Şagirdi ilə cinsi əlaqəyə girərək onu hamilə buraxmış müəllimə 1 il cəza verilməsi qəzəb doğurub
13-08-2020, 09:47
ŞƏKLİN MƏNBƏYİ,SUZANNE PLUNKETT - WPA POOL/GETTY IMAGESLerik rayonunda azyaşlı qızla cinsi əlaqəyə görə 1 il cəza verilməsinə etiraz edilir, İsmayıllıda yol tikintisi zamanı eramızdan əvvələ aid əşyalar və tarixi abidə aşkarlanıb, 12 avqust Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Şagirdi ilə cinsi münasibətdə olan müəllimə 1 il iş verilməsi sarsıntı yaradıb
Lerikda şagirdi ilə cinsi əlaqəyə girərək onu hamilə buraxmış müəllimə 1 il cəza verilməsi qəzəb doğurub. Sosial mediada 60 yaşlı müəllim Şəfahət Məmmədovun bu hərəkəti və hakimin belə qərarı sarsıntı yaradıb. Hadisəni sosial mediada ictimailəşdirən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Facebook hesabında yazıb ki, müəllimə 1 il cəza verilməsinə etiraz edərək bildirmişdi ki, "ağsaqqallar yığılıb, xahiş ediblər ki, ağsaqqaldı, müəllimdi gunahını bağışlayın... və filmin sonu". Sosial mediada etirazlardan sonra bu gün Baş Prokurorluq açıqlayıb ki, dövlət ittihamçısı tərəfindən təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya protesti verilib. Baş prokurorluq bildirib ki, "16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə" maddəsi ilə təqsirləndirilən Şəfahət Məmmədovun cinayət işi üzrə istintaq prosesi iyun ayında tamamlanıb və iş baxılması üçün Lerik rayonuna göndərilib. Qurum məhkəmənin Şəfahət Məmmədovu ittiham olunduğu maddə ilə təqsirli bilərək ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etdiyini bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu ilin aprelində bildirmişdi ki, azyaşlının "ailəsinin yanında qalmasının təhlükəli olduğu" nəzərə alınaraq o, Bakıdakı sığınacaqlardan birinə yerləşdirilib.
Türkiyə ordusunun rəsmiləri Azərbaycana gəlir
Çərşənbə günü Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir, Azərbaycan Müdafiə Nazirliyi bildirib. Nümayəndə heyətində Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər var. Türkiyə ordusunun rəsmiləri Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək. İsmayıllı rayonunda Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun tikintisi zamanı tarixi abidələr tapılıb. İsmayıllı Rayon İcra Hakimiyyəti rayonun Kürdüvan kəndindən keçən hissəsində görülən işlər zamanı "eramızdan əvvəl və eramıza aid yüzə yaxın qabların, bəzək nümunələrinin, pul sikkələri və eləcə də tikili qalıqlarının" tapıldığını bildirib. Qurumun məlumatında qeyd olunur ki, tikilinin "Şirvanşahlar dövrünə aid məscidin qalıqları" olduğu ehtimal edilir.
Türkiyədə baş verən zəlzələ Naxçıvanda hiss edilib. Respublika Seysmoloji Xidmət Mərkəzi çərşənbə günü yerli vaxtla 03:29-da Türkiyənin Iğdır vilayətində zəlzələ qeydə alınıb. Mərkəz zəlzələnin Naxçıvan Muxtar Respublikasının Sədərək və Heydərabad rayonlarında təxminən 3 bal gücündə hiss olunduğunu bildirib. Bu gün Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür. "Xəzər günü" BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə 1995-ci ildən başlayaraq beş Xəzəryanı dövlətlə aparılan danışıqlar nəticəsində qəbul edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, bu günün əsas məqsədi dənizin ətraf mühitinin çirklənmədən qorunması, Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsidir.