Alma-Atada ilişib qalan Zahid Oruc

1-08-2020, 10:34   


Doğrusu, mən siyasi-analitik yazıların şəxslərə yönəlik yazılmasının və siyasi kontekstdən çıxarılaq cılızlaşdırılmasının əleyhinəyəm. Lakin bəzən çox çirkin niyyətli bir yazıya rast gələndə, həm də bu yazının müəllifinin dövlətin “Sosial Tədqiqatlar” mərkəzinin başçısı olması söhbət mövzusu olanda cavab vermək zərurəti yaranır.
Müəllif 25 ildir ki, millət vəkilidir, uzun illər hakimiyyətin birbaşa Rusiya yönümlü “akademik” qanadının intellektual siması kimi özünü təqdim edib.
Yazının çirkin niyyətli və xalqı təhdid edən bir yazı olmasını təhlil etməzdən öncə müəllifin "intellektual" yazı üslubu haqqında bir neçə kəlmə... Zahid Orucun yazı dili o qədər çətin başa düşülən bir tərzdədir ki, bir cümləni iki-üç dəfə təkrar oxumalısan. Bu da istənilən oxucunu yorur və sözün açığı, sona qədər oxumağa çətinlik yaradır.
Müəllif bir məqalədə gərək oldu-olmadı, çox sayda insan adı, tarixi hadisə sadalayır və fərqində deyil ki, bu sadalamalar onun “intellektual” obrazını tamamlamır, əksinə yazının dilini ağırlaşdırır və yorucu edir.
Bir strateji araşdırma mərkəzi kimi fəaliyyət göstərən qurumun rəhbərinin həm də siyasətçi kimi xalqa müraciət üslubu və dili o qədər savadsız və bərbaddır ki, bu sosial tədqiqat mərkəzinin ictimaiyyətlə qura biləcəyi ünsiyyəti və həyata keçirəcəyi işləri göz önünə gətirərkən insanın ağlından tək bir söz keçir ki, vay o işlərin halına…
Yeri gəlmişkən, bir siyasət və tədqiqat mərkəzi rəhbərinin müasir siyasi xəritə ilə bağlı bilgilərinin ilişib sovet dövründə qalması da bir ayrı dərddir.
Alma-Ata şəhərinin mövcud olmaması, şəhərin adının uzun illərdir ki, Almatı kimi yazılması və qəbul edilməsi, Qazaxıstan paytaxtının Almatıdan yeni salınmış Astanaya köçürülməsi, daha sonralar paytaxtın adının dəyişdirilərək Nursultan olmasından ya xəbəriniz yoxdur, ya da xarab olmuş maqnitofon lenti kimi sovetdən qalma coğrafiyadan danışırsınız. O qədər sovet dövrünü xəyalınızda canlandırırsınız ki, müstəqil dövlətlərin paytaxtlarını sovetin işğalındakı adı ilə yazırsınız. Düzdür, sizin rakursdan baxanda bu anlaşılandır, amma axı siz müstəqil bir dövlətin tədqiqat mərkəzinin rəhbərisiniz, ayıbdır!
Heç olmasa, Rusiyadan gələn tapşırıqları yerinə yetirərkən materialı mənəvi-ideoloji babanızın akademik süzgəcindən keçirin.
Təbii ki, bizim dərdimiz Zahid müəllimin yazı üslubu deyil, sadəcə eyni nəslin nümayəndəsi olduğumuz üçün tövsiyə edirəm ki, gələn dəfə yaxşı niyyətli bir yazı yazmaq istəsə, iradlara diqqət yetirsin ki, insanlar oxuya bilsinlər. Hə, bir də paytaxt adlarını diqqətlə öyrənin gec deyil...
Nədir bu çirkin niyyət?
