Saatlar sonra veriləcək xəbər: Türkiyə 100 il sonra II “böyük hücum”a başlayır

21-08-2020, 10:46   


Saatlar sonra veriləcək xəbər: Türkiyə 100 il sonra II “böyük hücum”a başlayır
Ərdoğan “cümə günü bütün millətimizə müjdəni verəcəm” vədini bu gün yerli vaxtla saat 15:00-da açıqlayacaq. Türkiyədə, elə dünyanın müxtəlif siyasi paytaxtlarında da gözlər Ankaraya dikilib.

Bu açıqlamadan sonra “Bloomberg” Türkiyənin Qara dənizdə təbii qaz yatağı kəşf etdiyi, ardınca “Röyters” Ankaradakı iki rəsmi şəxsə istinadən Türkiyənin 20 illik təbii qaz ehtiyatını ödəyəcək qədər ehtiyatın olduğu qaz yatağı tapdığı xəbərini yaydı.

Ərdoğanın “Türkiyədə yeni bir dövr başlayacaq” açıqlaması, bu ilin fevralında “Fateh” gəmisinin Qara dənizdə axtarışlara başlaması, xəzinə və maliyyə naziri Albayrakın “enerjidə idxal asılılığını sona çatdıracaq kəşflər ərəfəsindəyik” sözləri, Türkiyə siyasətçilərinin fikirləri, eləcə də Türkiyə əleyhdarlarının anti-təbliğat kampaniyasının tezisləri bu gün veriləcək müjdənin təbii qaz yatağının kəşf edilməsi olacağı ehtimalını artırır. İlkin məlumatlara görə, söhbət 800 milyard kubmetr qazdan gedir.

Maraqlı detal Ərdoğanın müjdəni niyə bu gün – 21 avqustda verməsidir. Bu günün cümə olması gün seçimində AKP hakimiyyətinin dini həssaslığının rol oynadığı fikrini yarada bilər, lakin bu təqvimin Türkiyə tarixindəki yeri və Aralıq dənizində son türk-yunan qarşıdurması “niyə 21 avqust” sualının başqa cavabını ortaya çıxarır.

1922-ci ilin 21 avqust tarixində Atatürk Akşəhərdə ordu komandanları ilə keçirdiyi toplantında “böyük hücum” əmrini verdi. 26 avqustda hücum başlandı, 9 sentyabrda türk ordusu İzmirə girdi, 18 sentyabrda yunan ordusu Anadoludan tamamilə çıxarıldı. 30 avqust tarixi “böyük hücum”un qələbə günü olaraq qeyd olunur.

Yunanıstan önündə getdiyi ittifaqın Aralıq dənizində Türkiyəyə qarşı hərəkətə keçdiyi, yunan-türk gərginliyinin yaşandığı bu günlərdə Ərdoğanın yeni dövrü başladacaq müjdəni məhz bu gün – 98 il öncə yunanları Anadoludan çıxaran “böyük hücum” əmrinin verildiyi gündə verməsi həm yunanlara tarixi xatırlatma, həm də bölgədə II “böyük hücum”un elan edilməsidir.

Təbii qaz yatağının kəşfi Türkiyənin əlini enerji xəritəsində və siyasi masada gücləndirəcək, Ankara və Bakının Avropanın enerji bazarında oynadığı rolu da artıracaq. Bunun fonunda Türkiyənin belə bir imkana sahib olmasını istəməyənlərin hərəkətə keçəcəyinə, siyasi-iqtisadi təzyiqlərin artacağına və Aralıq dənizinin şərqi də daxil olmaqla bölgədə türklərə qarşı daha sərt hücumların olacağına da zəmin yaradacaq.

Və Türkiyə II “böyük hücumu” məhz bu təhlükələrə qarşı başlayır. 98 il sonra başlanan ikinci “böyük hücum”da Türkiyə bütün bölgədə maraqlarının müdafiəsi və əsas güc olması üçün Atatürkün 98 il öncə etdiyi kimi sona qədər döyüşəcəyinin mesajını verir.

Asif Nərimanlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.