Sentyabrın 1-də Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun işi üzrə prosesdə dövlət ittihamçısı Əsədulla Ramazanov məhkəməni müttəhimi ciddi rejimli cəzaçəkmə müəssisəsində 4, 5 il müddətinə mühakimə etməyə çağırıb.
Növbəti məhkəmə iclası sentyabrın 2-də saat 11:00-da olacaq.
Xatırladaq ki, martın 22-də vətəndaş Elxan Cəbrayılovun idarə etdiyi avtomobil Tofiq Yaqublunun park edilmiş və özünün də içərisində olduğu avtomobilini vurub. Bundan sonra E.Cəbrayılov T.Yaqublu ilə münaqişə edərək onu qəzada ittiham edib.
Nizami rayon polisi CM-in 221.3-cü maddəsi (silah kimi əşyalardan istifadə etməklə xuliqanlıq) ilə cinayət işi qaldırıb, T.Yaqublu həbs edilib.
T.Yaqublu və onun həmkarları baş verənləri təxribat adlandırıblar. Məqsəd sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə müxalifətçini mühakimə etməkdir. Beynəlxalq hüquq-müdafiə təşkilatları T.Yaqublunun həbsini pisləyiblər.
T.Yaqublu bundan öncə 2013-cü ildə İsmayıllıda iğtişaşlara təhrikdə ittiham olunaraq üç il müddətinə həbs edilmişdi.
O həmçinin 2019-cu il oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyasında iştirakına görə həbs edilib və polisdə işgəncələrə məruz qalıb.