Tovuz hadisələrinin yeni siyasi xətt müəyyən etdiyi zamanda Türkiyə ilə hərbi əməkdaşlığa daha sıx rəvac verən hakimiyyətin əksinə olaraq, sovet illərində ilişib qalan təfəkkürünüzlə tələm-tələsik alınan tapşırıqla mövcud hakimiyyəti də cızdığınız dar çərçivənin içinə sığdırmağa cəhd etməyiniz necə bir təhlükəli niyyətinizin olduğunu ortaya çıxartdı.
Öz xalqınızı “Rusiya bizi bombalaya bilər” kimi mesajlarla qorxudursunuz. Türkiyənin 4 cəbhədə silahlı münaqişə apardığını, PKK terror təşkilatı ilə savaşda olduğunu qeyd edən və çarəni Rusiyada axtaran “sosioloq”a sual olunur: bu yazının bu dönəmdə, yəni Türk Ordusunun 11 minlik bir qoşunla Azərbaycana hərbi təlimlərə gəldiyi vaxtda və ictimaiyyətə tirajlanması hansı məntiqin məhsuludur və nəyə xidmət edir?!
Rusiya ağır iqtisadi çöküş dövrünü yaşayır, konstitusiya dəyişikliklərindən sonra Xabarovsk üsyanlarından, illərdi Putin diktaturasından təngə gələn rus cəmiyyətindən niyə yazılarınızda notlar yoxdur?
Vətəndaşlarımızın Rusiyada yaşadığını və dolayısyla orada çörək qazandıqlarını xatırladaraq, utanmadan Rusiyanın işğalçı siyasətinin təzahürlərini görən və tənqid edən hər kəsə səslənirsiniz ki, qəti bu barədə danışmayın, oradakı vətəndaşlarımızın yerini soyudarsanız. Bir dövlət məmuru, bir hakimiyyət sözçüsü olaraq mövqeyiniz bumu? O vətəndaşlarımız və ya soydaşlarımız Rusiyada çörək qazanıb məhz dövlət olaraq Rusiyaya xeyir verirlər. Onlar o ölkənin təbəələridir və vergi ödəyiciləridir. Bir ölkədən köçüb, başqa ölkədə məskunlaşan və orada çalışan insanlar etnik zəmində birləşib, lobbi və güclü diaspor qururlar ki, sonralar həmin ölkəyə öz mənafeləri naminə təsir edə bilsinlər. Siz isə bunun əksinə olaraq, onlarla buradakı vətəndaşlarımızı şantaj edirsiniz. Bu baxımdan da siz “möhtəşəm” sosioloji araşdırmalarınıza dünyada fəaliyyət göstərən lobbilər və diasporların qurulma və iş sistemlərini də daxil edin.
Dövlətin strateji maraqları naminə sosial araşdırmalar həyata keçirən mərkəz milli kimlik, milli qürur, milli düşüncə kimi vacib məqamları daim diqqət mərkəzində saxlamalıdır. Milli kimlik anlayışı ilə bağlı iki böyük nəzəriyyəçi – Benedikt Anderson və Ernest Gellnerin nəzəriyyələrinin tədqiqat mərkəzinizdə öyrənilməsini təmin edin. Obyektiv təhlil və düzgün proqnoz vermək üçün bu sahədə tədqiqat aparılarkən ciddi nəzəri mənbələrə əsaslanmaq vacib şərtlərdəndir! Milli kimliklə bağlı buraxılan boşluqların necə faciəvi nəticələrə səbəb olduğunu biz yaxşı bilirik…
Rusiyanı mədh edərkən “Yeltsinden sonra Putin dövrü başqa oldu” – deyirsiniz. Nəyi nəzərdə tutursunuz? Nə baş verdi? Putin işğalçı və imperialist siyasətdən vazmı keçdi? Yoxsa, işğal olunmuş torpaqlarımızın qaytarılmasına töhfələrini verdi? Əksinə, məhz elə son dövrlərdə rus silahıyla və siyasi dəstəyi ilə ermənilərin öldürdüyü şəhid generalımız başda olmaqla, bütün şəhidlərimizi unutdunuzmu? Ermənistanda yerləşən rus qoşunlarının ali baş komandanı kimdir, Putin deyilmi?!
