RUSİYADA DA “KONSTRUKTİV MÜXALİFƏT” YARADILDI:Neçayevin Navalnıdan fərqli yol tutacağı haqda bəyanatı dəstək qazanacaqmı?

28-07-2020, 10:37   

Boris Vişnevski
 “Novaya qazeta”, Rusiya, 27 iyul 2020-ci il
 
Xatırladığım qədərilə, Rusiyada kimin müxalifət olub-olmaması və müxalif fəaliyyətin necə aparılmalı olduğu haqqında mübahisələr artıq bir çərək əsrdir ki, gedir. İndi isə Aleksey Neçayev də özünün müxalifət partiyası elan etdiyi “Yeni adamlar” (“Новые люди”) partiyası ilə bu mübahisəyə girməyə qərar verib. Lakin onun partiyası rejimin dəyişməsini tələb edən radikal müxalifətdən fərqli olaraq, “mülayim və sakit” olacaq. Və öncədən bəyan edir ki, “Navalnı və kampaniyasından fərqli olaraq” qanun çərçivəsində fəaliyyət göstərəcək, bu səbəblə də icazəsiz aksiyalar onun  üçün tabudur.
Təəssüf ki, Neçayevin – siyasi fəaliyyətə yenicə başlayan bu biznesmenin çıxış mətnində hər şey bir-birinə qarışıb. Məgər “məsum liderlərə və yeganə həqiqi təlimlərə qarşı” olan bu mövqe şübhəli deyil?!
Müxalifətçiliklə bağlı inhisarçılıq yoxdur, ola da bilməz. Müxalifət, kiminsə digərlərini “Murzilka” (burada gizli şəkildə hakimiyyətə işləyən müxalif siyasətçi mənasında işlədilir – tərc.) və ya “Spoyler” (seçkilərdə qalib gəlmək şansı olmayan, lakin oxşar proqramı olan digər namizəd(lər)dən səs qoparan, beləliklə, onun şansını azaldan namizəd və ya partiya – tərc.) elan edərək, öz-özünə verdiyi, öz üstünə yapışdırdığı bir ad deyil.
Müxalifət partiyası yalnız rəhbərə sədaqətli, onun digər müxalifətçilər arasında liderliyini və baxışlarının doğruluğunu şübhə altına alan istənilən adamı damğalamağa hazır fanatlardan və “qərargah” işçilərindən deyil, həmfikirlərdən və əqidədaşlardan, ideya və prinsiplərinə sadiq insanlardan təşkil olunmalıdır. Təəssüf ki, bu kontekstdə Navalnının tərəfdarlarının bir hissəsi təqsirkar sayıla bilər, çünki onun korrupsiya əleyhinə apardığı mübarizənin nə qədər mühüm olmasına baxmayaraq, çətin ki, bu, onun xeyrinə işləmiş olsun. Onların, guya, hakimiyyəti dəhşətli dərəcədə qorxudan “ağıllı səsvermə” haqqındakı qəti düşüncəsinin nə əhəmiyyəti vardır? Elə yenicə Moskva Şəhər Dumasında öldürüldüyü körpüyə Boris Nemtsovun adının verilməsinə 4-ü “Yabloko”dan, 1-i “Ədalətli Rusiya”dan, biri də Kommunist Partiyasından olmaqla, cəmi 6 deputat səs verib. Bütün digərləri isə yalnız “Vahid Rusiya”dan olanlar deyil, “ağıllı səsvermə” ilə dəstəklənən “eserlər” və kommunistlər bu təklifin “lehinə” səs verməkdən imtina ediblər.
RF Kommunist Partiyasından olan Yelena Şuvalova isə ümumiyyətlə nümayişkaranə şəkildə təklifin “əleyhinə” çıxış edib… “Kimsə Gennadi Andreyeviçi (Züqanov – tərc.) yüngülcə əsəbiləşdrdi”. RF Kommunist Partiyasının Moskva fraksiyası parçalandı: deputat Yelena Şuvalova partiyadan xaric edildi.
