. Bu çıxış zamanı prezident əsasən qeyd edib ki,   Sovet İttifaqı yaradılarkən onun tərkibinə daxil olan bir çox respublikalar  “çoxlu sayda Rusiya torpaqları” və “ənənəvi tarixi Rusiya əraziləri”ni alıblar. Və Rusiya prezidentinin fikrincə, SSRİ-nin tərkibindən çıxarkən bu respublikaların hər biri “nə ilə gəlmişdi, onunla da çıxmalı idi” və “rus xalqından hədiyyələri özü ilə aparmamalı idi”. “Sovet İttifaqı yaradılarkən müqavilədə ondan çıxmaq hüququ yazılmışdı, lakin prosedur yazılmamışdı”, ona görə də dövlətlərin SSRİ-dən çıxması qeyri-legitim idi.
Putin məhz hansı respublikaları və hansı torpaqları nəzərdə tutduğunu dəqiqləşdirməyib, lakin “Böyük Qələbənin 75 illiyi” məqaləsində Polşa haqqında qeyd olunan hissə diqqəti özünə çəkir: “Sovet təsir dairəsinə yalnız əsasən Ukrayna və Belarus əhalisinin yaşadığı ərazilər yox, həm də Buq və Visla çayları arasındakı tarixi Polşa torpaqları da düşüb. Bu fakt haqda indi heç də hamı bilmir”. Və sonra: “1939-cu ilin oktyabrında Vilno şəhəri və ona bitişik, əvvəllər Polşanın tərkibinə daxil olmuş vilayət Litvaya qaytarıldı. Qalan iki Baltikyanı respublikaya ərazi iddiaları isə yəqin ki, prezidentin televiziya çıxışında adsız təqdim olunur. Bu siyahıda sözsüz ki, əvvəllər “ərazi iddiaları” ilə bağlı tez-tez adı çəkilən Qazaxıstan, daha sonra isə göründüyü kimi, istənilən postsovet ölkəsi var. İddiaların bitməyən sesessiya forması aldığı Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovadakı vəziyyətə xüsusi diqqət yetirək.
Niyə prezident Putin bu mövzuya qayıdır? Yaxın izahat ondan ibarətdir ki, MDB-də olan postsovet ölkələri ABŞ, Çin və Aİ-ni daha səxavətli və etibarlı tərəfdaşlar hesab edərək özlərinə xarici asılılığın yeni istiqamətlərini çiziblər. Belarusda bu yaxınlardakı yüksəliş və maydan ovqatının yatırılması nümayiş etdirdi ki, Rusiya MDB ölkələrini öz himayəsi altında saxlamaq üçün kifayət qədər gücə malikdir. Bundan əlavə, bu dövlətlərdə avtoritar rejimlərin (ola bilsin Moldova və qismən də Ermənistan istisna olmaqla) idarə edilməsi olduqca oxşardır, bəzən də Rusiyada üstün avtoritarlıq bu rejimlərin liderlərinin şəxsən Putinə “sadiq” olmasının rəhnidir, çünki məhz o, onların hakimiyyətlərini saxlamasının qarantıdır.   Belə çıxır ki, Putin MDB-dən (nə vaxtsa özünün adlandırdığı postsovet ölkələrinin “boşanma aləti”) daha dayanıqlı siyasi sistem yaratmaq istərdi? Görünür, bunu həm daxili siyasi şərait,  həm də xarici siyasi düzən tələb edir.
MDB ölkələri ilə münasibətlərin (onlar isə sadə olmayacaqlarını vəd edirlər, hələ münaqişəli demirik) daxili rezervi kimi bu dövlətlərdə rus əhalinin vəziyyətinin “pisləşməsi” halında yayındırıcı manevr ola bilər, eyni zamanda “xəyanətkarlara” (Ukrayna və Gürcüstan) həyəcan siqnalı verməklə.
Xarici rezerv kimi  ilk növbədə vaxtilə sosialist düşərgəsinə daxil olmuş Şərqi və Cənub-Şərqi Avropa ölkələrinə aid yeni siyasətin formalaşdırılmasıdır. Söhbət Putinin SSRİ-nin bərpası ideyasına mübtəla olmasının bəzi müşahidəçilər tərəfindən necə təqdim edilməsindən getmir, hər şey  daha sadədir: Putin NATO-nun artıq kritik nöqtəyə çatan “şərq”ə  doğru bitmək bilməyən irəliləyişini dayandırmaq istəyir. ABŞ-Çin tandeminin Rusiyanın “cənub qurşağından” irəliləməsi bu ölkənin geosiyasi əhatəsi prosesini onun süqutu məqsədilə başa çatdıra bilər.
Göründüyü kimi, Rusiyanın seçimi o qədər də böyük deyil. Və təbii ki,  sual yaranır: V. Putinin gedəcəyi təqdirdə vəziyyət dəyişəcəkmi? Tarixi təcrübə bu suala mənfi cavab verməyə məcbur edir: NATO-nun şərqə doğru hərəkəti B.Yeltsinin “demokratik” Rusiyası dövründə başlamışdı. Belə çıxır ki, müasir siyasətçilər və böyük dövlətlərin rəhbərləri dünyanı növbəti müharibəyə məqsədyönlü şəkildə sürükləyirlər ki, onun da adı ya “üçüncü”, ya da “sonuncu” olacaq.
Andreas Umlandın “Nə üçün Putinin Krımı qazanması müvəqqəti haldır” (Focus, 22.06.20) məqaləsində gəldiyi nəticə üzərində düşünək: “Avropalı diplomatlar və siyasətçilər Putin siyasi səhnəni tərk edən kimi baş verəcək Şərqi Avropanın gələcək iri geosiyasi dəyişikliyinə artıq bu gündən köklənməlidirlər”.
Nə olursa, olsun, MDB ölkələrini heç də asan olmayan gələcək gözləyir...

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.