Bu yazının ən qorxulu və təhlükəli tərəfi odur ki, Azərbaycan dövlətini və xalqını Rusiya ilə təhdid edərək dərhal xəyal ürünü olan Paşinyan-Moskva qarşıdurması haqqında nağıllar uydurulur. Oxucuda elə təəssürat yaradılır ki, guya Moskva Paşinyanın acığına işğal altında olan torpaqlarımızı bizə verirdi, lakin Türkiyə ordusu təlim məqsədi ilə və Qərbin təkidi ilə Azərbaycana gəldi, buna mane oldu…
Bütün yazı boyunca xalqı və dövləti şantaj etmə xətti ilə yanaşı, paralel olaraq həm də “Azərbaycan Əliyevlər dövründə Qərbə qapı açmadı” xəttini də göstərməyə və uğur kimi təqdim etməyə çalışırsınız. Sizin bu təhlil adlandırdığınız yazıdan belə nəticə hasil olur ki, Türkiyə ordusu təlimlərə Azərbaycan Prezidentinin iradəsindən kənar şəkildə, buradakı millətçi kəsimin istəyi və Qərbin münaqişəni beynəlmiləl səviyyəyə çatdırmaq planına uyğun olaraq “çat qapı” sərhədi keçərək başlayıb.
Görünür, Rusiya siyasi təbəəliyi gözünüzü o qədər kor edib ki, dövlət siyasətinə zidd olan bu “dahiyanə nəticə”ni yazmaqdan utanmırsınız. Siz, doğrudanmı elə düşünürsünüz ki, İlham Əliyev Qərbi regiondan tamamən “silib atıb” və meydan Rusiyaya qalıb?! Bu nə siyasi məntiqsizlikdir?
Aysberqlərlə toqquşmadan ölkəni məharətlə idarə etdiyini bəyan etdiyiniz hakimiyyəti yazının başqa bir yerində Qafqaz konfederaisyasını tarixin arxivinə ataraq regionu Qərbin işğal planından xilas etməsi ilə mədh edirsiniz.
Sanki bilərəkdən Qərb-Əliyev qarşıdurması yaratmağa çalışırsınız. Və bu xətti gətirib o nöqtəyə çatdırmaq istəyirsiniz ki, regionda sülh yalnız Əliyev-Putin danışığından asılıdır. Bu yanaşma həm xarici siyasət baxımından zərərlidir, həm də münaqişənin yaranmasında və daima qızışmasında maraqlı tərəf olan Rusiyanı sülh tərəfdaşı kimi millətə sırımaq cəhdi birbaşa Şimal qonşusunun maraqlarının ifadəçisi olmaqdır.
Bu xətt o qədər qorxulu və çirkindir ki, buradan keçərkən qardaş ölkəni də qaralamaqdan yan keçmirsiniz. Bir yandan Türkiyəni xalqın gözündə zəif göstərməyə çalışır, son dövrlərdə qazandığı hərbi uğurları görməzdən gəlir, o biri tərəfdən Türkiyəni Qərbin planına uyğun olaraq, ölkəmizi beynəlxalq münaqişəyə çəkməkdə günahlandırırsınız.
Sirr deyil ki, bu münaqişə məhz Rusiyanın birbaşa planına uyğun olaraq başlayıb və Rusiyanı regionda saxlayan bir hərbi münaqişə kimi bitmək bilmir. Rusiya Qafqazı daim təsirində saxlamaq üçün heç bir zaman bu münaqişəni bitirmək istəməyəcək. Məgər görmürsünüz ki, bütün postsovet ölkələrindən əli çıxan, hətta öz soyundan olan Belarus və Ukrayna ilə də demək olar ki, düşmən mövqeyində olan Rusiyanın Qafqazı itirməsi regionda bitməsi deməkdir….
