Azərbaycanda Türkiyə hərbi bazaları yoxdur, amma... olacaq; Rusiyanın Qarabağ məsələsində “ikili standart” siyasəti Bakıya ayrı yol saxlamır; Prezidentin yunan səfirlə görüşündə səslənən mühüm ismarışlar..
Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanın yeni səfiri ilə görüşü digər səfirlərlə analoji görüşlərdən xeyli fərqləndi. Olduqca soyuq atmosferdə keçdi. Görünür, bu da onunla bağlı idi ki, Yunanıstan hazırda həm təcavüzkar Ermənistanla hərbi əməkdaşlıq içindədir, həm də qardaş Türkiyəyə qarşı aqressiv siyasət yürüdür. Yəni rəsmi Afina hər iki halda Azərbaycanın milli mənafeyinə zərbə vuran, Bakı-Ankara müttəfiqliyini, faktiki, hədəf almış bir siyasət tərcih etməkdədir.Bu xüsusda Azərbaycan dövlət başçısının söhbət zamanı sərgilədiyi sərt ritorika, verdiyi mühüm mesajlar diqqət çəkdi. Özü də bu mesajlar yalnızca Yunanıstana yox, işğalçı Ermənistanın bütün digər dost-müttəfiqlərinə, öncəliklə də onun şəriksiz yiyəsi Rusiyaya ünvanlı idi. Çünki İlham Əliyev aydın şəkildə eyham vurdu ki, bizim düşmənimizi silahlandıran, onu ayaqda saxlayan və hərbi cəhətcə gücləndirən, habelə qardaş Türkiyəyə qarşı olan heç bir ölkə bizimlə dostluğa və strateji əməkdaşlığa ümid eləməsin. Bu, mümkün olmayacaq. Əksinə, o halda həmin ölkə günü-gündən güclənən Azərbaycan-Türkiyə hərbi-siyasi tandemini önündə görəcək...
*****
Məlumdur ki, səfirlə söhbətdə prezident Ermənistana son həftələr ərzində Rusiyadan daşınan hərbi yüklərdən də bəhs edib. Ancaq əvvəlcə Ermənistanın Yunanıstan və yunan Kipri ilə üçtərəfli hərbi əməkdaşlığından dolayı öz bağlı narahatlığını dilə gətirib. Sitat: “Mənim sizinlə qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır. Bildiyiniz kimi, Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur və BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir”.Prezident səfirə xatırladıb ki, Ermənistan Azərbaycanın düşmənidir və onun istənilən ölkə ilə hərbi əməkdaşlığı Bakıda haqlı narahatlıq doğurur və doğuracaq.“Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, - dünən sonuncu uçuş idi, - Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər”, - deyə ölkə başçısı vurğulayıb.
*****
Bir daha qeyd eləmək zərurəti var ki, bu, əslində işğalçı Ermənistanı siahlandırmağa davam edən Rusiyaya açıq mesaj idi. Yəni kimsə Azərbaycanı tək-tənha bilməsin, Azərbaycan da uyğun bildiyi şəkildə, adekvat surətdə Türkiyə ilə əlaqələri, o sırada hərbi-texniki əməkdaşlığı dərinləşdirəcək. Lazım gələrsə, ölkəmizdə Türkiyə hərbi bazaları da qurulacaq - hansı məsələ ki, Rusiyada artıq təlaş doğurmağa başlayıb.
Doğrudur, hələlik Azərbaycanın Hərbi Doktrinasına görə və Qoşulmamaq Hərəkatının üzvü (dönəm sədri) kimi, ölkəmiz ərazisində başqa dövlətin hərbi bazalarının yaradılması mümkün deyil. Lakin bu sənədə bir neçə saatın içində müvafiq dəyişikliklər edilə bilər. Bu da konstitusiya norması deyil ki, referenduma ehtiyac olsun.Söz düşmüşkən, deyəsən, Rusiya tərəfi məsələdən ciddi şəkildə xoflanmağa başlayıb. Rusiyada nəşr olunan “Nezavisimaya qazeta”nın elektron versiyasında iki gün öncə Azərbaycan haqda getmiş qərəzli məqalə buna sübutdur. Məqalədə Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli Suriyalı döyüşçünün gətirilməsi barədə həqiqətə uyğun olmayan uydurmalar yer alıb.
Artıq Azərbaycanın Müdafiə Nazirliyi yazıya münasibət bildirib. Nazirlik rəsmi surətdə bildirib ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də hansısa qeyri-qanuni silahlı birləşmə yoxdur.*****
Əlbəttə, bütün bunlar o anlama gəlmir ki, Azərbaycanda, onun ayrılmaz parçası olan Naxçıvanda heç vaxt Türkiyə hərbi bazaları və ya kontingenti olmayacaq, çünki Rusiya üçün belə xoşdur. Bakı heç bir paytaxta, o cümlədən də Moskvaya belə bir vədi verə bilməz. Tam əksinə, ərazisinin 20%-i işğal altında olan Azərbaycan BMT Nizamnaməsinin diktə elədiyi kimi, özünün təhlükəsizliyi və suverenliyini qorumaq, ərazi bütövlüyünü bərpa eləmək üçün bütün addımlara getmək, o sırada hərbi gücə əl atmaq haqqına sahibdir. Bu addımlardan biri də qardaş Türkiyədən kömək istəmək, onunla hərbi ittifaqa getməkdir. Moskvada da, İrəvanda da əmin ola bilərlər ki, belə bir qərar verilərkən heç kimdən icazə alınmayacaq.
Azərbaycan prezidentinin yunan səfirlə görüşdə Kremlə çatdırmaq istədiyi kritik mesaj, bizcə, elə budur. Nəhayət, İlham Əliyevin səfirlə görüşdə Rusiyadan hava reysləri vasitəsilə Ermənistana hərbi yüklərin daşınması haqda bir daha söz açması az öncə Bakıda səfərdə olmuş Rusiya müdafiə naziri Sergey Şoyqunun hərbi yüklərlə bağlı izahatının qəbuledilməz sayıldığının ən yüksək səviyyədə təsdiqi idi. Bakı Moskvanın “göz yaşlarına” inanmır...
Siyasət şöbəsi,“Yeni Müsavat”