Azərbaycan təhsil sistemində uğurlarla yanaşı neqativ hallarda yox deyil. Əfsus ki, bəzən bu neqativ hallar səlahiyyət sahiblərinin bilərəkdən yol verdikləri ciddi nöqsanlar sayəsində meydana çıxır.
Biz bu günlərdə Beyləqan Təhsilindən, o cümlədən də bu rayonun təhsil sisteminə rəhbərlik edən Tofiq Sadıqvdan əldən etdiyi faktlarda da yuxarıda qeyd etdiyimiz fikirlər təsdiqini tapır.
Səhihliyinə şübhə etmədiyimiz mənbənin bizə verdiyi məlumata görə, T. Sadıqov uzun illər rəhbərlik etdiyi təhsil sektorundan ağıllara gəlməyəcək yollarla pul qazanmaq növləri icad etməyə davam edir.
Bunlara misal olaraq, məktəblərə qanunsuz müəllim qəbulundan tutmuş, qiyməti dəfələrlə şişirdilmiş məktəb ləvazimatlarının alışına, müəllim heyətinin sayından tutmuş, məktəb direktorlarından sözün həqiqi mənasında dodaq uçuqladacaq qədər böyük pulların yığılmasını göstərə blərik.
Əvvəlcə T. Sadıqovun bu günə kimi heç kimin ağlına gəlməyən vasitələrdən istifadə edərək məktəb direktorlarını necə tora saldığına diqqət yetirək.
İddiaya görə, bu ilin 26 May tarixində T. Sadıqov rayonun 1 saylı məktəbinin direktoru Vüqar Quliyevə qarşı kino ssenarilərini geridə qoyacaq plan qura bilib. Belə ki, rayonda qonaq olan qəzetlərdən birinin xanım əməkdaşını (qəzetin və həmin xanımın adı bizə məlumdur – red.) gecələmək üçün otelə deyil, məhz 1 saylı orta məktəbə yollayan T. Sadıqov, daha sonra məktəb direktorunun vəzifəsini əlindən almaq üçün həmin ünvana polis də yollayıb. Mayın 26-dan 27-ə keçən gecə polis basqını ilə rayon polis idarəsinə aparılan xanım jurnalist və onun məktəbdə gecələməsinə əlacsız razılıq verən məktəb direktoru V. Quliyev bu tapşırığın birbaşa Tofiq Sadıqovdan gəldiyini heç kimə sübut edə bilməyiblər. Nəticədə T. Sadıqov “qurbanı” olan V. Quliyevi dərhal vəzifədən azad etmək barədə əmri imzalayıb. Amma qurduğu plan arzuladığı kimi onun xeyrinə deyil ziyanına işləyib. Buna səbəb isə V. Quliyevin günahsız olduğunu sübut etmək üçün Təhsil Nazirliyinə üz tutması olub.
Qurduğu planın iflasa uğramasından sonra Tofiq Sadıqovun vəzifədə qalıb-qalmaması məsələsi gündəmə gəlib. Bu zaman dövrüəyə girən köhnə hami, Kadların İdarə Olunması Şöbəsinin müdiri Fərzəli Qədirov yenə işinin öhdəsindən layiqincə gələ bilib. Doğrudur, bu qurtuluş Tofiq Sadıqova baha başa gəlsə də, hər halda Təhsil Şöbəsinin möhürünü təhvil verməkdən bu dəfə də canını qurtara bilib. Vüqar Quliyevə gəlincə, Bakı səfərindən bütün hallarda qazanclı çıxan o olub. Əldə etdiyimiz məlumata görə o, yenidən vəzifəsinin başına dönüb və bu gün də Beyləqan rayon 1 saylı məktəbi idarə edir…
Tofiq Sadıqovun səlahiyyətlərində sui-istifadə cəhdləri, təksə məktəblərdən otel kimi istifadə etməsi ilə yekunlaşmır. Digər mənbəmizin bizə verdiyi məlumata görə, o, dövlət büdcəsinə də kəm gözlə baxmaqdan çəkinmir.