İndi isə müxalifətin necə olmalı olduğundan bəhs edək. Müxalif siyasi qüvvənin həlledici əlaməti sadədir: o, hakimiyyətə “Çəkil, mən səndən yaxşı edərəm” deməlidir. Burada hər iki komponentin olması zəruri şərtdir. Sadəcə “İstəyirəm ki, başqa qərarlar qəbul edilsin” demək azdır. Hakimiyyətin müşaviri və məsləhətçisi olmaq müxalifətin işi deyildir. Onun vəzifəsi yalnız alternativləri bəyan etmək deyil, həm də hakimiyyətdən getməsini tələb etməkdir“Hakimiyyətin yenilənməsi”ndən deyil (Deyək ki, Putinin nazirlərindən və ya qubernatorlarından birini digəri ilə dəyişdilər. Bununla nə dəyişəcək?), siyasi kursun dəyişməsindən və siyasi sistemin yenidən qurulmasından danışmaq lazımdır.
Çünki “başqa qərarlar”ı yalnız prinsipial olaraq yeni olan başqa hakimiyyət və başqa rejim qəbul edə bilər (bu gün bu, xüsusilə aydın görünür).
Bu hakimiyyət “başqa qərarlar” qəbul etməyə qadir deyil. O, cəmiyyətlə dialoqa qabil deyil, ona qulaq asmağı nə bacarır, nə də istəyir. O, yalnız etirazlara repressiyalarla, narazılıqlara bağırmaqla, böhranlara isə vətəndaşların yeni soyğunu ilə cavab verməyi bacarır.
Bu səbəblə “mülayim və sakit” olmaq bu gün ümumiyyətlə müxalifət olmamaq deməkdir. Məsələn, “Çar yaxşıdır, işə boyarlar pəl vururlar” deyərək, mütəmadi olaraq hakimiyyətə “çiyin verən”, prezidenti dəstəkləyən, hökuməti “mülayim” şəkildə tənqid edən “Artım Partiyası” və ya “Vətəndaş Platforması” kimi…
Bəli, əlbəttə, müxalifət qanun çərçivəsində fəaliyyət göstərməlidir. Bu barədə kim mübahisə açır ki? Lakin anlamaq lazımdır ki, qanunda “icazəsiz aksiya” anlayışı yoxdur. Dinc mitinq və yürüşlər deyil, onların dağıdılması üçün opriçniklərin (İvan Qroznı dövründə opriçninada qulluq edən hərbi qulluqçu – tərc.) göstərdiyi fəaliyyət qanunsuzdur. Öz fikrini ifadə etmək üçün küçəyə həm “Yabloko” üzvləri, həm Navalnı tərəfdarları, həm “Açıq Rusiya” üzvləri, həm də çox sayda digərləri çıxırlar. Bu, heç də o demək deyildir ki, onlar qanun çərçivəsində yaşamaq istəmirlər.
Kütləvi tədbirin keçirilməsini razılaşdırmaq mümkündürsə, təbii ki, bu, daha yaxşıdır. Lakin əgər Xabarovskda yerli meriyanın küçəyə çıxmağa nə vaxt razılıq verəcəyi gözlənilsəydi, məncə, hələ də gözləməli olacaqdılar.
Bu səbəblə, elə olur ki, vətəndaşlar hər hansı bir razılaşdırma olmadan küçəyə çıxmalı olurlar (əslində, bu tez-tez olur). Hakimiyyət Moskva və Peterburq da daxil olmaqla, bəyan edilən istənilən yerdə aksiyanın keçirilməsini alçaldıcı formada rədd etməklə birlikdə, hətta razılaşdırma tələb etməyən təkbaşına keçirilən piketlərə belə, imkan vermir, onlara görə həbslər həyata keçirir.
Beləliklə, hakimiyyətin real olaraq qorxduğu küçə aktivliyi siyasi mübarizənin mühüm forması kimi, vacibdir. Lakin o, birincisi, siyasi mahiyyət kəsb etməli və siyasi tələblərlə müşayət olunmalıdır, ikincisi, müxalifətin yeganə fəaliyyət forması olmamalıdır.
Artıq deyildiyi kimi, anlamlı alternativ təqdim edilməlidir. Konstitusiyaya edilən putinsayağı düzəlişlərin qəbuledilməz olduğunu bəyan etmək olar və bu, edilməlidir. “Yabloko”nun etdiyi kimi, onlara alternativlər də təklif edilə bilər və edilməlidir. “Левада-Центр”-in keçirdiyi rəy sorğusuna görə, bu alternativ konstitusiya dəyişiklikləri vətəndaşlardan putinsayağı düzəlişlərə nisbətən daha çox dəstək alıb.
Tərcümə Strateq.az-ındır
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.