Türkiyə mətbuatının yazdığına görə, Azərbaycan Türkiyənin “Aralıq dənizi qalxanı” təlimlərində iştirak edəcək. Azərbaycan Rusiyadan sonra Xəzər dənizində güclü donanmalardan birinə sahibdir. Müxtəlif xəbərlərə görə, iki ölkənin hərbi dəniz qüvvələri arasında yekun anlaşmanın əldə olunmaq üzrədir.Azərbaycanıın Aralıq dənizində hərbi təlimlərdə iştirakı Türkiyə üçün geosiyasi əhəmiyyət daşıyır. Türkiyənin hazırda Aralıq dənizi sahillərindəki bır sıra dövlətlə münasibətlərində gərginlikləri var. Ona görə də Türkiyə istəyir ki, Aralıq dənizi hövzəsində tərəfdaşları çoxalsın. Türkiyənin Aralıq dənizi sahili ölkələri – Yunanıstan, Fransa, Misir və İsraillə münasibətləri gərgindir.
Türkiyə Yunanıstanın Misirlə dəniz sərhəddinə dair imzaladığı son sazişi tanımır. Ankara haqlı olaraq Yunanıstanla Misir arasında Aralıq dənizində sərhəddinin olmadığını bəyan edib. Razılaşmada nəzərdə tutulan ərazi Türkiyənin qitə şelfində yerləşir. Bu saziş Kuzey Kıbrıs Türk Cumhuriyyətinin və Liviyanın da maraqlarına ziddir. Yunanıstan və Misir yeni sazişlə Aralıq dənizində birgə enerji yataqlarının kəşfiyyatına və istismarına ümid edirlər. Ancaq Türkiyə buna imkan verməyəcək.
Belə vəziyətdə Türkiyənin tərəfdaşlara ehtiyacı var. Türkiyə Aralıq dənizi sahilində olan İtaliya ilə sıx əlaqələr qurub. Türkiyə ada ölkəsi olan Malta ilə də danışıqlar aparır. Təsadüfi deyil ki, bugünlərdə Türkiyə və Maltanın xarici işlər nazirləri birgə Liviyaya səfər ediblər. Türkiyə kimi Malta da Liviyada mərkəzi hakimiyyətlə əməkdaşlıq edir. Türkiyənin strateji müttəfiqlərindən biri də Azərbaycandır. Aralıq dənizindəki təlimlərə Azərbaycanın simvolik olaraq belə qoşulması Türkiyənin həmin sahədəki tərəfdaşlarının sayını artıracaq. Bu, Türkiyə üçün çox vacibdir.
Ancaq Azərbaycanın Aralıq dənizindəki təlimlərdə iştirakı o demək deyil ki, Bakının Türkiyənin həmin bölgədə rəqibləri ilə münasibətləri avtomatik olaraq gərginləşəcək. Azərbaycan Türkiyə ilə strateji müttəf olsa da, xarici siyasətdə fərqli çalarlar da var. Məsələn, Türkiyədən fərqli olaraq Azərbaycanın İsraillə münasibətləri yaxşıdır. Yunanıstan Ermənistanla sıx əlaqələr qursa da, Bakının Afina ilə də dərin fikir ixtilafı yoxdur.Buna baxmayaraq, strateji müttəfiqlik qarşılıqlı dəstəyi diqtə edir. Əgər Türkiyə ordusu Azərbaycanda hərbi təlimlərdə iştirak etməklə müttəfiqinə hərtərəfli dəstəyini ifadə edirsə və bu işğalçı Ermənistana təzyiqi artırmaq baxımından bizim üçün vacibdirsə, eyni ilə Azərbaycanın da Aralıq dənizində planlaşdırılan hərbi təlimlərdə iştirakı Türkiyə üçün vacibdir.
“Atlas” Araşdırmalar Mərkəzi