Azərbaycanın və Türkiyənin birgə hərbi təlimlərindən sonra iki ölkə arasında hərbi əməkdaşlıq sazişinin genişləndirilməsi təklifi gündəmə gəlib.Siyasi ekspertlər hesab edir ki, hər iki ölkə arasındakı hərbi əməkdaşlıq haqqında sazişin şərtlərinə genişləndirilməklə yenidən baxıla bilər. Söhbət Azərbaycanın xarici müdaxilədən müdafiə olunmasında rəsmi Bakının dəvəti əsasında Türkiyə silahlı qüvvələrinin yardımı barədə razılaşmanın əldə olunmasından gedir. Bunu 1921-ci ildə Naxçıvanla bağlı imzalanmış Qars müqaviləsinin genişləndirilmiş variantı da adlandırmaq olar.
Qeyd edilir ki, Cənubi Qafqazdakı geosiyasi durum Azərbaycan və Türkiyənin birgə hərbi blok yaratmasını zəruri edir. Belə bir hərbi ittifaqın yaranması Azərbaycan Dağlıq Qarabağ probleminin həllində üstünlük qazanmaq üçün Azərbaycanın maraqlarına cavab verir. Cənubi Qafqazda Ermənistan-Rusiya müttəfiqliyinə qarşı Azərbaycan və Türkiyədən ibarət yeni hərbi birlik formatının meydana çıxması bölgədə geosiyasi balansın dəyişməsi deməkdir. Türkiyənin Cənubi Qafqazda hərbi iştirakı Gürcüstanı sıralarına qəbul etməyə hazırlaşan NATO-nun da maraqlarına cavab verir. Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti ilə Bakıya səfəri bu baxımdan, hərbi və siyasi nəticələr doğuracağı ehtimal edilir. Ancaq rəsmi Ankara belə bir istəyinin olub-olmadığına dair siyasi niyyətini açıq bildirməyib. Hələlik danışıqlar yalnız qapalı müstəvidə gedir.
1920-ci ildə Azərbaycanın işğalından sonra Cənubi Qafqazdan tamamilə sıxışdırılıb çıxarılan Türkiyə SSRİ-nin dağılmasından sonra Cənubi Qafqaza yenidən qayıda bilsə də, Rusiya regionda əsas geosiyasi oyunçu olaraq qalıb. Türkiyənin Cənubi Qafqazda fəaliyyəti daha çox transmilli iqtisadi layihələrdə iştirakdan ibarət olub. Rəsmi Ankara Rusiyanın üstün mövqeyi ilə barışıb. Eyni zamanda, Türkiyənin NATO-nun üzvü olması Ankaranı Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməkdən və Azərbaycanla hərbi müttəfiqlik qurmaqdan çəkindirən əsas amillərdən biri olub. İndi isə bölgədə baş verən proseslər, Yaxın və Orta Şərqdə Rusiyanın geosiyasi mövqelərinin Türkiyənin qarşısında zəifləməsi və Rəcəb Tayyib Ərdoğan iqtidarının müstəqil siyasət yürütməsi Cənubi Qafqaza münasibətdə də dəyişikliyə gətirib çıxarıb. Bu gün Türkiyə Cənubi Qafqazdakı 100 il öncəki mövqelərinə yenidən iddialı görünür.
Türkiyənin Cənubi Qafqazda hərbi fəallığını artırması təbii ki, Rusiyanın əks reaksiyasına səbəb olacaq. Bu ilin əvvəlindən etibarən Suriya və Liviyada Rusiya ilə baş verən hərbi-siyasi qarşıdurmada üstünlük qazanması Türkiyəni Cənubi Qafqazda da mövqelərini gücləndirməyə ruhlandıra bilər. Ancaq yəqin Ərdoğan hökuməti Cənubi Qafqazda Rusiya ilə maraqlar toqquşmasına gedəcəyi təqdirdə Suriyada atəşkəsin Kreml tərəfindən yenidən pozulması riskini də nəzərə alır. Üstəlik, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə cəlb edilməsi Rusiya ilə artıq üçün cəbhədə savaşa girməsi deməkdir. Ona görə də rəsmi Ankara yalnız Cənubi Qafqazda üstünlük və regiona nəzarət imkanları qazanacağına əmin olmadan belə bir addım atmaz.
Türkiyəni Dağlıq Qarabağ münaqişəsində Azərbaycana açıq hərbi dəstək verməkdən çəkindirən digər amil qondarma erməni soyqırımı iddiasıdır. Türkiyə silahlı qüvvələrinin Ermənistan-Azərbaycan müharibəsində iştirakı dünya ölkələrindəki erməni diasporasının və lobbisinin Türkiyəyə qarşı siyasi hücumları ilə nəticələnə bilər. Həmin dairələr türklərin erməniləri soyqırıma məruz qoyması barədə saxta təbliğata başlayacaq və 1915-ci il hadisələrinin sübutu kimi əsaslandırmağa çalışacaq.
Bu baxımdan, Türkiyənin son zamanlar Cənubi Qafqazda iddialı, lakin ehtiyatlı addımlar atmaq istəyi müşahidə olunur.
Politoloq Fərrux Məmmədov hesab edir ki, Türkiyənin Cənubi Qafqazda üstünlüyünə son qoymaq SSRİ-nin xarici siyasətində əsas yer tutub. Bu da SSRİ-nin tərkibində çoxsaylı türkdilli xalqların yaşaması ilə bağlıdır:
“Türk ordusunun ikinci gəlişi böyük hərəkat dalğasının qalxmasına səbəb ola bilərdi. Sovet İttifaqı sərhədləri bağlayaraq bunun qarşısını aldı. “Soyuq müharibə” dövründə Türkiyə NATO-nun üzvü olsa da Avropanın vassalı deyildi. Ona görə də SSRİ sərhədləri aça bilərdi. Azərbaycan və Türkiyə sərhəddi xüsusilə qorunurdu. Sonra da erməni məsələsi ortaya çıxarıldı. Bütün bunlar Türkiyənin Cənubi Qafqaza girişini əngəlləmək məqsədi daşıyırdı. Azərbaycan və Türkiyə yüksək səviyyəli hərbi saziş imzalamağı çox istərdi. Lakin hərbi müttəfiqlik həm də iki dövlət arasında böyük siyasi əməkdaşlıq deməkdir. Yəni belə bir sazişin imzalanmasının ciddi siyasi tərəfləri var. Azərbaycan və Türkiyə arasında hazırkı geosiyasi durumda belə bir hərbi müttəfiqlik sənədinin imzalanacağı real görünmür. Bunun bir neçə səbəbi var. İlk növbədə, Azərbaycan Qoşulmama hərəkatının üzvüdür. Türkiyə isə NATO-nun əsas lokomotiv üzvüdür. Ona görə də bu müttəfiqlik NATO-nun müəyyən qaydalarından keçir. Türkiyənin Azərbaycanla hərbi blok yaratması Cənubi Qafqazda güclər balansının NATO-nun lehinə dəyişməsinə gətirib çıxarır. Rusiyanın da ən böyük istəyi NATO-nun, ABŞ ideologiyasının Cənubi Qafqaza Türkiyə bayrağı altında daxil olmasının qarşısını almaqdır. Çünki NATO-ya hər gün yaxınlaşan Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin hər gün pozulmasında məqsəd ABŞ-ın və Türkiyənin regiona daxil olmasının qarşısını almaqdır. Digər tərəfdən İran amili var. Fikrimcə, imzalanacaq anlaşmaların arxasında siyasi, hərbi və iqtisadi çalxalanmalar gözlənilir. Türkiyə və Azərbaycan arasında imzalanacaq yeni hərbi doktrina ölkəmizin müstəqilliyini və suverenliyinə təhlükə yarada bilər. Çünki nə Qərb, nə də Türkiyə Azərbaycanı açıq şəkildə Rusiya müdaxiləsindən müdafiə edə bilməyəcək. Bu da Azərbaycanın Rusiya ilə həmsərhəd olması ilə bağlıdır. Əgər Azərbaycan kənar bölgədə yerləşsə idi, o halda belə bir hərbi ittifaqın yaradılması mümkün ola bilərdi. Eyni zamanda, Azərbaycan məsələyə həssas yanaşmalıdır. Çünki ölkə ərazisinə daxil olan hər bir xarici dövlətin qoşunu milli təhlükəsizliyə əngəldir. Bu, həm də ölkədə baş verə biləcək hərbi-siyasi proseslərə də təsir göstərə biləcək situasiyadır. Əgər hər hansı bir dövlətin ərazisinə xarici qoşun daxil olursa, bu yalnız əsgərlərdən ibarət deyil. Onun tərkibində hərbi kəşfiyyat, əks-kəşfiyyat , strateji kəşfiyyat, analitiklər də təmsil olunur. Ona görə də bəzi ölkələr Qoşulmama hərəkatına üstünlük verir. Vətəndaş kimi hesab edirəm ki, Türkiyə ordusunun Azərbaycana daxil olması yaxşı haldır. Ekspert olaraq deyə bilərəm ki, bu ciddi siyasi problemlərə gətirib çıxara bilər. Çünki Rusiya Türkiyə ordusunun yüz il sonra Azərbaycana yenidən daxil olmasına razılıq verməyəcək. Rusiya Azərbaycanı təhdid edəcək. Amma Azərbaycanla Türkiyə arasında hərbi müdaxilədən müdafiə barədə saziş imzalana bilər. Həmin sənədə əsasən Türkiyə hərbçilərini hissə-hissə təlim keçilməsi üçün Azərbaycan bayrağı altında göndərə bilər”.Fərrux Məmmədov qeyd etdi ki, Türkiyənin Suriyaya və Liviyaya ərazi iddiası yoxdur. Əksinə başqa dövlətlər Türkiyəyə qarşı iddia qaldırır. Ona görə də rəsmi Ankara bu təhlükəni uzaqlaşdırmaq üçün yeni cəbhələr formalaşdırır:
“Bu cəbhələrdən biri İraq, digəri Suriya, üçüncüsü isə Liviyadır. Türkiyə NATO-dakı müttəfiqlərinin diqqətini həmin ölkələrə yönəltməklə təhlükəni sovuşdura bildi. İraq istisna olmaqla Suriyada və Livyada Türkiyənin qarşısında Rusiya var. Üçüncü cəbhə isə Cənubi Qafqazdır. Cənubi Qafqaz Rusiyanın milli təhlükəsizliyi üçün “qırmızı xətt”dir. Bu regionda Rusiyanın vassal olan Ermənistan mövcuddur. Rusiyanın dotasiyaları ilə yaşayan Ermənistan həmin “qırmızı xətt”i müəyyən etməklə Türkiyənin Cənubi Qafqaza girişini əngəlləyən ən böyük amillərdən biridir. Burada uydurma soyqırım iddiası da var. Amma Avropa ölkələri də anlayır ki, soyqırım olmayıb və Türkiyəni itirmək perspektivdə Avropa Birliyinin özünün milli təhlükəsizliyinə zərbədir. Bu danbanı dağıtmaq Avropanın məhvi deməkdir. Ona görə də Polşa, Macarıstan, İspaniya, Danimarka, Belçika, Norveç, Almaniya Türkiyəyə qarşı sanksiyanın tətbiq edilməsinin əleyhinədir. Türkiyənin Cənubi Qafqaza daxil olması Avropa Birliyinin gələcəkdə bu regionda olması deməkdir. Bu da regionun milli təhlükəsizliyində, strateji və enerji təhlükəsizliyində Avropa Birliyinin əsas rol oynaması ilə nəticələnə bilər. Bunu yaxşı anlayan Rusiya rəhbərliyi Azərbaycanla Türkiyə arasında dərinləşmiş hərbi ittifaqının imzalanmasına icazə verəcəyinə inanmıram. Prezident İlham Əliyevin bu günlərdə Ermənistana daşınan hərbi yüklərlə bağlı Rusiyanın dövlət başçısına zəng edərək etirazını bildirməsi Azərbaycanla Türkiyə arasında yeni hərbi ittifaqın yaranmasına dair Kremlə ciddi mesajdır. Yəni Rusiya Ermənistana silah yardımını davam etdirərsə, Azərbaycan da Türkiyə ilə yüksək səviyyəli hərbi müqavilə imzalaya bilər. Ancaq həmin ittifaqın yaranması bu gün real görünmür. Bunun baş verməsi üçün Rusiyanın ikinci “qırmızı xətti” keçməsini gözləmək lazımdır”.Müşfiq Abdulla
Cebhe.info