l
“Xabarovskdakı etirazlar Kremlin nəzarət etdiyi çoxpartiyalı sistemi işləməz hala gətirir”Artıq bir neçə gündür ki, Rusiyanın Xabarovsk vilayətinin qubernatoru və Vladmir Jirinovskinin Liberal Demokratlar Partiyasının üzvü Sergey Furqalın həbsindən sonra Xabarovsk şəhərində izdihamlı mitinqlər keçirilir. Mitinq iştirakçıları Sergey Furqalın azadlığa buraxılmasını tələb etməklə yanaşı, Kreml əleyhinə şüarlar səsləndirirlər.Müşahidəçilər bildirirlər ki, Vladimir Putinin hakimiyyəti dövründə bu cür geniş miqyaslı kütləvi etiraz aksiyasına heç vaxt rast gəlinməyib. Qeyd olunur ki, əslində Xabarovskda baş verənlər əhalinin təkcə Furqalın həbsinə yox, ümumilikdə mərkəzi hakimiyyətə qarşı illər boyu yığılmış narazılığının bariz təzahürüdür.
“AzPolitika.info” xəbər verir ki, Xabarovskda baş qaldıran etirazlarla bağlı ABŞ-ın nüfuzlu “The New York Times” qəzetində
“Rusiyanın səhnələşdirilmiş siyasətində çatlar yaranıb” başlıqlı məqalə dərc edilib. Həmin məqalənin tərcüməsini diqqətinizə çatdırırıq:
“Millətçi və təhrikçi Vladimir Jirinovski uzun müddət ərzində artan ictimai narazılığın üzə çıxarılması üçün buxar qazanının qapağı rolunu oynayıb. Ancaq əslində o, həm də həlledici anlarda Vladimir Putinin dəstəkçisi olub. Xabarovsk vilayətinin populyar qubernatoru və Jirinovskinin partiyasının üzvü Sergey Furqalın həbsi ilə bağlı yaranmış hiddət, Kremlin uzun illər ərzində incəliklə cilaladığı “siyasi sistem müxalifəti” imitasiyasını sarsıdıb.Rusiyanın Sakit okean sahilindəki Xabarovsk vilayətinin qubernatoruna dəstək mitinqi dörd gün davam edib. Bu, Putinin ölkədəki daxili siyasi zəmindəki qeyri-sabitliklə qarşılaşmasının növbəti göstəricisidir.
Rusiyalı politoloq Yuri Korqunyuk mövcud vəziyyəti belə şərh edir:
“Cəmiyyət idarəedilməz olmağa başlayır. Köhnə vasitələr artıq işləmir. İctimai narazılığı yönləndirmək üçün Kreml uzun müddət “sistem müxaifəti”ndən istifadə edib və onlar arasında ən tanınmış partiyalar kommunistlər və Jirinovskinin millətçiləri olub. Lakin Furqalın həbsi ilə bağlı Xabarovskda yaranan ictimai qəzəb, Kreml tərəfindən nəzarət edilən çoxpartiyalı sistemi işləməz hala gətirir”.Kommunistlər və millətçilər tez-tez Putini tənqid edirlər, sonradan isə prezident seçkisində böyük səs fərqilə ona uduzurlar. Şəxsən Jirinovski üç dəfə məğlub olub. Elə həmin proses regional səviyyədə də təkrarlanır. Seçkilər zamanı kommunistlər və millətçilər müxalif səsləri öz aralarında bölüşürlər və beləliklə də hakim
“Vahid Rusiya” Partiyasının qələbəsinə təminat yaradırlar.
Belə güman edilib ki, metal tullantıları ticarəti ilə məşğul olan Segey Furqal da 2018-ci ildə Xabarovsk vilayətinin qubernatoru vəzifəsinə namizədliyini irəli sürəndə, məhz həmin rolu oynamalıydı. Lakin 2018-ci ildə Furqal siyasi elita əleyhinə əhval-ruhiyyənin kəskinləşməsi dalğası üzərində seçkilərdə qalib gələ bildi və həmin vaxt Moskva əsl şok keçirdi.Bundan sonra Kremlin nə vaxtsa onu öz tərəfinə çəkməyə çalışacağı və ya onu vəzifəsindən kənarlaşdıracağı barəsində mülahizələr səslənməyə başladı.