Bu fikirlərə isə xüsusi diqqət yetirək: "Ölkəmizin Qafqazın əsas hərbi-siyasi güc halına gəlməsini Moskva əleyhinə proyektə çevirən 3-cü tərəf Qərb dairələridir. Uzun illər TRASSEKA-dan başlayan, “Yaxın Qonşuluq”dan keçən, “Şərq Tərəfdaşlığı”na qədər inkişaf edən və faktiki planın adı “antirusiya qurşağı”dır, bu da Kreml strateqlərini müxtəlif qabaqlayıcı tədbirlərə vadar edir". Bu yanaşma Qərb demokratiyasına və mədəniyyətinə nifrət saçan Moskvanın mənafelərini qorumağa çalışmaq və hətta gələcəkdə Rusiyanın xalqımıza qarşı belə, ata biləcəyi qanlı addımlara bəraət qazandırmaqdır. Hətta ən sağçı rusun belə yazısında bu qədər Rusiya sevdası görmək çətin olar. Ümumiyyətlə, yazının heç bir yerində xalqımızın Rusiya tərəfindən gözlənilən həmlələri və təhlükəsi ilə bağlı "məruz qala bilərik", "üzləşə bilərik" ifadələri işlənməyib. Yazı boyunca ancaq Rusiyanın qarşılaşdığı Qərb həmlələrindən, bizi bu oyuna oyuncaq edəcəklərindən danışır, Rusiyanın "məzlum" tərəf kimi bizi də əzərək, Qərbə "layiqli" cavab verəcəyinə ümid edirsiniz. Hətta deyərdim o günü sevinclə gözləyirsiniz.
25 ilin millət vəkilisiniz, siyasətçisiniz, hələ də milli demokratları Rusiya ilə düşmənçilikdə ittiham edirsiniz. 27, ildir “dostuq”. Dost olduq da nə oldu, nə qazandıq? MDB-yə girməyimiz bir qarış torpağımızı geri verdimi? “Putin dövrü başqa oldu” deyən müəllif həmin dövr Azərbaycan üçün hansı uğurlu hərbi əməliyyatlardan nümunə göstərə bilər? Tək bir Lələ Təpə döyüşlərində şanlı ordumuzun qazandığı qələbə zamanı ermənilər rusların silahı və siyasi dəstəyi ilə yüzlərlə gəncimizi şəhid etdi. Sizcə, o zaman Putin tətilə çıxmışdı?
Hətta Prezident İlham Əliyev bu yaxınlarda Ermənistana “gəl təkbətək savaşaq” deyəndə, sizcə Ermənistanın hansı havadarına işarə edirdi? Bəlkə sizin siyasi paytaxt hesab etdiyiniz Alma-Ataya?
Cavab yəqin ki, aydındır. Ümumiyyətlə, sizin yazınızla bağlı bir çox “məqamlar” aydındır. Oxucunu yormamaq üçün bəndbəbənd cavab vermədim. Qeyd etdiyiniz bəzi məsələlərə ümumi şəkildə münasibət bildirmək zərurətini yuxarıda izah etdim.
Əslində bu cavab sizə deyil! Əslində, cavab sizə bu tapşırığı verənlərədir ki, bilsinlər: Azərbaycanın və millətimizin taleyini Rusiyanın qoltuğuna sığışdıranlara cavab verəcək yeni bir nəsil daha ciddi şəkildə və dediyiniz kimi, tarixdən dərs alaraq yetişdi. Bizim dərsimizdə ölkəni müstəqil, azad, demokratik görmək və Vətən uğrunda düşmənlə savaşda şəhid olmaq var!!!
Sonda obyektivlik naminə qeyd edim ki, yazınızda tək müsbət məqam Zəngilan meşələrinin təbii sərvətləri haqqında qeydləriniz idi. O Zəngilan meşələri ki, sevimli Rusiyanızın əli ilə alınıb ermənilərə verildi. Bax, bunu xatırlatmaq da bizim sizə dərsimiz olsun.
P.S. Bu şəkil isə Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərinin ümumi görünüşüdür.

Anar Əsədli
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.