Avropa İttifaqını tərk edəndən sonra Böyük Britaniya ilk dəfə müstəqil qaydada bəzi ölkələrin (Rusiya, Səudiyyə Ərəbistanı, Myanma, Şimali Koreya) vətəndaşlarına sanksiyalar tətbiq edib. İlk sanksiya siyahısına düşənlər arasında insan hüquqlarının pozulmasında iştirak edən ruslar da var. Onlardan ən məşhuru Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkindir.“Qara siyahı”dakı rusların ümumi sayı
25-dir. Dərhal qüvvəyə minən sanksiyalar həm ölkəyə giriş qadağasını, həm də onların Birləşmiş Krallıqdakı bütün aktivlərinin dondurulmasını nəzərdə tutur.
“Bu gündən etibarən Böyük Britaniya insan hüquqlarının ciddi pozulmasında iştirak edən şəxslərin ölkəmizə girməsini, banklarımıza pul göndərməsini və iqtisadiyyatımızdan bəhrələnməsini qadağan etmək üçün yeni səlahiyyətlər qazanır”, – deyə Britaniyanın xarici işlər naziri
Dominik Raab bildirib.
“Maqnitski qanunu”nun əsas lobbçilərindən olan
Bill Brauder isə bildirib ki, keçmişdə hökumət bu və ya digər hadisə ilə bağlı narahatlığını ifadə etmək üçün bəyanat verməklə kifayətlənirdi. İndi isə vəziyyət dəyişib:
“İstər Maqnitskinin ölümü, istər Xaşuqcinin qətlə yetirilməsi ilə bağlı dərin narahatlıq ifadə etmişdik. İndi isə bizi narahat edən məsələlərlə bağlı sanksiya tətbiq edirik. Mən bunu qələbə kimi qiymətləndirirəm”.Dominik Raab sanksiyaların Myanmada rohincaları təqib edənlərə də şamil olunacağını deyib.
Dominik Raab“Britaniya dünyada xeyrin qüdrətli gücünə çevrilməlidir. İnsan hüquqları sahəsində dəhşətli pozuntulara yol verənləri məsuliyyətə cəlb edəcəyik. Əlləri qana batanlar ölkəmizə sərbəst girə, burada əmlak ala, alış-veriş edə, çirkli pullarını Britaniya bankları vasitəsilə köçürə bilməyəcəklər”, – deyə D.Raab Britaniya parlamentindəki çıxışı zamanı bildirib.
D.Raab sanksiya məsələsi ilə bağlı “Maqnitski siyahısı”nı qəbul etmiş ABŞ və Kanada ilə müzakirələr aparacaqlarını da qeyd edib.
Böyük Britaniya siyahıdakı
25 nəfərin Sergey Maqnitskinin ölümündə iştirak etdiyini hesab edir. Onların əksəriyyətinin adı Kardinin (ABŞ-ın Avropadakı Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının keçmiş sədri) siyahısından məlum idi.
Britaniyanın tərtib etdiyi siyahıda Kardinin daxil etdiyi adların bəziləri yoxdur. Bunun əvəzinə ABŞ-ın xüsusi paket şəklində sanksiyalar tətbiq etdiyi şəxslər var. Məsələn,
bir vaxtlar Maqnitskinin heç vaxt işgəncəyə məruz qalmadığını iddia edən müstəntiq Boris Kibis.Sanksiya qərarına qarşı tərəfin də cavabı gecikməyib. “İnterfaks”ın xəbərinə görə, adı açıqlanmayan Rusiya diplomatı rəsmi Moskvanın bu məhdudlaşdırıcı qərara cavabsız qalmayacağını bəyan edib:
“Son illərin təcrübəsi Londondakı həmkarlarımıza heç nə öyrətməyib. İkitərəfli münasibətləri getdikcə daha dərin böhrana sürükləyirlər. Onlar bu addımı şüurlu şəkildə atır və nədənsə haqlı olduqlarını düşünürlər. Ancaq çox yanılırlar. Bizdən istədiklərini ala bilməyəcəklər. Üstəlik, münasibətləri düzəltmək daha mürəkkəb olacaq”.Siyahıya Britaniyanın Camal Xaşuqcinin qətlində iştirak etdiyini düşündüyü
20 Səudiyyə vətəndaşı, həmçinin Myanma silahlı qüvvələrinin rohinca xalqına qarşı sistemli və qəddar zorakılıqlarında iştirak edən
2 generalı da daxil edilib.
Şimali Koreyaya qarşı sanksiyalar KXDR düşərgələrində məcburi əmək, işgəncə və insan ölümünə görə məsuliyyət daşıyan iki təşkilata şamil olunub.
“Yeni sanksiya rejimi konkret dövlətlərə yönəlməyib. Onun məqsədi insan hüquqlarını pozanları harada olmalarından asılı olmayaraq məsuliyyətə cəlb etməkdir”, – deyə Britaniyanın Moskvadakı səfirliyindən bildiriblər.
“Biz fərdi sanksiyaların işlədiyinə əmin olduq. Sanksiyaların mahiyyəti hər hansı bir ölkəyə ziyan vurmaq deyil. Məqsəd, həmin ölkənin siyasətində bizi nəyin qane etmədiyini dəqiq şəkildə göstərməkdir”, – adının açıqlanmasını istəməyən avropalı məmur BBC-yə bildirib.
QRU-nun keçmiş əməkdaşı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsindən sonra Rusiya ilə Britaniya arasındakı münasibətlər heç də ürəkaçan deyildi. Rusiyadan fərqli olaraq Britaniya Səudiyyə Ərəbistanı ilə daha yaxın münasibətlərə malikdir. Bu ölkə Britaniyanın Fars körfəzindəki ən böyük müttəfiqlərindən biridir. Lakin görünən odur ki, bütün bunlar Britaniyanı Səudiyyə ilə bağlı məlum sanksiya qərarından daşındırmadı…
Tərcümə Strateq.az-ındır