Nəhayət, 9 iyul tarixində gözlənilən baş verdi. Xüsusi xidmət əməkdaşları onu həbs edərək, Moskvaya apardılar. Furqalı 2000-ci illərin əvvəlində törədilmiş bir neçə qətldə ittiham edirlər.Qəzəblənmış Xabarovsk əhalisi isə Furqalın həbsini onların demokratik seçim haqqından açıq şəkildə məhrum olunması kimi qəbul edirlər.
Ona görə də 11 iyulda on minlərlə insan etiraz aksiyasına çıxdı ki, bu da 1990-cı illərin əvvəlindən indiyədək həmin regiondakı ən iri miqyaslı etraz olub.İctimai qəzəbin püskürməsi Jirinovskini çətin vəziyyətə salıb. Əgər Jirinovski alovun üstünə daha çox yağ tökərsə, bu, Putini qəzəbləndirə bilər. Və bu zaman Jirinovski öz siyasi mövqeyini, əldə etdiyi maliyyə imkanlarını təhlükə altına qoymuş olar.
Hələ ki, Jirinovski orta mövqe nümayiş etdirir. Düzdür, Jirinovski Rusiya parlamentində Furqalı müdafiə edən nitq söyləyərək, Putini Stalin ruhunda repressiyalarda ittiham etsə də, öz tərəfdarlarını sanksiyalaşdırılmamış aksiyalarda iştirak etməməyə çağırıb. Jirinovksi belə aksiyaların neqativ nəticələr verəcəyi xəbərdarlığı ilə çıxış edib.
Məsələ ilə əlaqədar Yuri Korqunyuk deyir:
“İndi vəziyyət elədir ki, Jirinovski müxalifətçiliyini göstərməlidir, amma gerçəkdən müxalifətdə olmaq təhlükəlidir. Çünki Jirinovski öz partiyasına biznes strukturu kimi yanaşır və ona görə də o, hakimiyyətlə münasibətləri korlamaz”.Kremlin özü və Jirinovski üçün problem yaradan Furqalın həbsi faktı və bundan sonra baş verənlər Aleksey Navalnı kimi inadkar müxalifətçinin əlinə yaxşı imkan verir. Populist və bəzi hallarda isə millətçi çağırışları ilə tanınan Navalnı elə Jirinovski kimi həmin ictimai narazılıq dalğasına söykənir.
“The New York Times” qəzetinə verdiyi müsahibəsində Jirinovski etiraf edib ki, öz dəstəyini itirə bilər. Jirinovski deyib:
“Furqal öz vəzifəsinin icrasına başlayanda Putin administrasiyası qubernatorun partiyanı tərk etməsinə nail olmaq istəyib və buna cəhd göstərib. Bu, dəhşətdir. Axı, kim daim uduzan komandaya azarkeşlik edəcək?”Bunlarla yanaşı, Jirinovski konstitusiyaya edilən əlavələri dəstəkləyib və Putinin Rusiyanın ömürlük lideri ola biləcəyinə dəfələrlə eyham vurub. Lakin Jirinovski müsahibəsində deyib ki, rusiyalıların səlahiyyət müddəti 2024-cü ildə sona çatan prezidentdən yorğunluğunun yükünü qəbul etməyə hazırdır. Jirinovski bildirib:
”Müəyyən mənada 2024-cü ildə və bəlkə də, 2028-ci il və ya 2030-cu ildə yeni prezident olacaq. Xabarovsk göstərdi ki, bu gün güclə nəsə etmək mümükün deyil, bu gün seçkiləri saxtalaşdırmaq olmaz”.Analitiklər son 20 il ərzində Putinin populyarlıq reytinqinin ən aşağı səviyyəyə -
59 faizə düşməsində əsas faktorlardan biri kimi pandemiyanı göstərirlər.
Son zamanlara qədər Rusiyadakı idarəolunan çoxpartiyalı sistem Kremlin maraqları daxilində işləyib. Ona görə ki, bu sistem Putinin əleyhinə köklənmiş seçicilərin səslərinin parçalanmasına imkan verirdi. Ancaq Xabarovskdakı etirazlar göstərdi ki, narazılıq parçalanmış qrupları birləşdirə bilər.
Məsələn, nümayişlərdə iştirak edən Putinin köhnə tənqidçisi, Çində rus dilini tədris edən Vitali Blajeviç deyib:
“Jirinovskinin bəlağəti tamamilə yersizdir. Əlbəttə ki, Furqal Vatslav Havel deyil. Orada Havel nə gəzir ki? Əgər insanlar “Putinə istefa” şüarları səsləndirsələr, mən onları dəstəkləyərəm”.“AzPolitika.info”