Bir neçə gün ərzində Ermənistan-Azərbaycan sərhəddində atışma və hər iki tərəfdən qurbanların olması Ermənistan-Azərbaycan münaqişəsinin yeni mərhələyə keçdiyini göstərir, almaniyalı müşahidəçi belə hesab edir.
Bir neçə gündür ki, Ermənistan və Azərbaycan arasında sərhəddə ağır hərbi texnikadan istifadə etməklə atışma davam edir. Tərəflər eskalasiyada bir-birini ittiham edirlər. Bir neçə ildir ki, regionda durum bu cür gərginləşməmişdi və indiki atışma Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə gərginliyin səngiməsi mərhələsini tamamlayır. Almaniyalı politoloq, Henrix Bell Fondunun Cənubi Qafqaz bürosunun rəhbəri Ştefan Mayster (StefanMeister) DW-ya müsahibəsində bildirib.
DW: İndiki eskalasiya sizin üçün gözlənilməz oldumu?Ştefan Mayster
: Yəqin ki, belədir. Onun planlaşdırıldığını düşünmürəm. Daha çox təsadüfi yaranan gərginliyə bənzəyir. Güman ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri təsadüfən Ermənistan ərazisinə düşüblər və Ermənistan tərəfi də dərhal buna reaksiya verib. Vəziyyət gərginləşib: atışmaya ağır hərbi texnika cəlb edilib. Buna qədər biz Azərbaycan tərəfindən təcavüzkar ritorikanı müşahidə etsək də hesab etmirəm ki, bu, hazırlanmış əməliyyat idi.
- Azərbaycan yüksək rütbəli zabitini, müdafiə nazirinin müavinini itirdi. Bakının bu itkiyə görə qisas almaq cəhdlərini gözləyirsinizmi?- Axı biz görürük ki, bir hərəkət dərhal cavab reaksiyası doğurur. Hazırda kifayət qədər çox adam həlak olub. Mən ona əsaslanıram ki, yaxın vaxtlarda münaqişənin eskalasiyası davam edəcək. Hər iki ölkənin hökumətləri müxtəlif səbəblərdən təzyiq altındadır: koronavirus pandemiyası dövründə pis dövlət idarəçiliyi, iqtisadi çətinliklər. Onların heç biri bu gün zəif görünməyi özünə rəva görmür.
-
Bir neçə gün öncə Azərbaycan prezidenti Dağlıq Qarabağ ətrafında dondurulmuş münaqişənin nizamlanması kontekstində müharibədən danışmışdı. Belə bəyanatlara münasibətiniz necədir?- Bu ritorika yeni deyil, böyük münaqişə və ya müharibəyə başlamaq təhlükəsi təəccüb doğurmur. Mən onları yenidən qiymətləndirməzdim. Mənə belə gəlir ki, mənim gördüyüm şey Bakıdakı dərin məyusluqdur: Ermənistanda “məxməri inqilab”dan və Nikol Paşinyanla birlikdə yeni rəhbərliyin hakimiyyətə gəlməsindən sonra ümid vardı ki, dəyişikliklər olacaq və hərəkət başlayacaq. Bu ümidlərə son qoyuldu.
Heç bir əhəmiyyətli dəyişiklik yoxdur və Azərbaycan tərəfi narazıdır və prezident Əliyev bunu dəqiq ifadə edib. Eskalasiya Dağlıq Qarabağla sərhəddə yox, Ermənistan-Azərbaycan sərhəddində baş verdi – bu, Dağlıq Qarabağ probleminə bilavasitə aidiyyatı olmayan dövlətlərarası münaqişədir. Biz yenidən, əgər belə demək mümkündürsə, eskalasiyanın çox tez baş verə biləcəyi adi vəziyyətdəyik. Bugünkü vəziyyət bu münaqişənin həqiqətən nə qədər təhlükəli olduğunu və hər iki tərəfin uzağa getməyə hazır olduğunu göstərir. Mənə elə gəlir ki, Avropa İttifaqında və bütövlükdə Qərbdə bunu lazımınca qiymətləndirmirlər.
- Siz yəqin ki, gördünüz ki, Bakı Türkiyə tərəfindən dəstəklə bağlı siqnal aldı. Buna Ankaranın Ermənistanla Azərbaycan arasında münaqişəyə cəlb olunmağa hazır olması kimi baxmaq olarmı? Türkiyə nümayəndələrinin sözlərində yeni bir keyfiyyət görürsünüzmü?- Mən belə deməzdim. Bəli, Ankaranın reaksiyası çox tez gəldi. Ancaq Türkiyə tərəfindən Ermənistanı tənqidlə birlikdə Azərbaycanı şifahi dəstəkləmək hər zaman olur, bu, məlum sxemdir, odur ki, bu, gözlənilməz deyil və düşünmürəm ki, həmin sözlər Türkiyənin bu münaqişədə iştirak etməyə çox hazır olduğunu göstərir.
Son aylar Rusiyanın və KTMT-nin şifahi dəstəyinin kifayət qədər zəif olmasına görə Ermənistan tərəfin bir qədər məyus olduğunu görürəm. Üstəlik, eyni vaxtda Türkiyə dərhal öz müttəfiqinin tərəfində oldu. Amma hesab etmirəm ki, Türkiyənin Rusiya ilə münasibətləri baxımından Ermənistanla Azərbaycan arasında münaqişənin eskalasiyasında və ya böyük iştirakda müəyyən marağı var.
-Paşinyan hökumətinin Moskvadan müstəqil siyasət yürütməsinin Yerevana təsir etdiyini deyə bilərikmi?- Məsələ də bundadır: Kremlin soyuq reaksiyası- bu, belə cavabdır? Demək lazımdır ki, Moskva üçün bu, əlbəttə, vacib münaqişədir, lakin onlardan yalnız biridir. Düşünürəm ki, bu gün də əsas diqqət Donbasdakı vəziyyətə və Ukrayna ilə münasibətlərə yönəlib. Ola bilsin ki, Rusiya tərəfindən heç bir kəskin fikir gözləməyə dəyməz.
Moskva əvvəlkitək özünü tərəflər arasında vicdanlı vasitəçi kimi hiss edir. Buna baxmayaraq, Ermənistanda diskussiya var və Paşinyanı tənqid edirlər ki, o, günahkardır (tənqidçilərin nöqteyi-nəzərindən Moskva tərəfindən Yerevana dəstəyin yetərincə olmamasında – Red.). Amma mən daha ehtiyatlı olmağa və çox mürəkkəb şərhlərdən çəkinməyə üstünlük verirəm.
- Regionda gərginliyin azalması üçün hansı zəminləri görürsünüz? - Rusiyanın xarici işlər naziri Lavrov bəyanat verdi və hər iki tərəflə danışıqlar apardı. Rusiya bu münaqişədə əsas rol oynayır. ATƏT-in Minsk Qrupunda da Moskva vacibdir və indiyədək hər iki tərəfi danışıqlar masası arxasına əyləşdirmək iqtidarında olub. Mən güman edirəm ki, Rusiya yenə də bu rolu öz üzərinə götürəcək və münaqişənin deeskalasiyasına nail olmağa cəhd göstərəcək.
Lakin zənnimcə, nəzərə almaq lazımdır ki, hər iki ölkənin hökumətlərinin mövqeyi bir qədər zəifləyib. Nəinki Azərbaycana, həm də Ermənistana yəqin ki, bundan sonra necə olacağı aydın deyil. Düşünürəm ki, indiki vəziyyətdə beynəlxalq vasitəçi tələb olunur.
turan.az