Daha doğrusu, müxtəlif təlabat mallarının alınması zamanı yaxın adamlarını işə salan T. Sadıqov bu vasitə ilə xeyli qazanc əldə edə bilir. Məslən, 2013-cü ildə Müxtəlif blankların satın alınması üçün Əkbərov Nicat Ramil oğlu ilə işbirliyi quran T.Sadıqov ona əvvəlcə 8260 AZN pul ödəyib. Daha sonra isə həmin şəxsə “dəftərxana ləvazimatlarının satın alınması” üçün daha 38474 AZN ayırmağın məqsədə müvafiq olduğuna qərar verib. Bu minvalla Əkbərov Nicat Ramil oğlu ilə 1 ildə 46734 manatlıq alver baş tutub. Amma ayıqlığını əldən verməyən T.Sadıqov 2014-cü ildə eyni əməliyyatı həmin şəxslə deyil, yeni “ortağı” ilə reallaşdırıb. Bu dəfə bəxti gətirən şəxs Hüseynli Fərid İmankişi oğlu olur. Əvvəlcə ondan 11900 manat müqabilində müxtəlif blankları satın alan T. Sadıqov daha sonra əvvəlki ildə olduğu kimi dəftərxana ləvazimatlarının satın alınması üçün işbirliyi qurur. Son əməliyyat üçün dövlət büdcəsndən 38000 manat pul silinir. Beləliklə Beyləqan təhsilinin toxunulmaz rəhbəri dövlət büdcəsindən 49900 manat vəsait silərək bu məbləğə alına biləcək ləvazimatların təxminən yarısını almış olur. Yerdə qalan məbləğin isə aqibəti barədə heç bir rəsmi məlumat yoxdur.
Bundan əlavə, “tender biznesində” uğuruna uğur qatan T. Sadıqov 2013 və 2014-cü illərdə “Paritet-M” MMC ilə “Məktəbli formasının satın alınması”, “Yumşaq inventarların satın alınması”, “İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması” adları altında 85077 manat pulun da dövlət büdcəsindən silinməsinə müvəffəq ola bilib. Əlbəttə, bu zaman o, yenə Təhsil Nazirliyində mühüm vəzifə tutan Fərzəli Qədirovun heyrətamiz gücünə arxayın olub.
“Təhsil biznesində daha hansı sehirbazlığı edə bilərəm?” sualına özünəməxsus tərzdə cavab verməyi sevən Tofiq Sadıqov Azərbaycanın hüdudlarından min kilometrələrcə uzaqda olan və illərlə (2 il – red.) Vətənə gəlməyən Əliyeva Arzu Ramiz qızının adını müəllim kontengentinin arasına yazmaqla tapıb. Biz bu qorxusuz əməliyyatda A.Əliyevanın Beyləqan Rayon İcra Hakimiyyətində Təhsil Səhiyyə və Mədəniyyət üzrə müşavi işləməsinin nə dərəcədə rol oynadığını deyə bilməsək də, hər halda Təhsil Nazirliyinin təşkil etdiyi TİMS-i (Təhsilin İdarəolunmasının Məlumat Sistemi) aldada bilməkdə ciddi rol oynadığını təxmin edə bilirik. Əks halda 1982 nəfər təşkil edən müəllim kollektivini Naziliyin məlumat bazasına 2440 nəfər təqdim etmək o qədər də asan olmazdı. Başqa sözlə, əgər T. Sadıqov Ramiz Əliyevin qızını qanunsuz olaraq işə götürüb, hər ay ona maaş verə bilirsə, deməli, Allahyarlı kənd tam orta məktəbinə də qiyabi təhsil alan və hələ diplom üzü görməyən şəxsləri də 3 min manat qarşılığında işə götürə bilər.
Əziz oxucular! Beyləqan Təhsil Şöbəsindən və onun toxunulmaz rəhbərindən əlimizdə kifayət qədər çox məlumat olsa da, onların hamısını eyni yazıda təqdim edə bilmirik. Amma hesab edirik ki, yaxın günlərdə Tofiq Sadıqovun Rauf Cavadov adlı iş adamı ilə hansı əlaqələrinin olduğunu və ya məktəb direktorlarından 250 min manat pulu niyə yığdığını diqqətinizə çatdırmağımızda heç bir problem olmayacaq.