“Lotu Quli” necə öldürülüb? - QƏTLİN YEGANƏ ŞAHİDİ DANIŞDI

24-08-2020, 09:15   


"Saat 21:00-a yaxın Nadir Səlifov, mən və onun bir çox yaxın adamları otelin restoranında idik. Çoxlu qonaq var idi. Heç nə təhlükədən xəbər vermirdi".
Bunu virtualaz.org-a qısa müsahibəsində avqustun 20-də Antalyadakı dəbdəbəli oteldə öldürülən, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə məşhur olan Nadir Səlifovun yaxın qohumu deyib.
Həmin yaxın qohum dəhşətli cinayətin yeganə şahididir. Onun sözlərinə görə, tanınmış kriminal avtoriteti məhz onun yanında güllələyiblər: "Şam yeməyi başa çatdıqdan sonra “Quli” mühafizəçilərlə birlikdə öz otel nömrəsinə yollandı. Daha sonra restoranın VIP sektorunda kart oynamağı təklif etdi. Mən restorana endim və onu gözlədim. Daha sonra “Quli” özü də gəldi. Onun böyük mühafizə dəstəsi vardı, lakin hamısı silahsız idi və dəhlizdə dayanmışdılar. Həmin sektorda biz ikimiz idik. Heç kəs yox idi. Birdən “Xan” (Xəqan Zeynalov-red.) içəri girdi. O, bizim masaya yaxınlaşdı, əlində barsetka vardı. Ağlıma da gəlməzdi ki, barsetkanın altında-əlində tapança tutub".
Nadir Səlifovun qohumunun sözlərinə görə, qatil “Lotu Quli”nin və onun oturduğu masaya yaxınlaşaraq Səlifova dörd dəfə atəş açıb. Birinci gülləni başına, ikincisini boynunun arxasına, sonrakı ikisini isə kürəyinə vurub: "Hər şey elə gözlənilmədən və tez baş verdi ki, mən gözlərimə inanmadım. Mənə elə gəlirdi ki, bütün bunlar gerçək deyil. Lakin “Quli” jurnal masasının üstünə yıxıldı”.
Qohumunun sözlərinə görə, N.Səlifova “Beretta” markalı tapançadan atəş açılıb.
N. Səlifovun qohumu iddia edir ki, işin görüldüyünə əmin olan Xəqan Zeynalov qaçaraq dəhlizə çıxıb və ““Lotu Quli”ni  güllələdilər” deyə qışqırmağa başlayıb: “Bir neçə saniyə sonra, “Quli”nin təxminən on silahsız mühafizəçi bizim otağa cumdular.  Bircə onu deyə bildim ki, Səlifovu “Xan Əhmədlinski” vurdu".
N. Səlifovun qohumu deyib ki, Xəqan Zeynalov “qanuni oğru”nun əhatəsinə bir il əvvəl daxil olub və möcüzəvi şəkildə “Lotu  Quli”nin etibarını qazana bilib: "Şəxsən mən ona şübhə ilə yanaşırdım. Mənə aydın deyil ki, “Quli” kimi təcrübəli bir adam cəmi bir il əvvəl etibarını qazanan təsadüfi bir şəxsi necə öz yaxın ətrafına buraxmışdı?!”.
Bu arada virtualaz.org onu da öyrənə bilib ki, Xəqan Zeynalov məşhur Bakı zərgəri Dəyanət Zeynalovun oğludur.
Elnur Eminoğlu
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.