İndiki pandemiya günlərində mavi və ya digər rəngli maskalarda dolaşan insanlar görmək adi haldır, lakin təyyarənin “maska taxması” ilk dəfə görünüb. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, “Cargolux Airlines” hava yolları şirkətinin Boeing 747-8 yük təyyarəsinin burun hissəsini mavi rəngli tibbi maska şəklində rənglənib. Təyyarə bu günlərdə Bakı aerportuna enib.
Bundan əvvəl isə CLX 7952 reysi ilə uçan həmin təyyarə Sinqapurun Çanqi aerportuna enib. Təyyarənin üzərində iri hərflərlə “Mənim maskam olmadan mümkün deyil” sözləri yazılıb. “Changi Airport Group” şirkətindən deyiblər ki, ilk dəfədir aerporta “maskalı” təyyarə enir. Təyyarə Sinqapurda avqustun 27-də səhər saat 04.20-də dayanıb, daha sonra Bakı üzərindən Lüksemburqa uçub.
Lüksemburqun baş naziri Ksavye Bettel və onun müavini Fransua Bauş təyyarəni və onun heyətini qarşılamaq üçün aerporta gediblər. “Cargolux” şirkətinin bəyanatında deyilir ki, təyyarənin bu cür rənglənməsi aviaşirkətin Lüksemburq hökumətinin indiki şərtlərdə tibbi maskalardan istifadəyə dair səylərinə dəstək vermək məqsədi daşıyır.
Virtualaz.org