Lotu Quli qatili ilə eyni restoranda YENİ TƏFƏRRÜATLAR, VİDEO
30-08-2020, 12:12
Türkiyə mətbuatı "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) qətlindən bir gün əvvəl Antalyada dostları ilə birlikdə yemək yediyi restoranlardan birinin nəzarət kameralarından video görüntülər yayımlayıb. Həmin gün kriminal bossun qatili 25 yaşlı Xəqan Zeynalov (Xan Əhmədlinski) da restoranda olub. Kadrlarda Nadir Səlifovun bir qrup şəxslə restorandan çıxaraq avtomobilinə mindiyi əks olunub. Daha sonra Xəqan Zeynalov restorandan çıxıb başqa maşına oturub gedir. Bir gün əvvəl isə Xəqan Zeynalov da həmin restoranda olub. Təhlükəsizlik kameralarında onun maşın saxlanma yerində gəzərək telefonla danışması qeydə alınıb. Xatırladaq ki, 20 avqust gecəsi Antalyada yerləşən otellərdən birində azərbaycanlı "qanuni oğru" Nadir Səlifov başından güllə ilə vurularaq öldürülmüşdü. Nadir Səlifovun qatili, Azərbaycandan Xan Əhmədlinski ləqəbli ilə tanınan kriminal avtoritet Xəqan Zeynalovdur. Qatil Lotu Qulinin ölümündən bir müddət əvvəl ondan (Xan Əhmədlinskidən- red.) qabaqda necə getdiyini videoya çəkərək sosial şəbəkələrdə yaymışdı. Bütün bunlar qatilin diqqətlə və uzun müddət cinayətə hazırlaşdığını göstərir. Qətli törətmiş Xəqan Zeynalov çöldə avtomobildə onu gözləyən 25 yaşlı Əmir Həmidlinin köməkliyi ilə qaçmağa müvəffəq olub. Cinayətkarlar Antalya-Dənizli avtomobil yolunda tutulub. Polis əməkdaşları onları ciddi təhlükəsizlik tədbirləri altında məhkəməyə aparıblar. Xan Əhmədlinski ilkin ifadəsində Nadir Səlifovu sevmədiyi üçün öldürdüyünü deyib. “Mən onu ümumiyyətlə sevmirdim. Birlikdə yaşayıb, birlikdə böyümüşük. Onun cangüdənliyini etmişəm, illər boyu dözmüşəm. Ondan xoşum gəlməyə-gəlməyə bu işi görürdüm. Buna görə də öldürdüm”,- saxlanılan şəxs bildirib. Lotu Qulinin Xəqan Zeynalova çox güvəndiyi və onu 10 yaşından tanıdığı bildirilir. Xəqan Zeynalov hazırda qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur, Həmid Əmirli isə onun ortağı kimi saxlanılır.