“Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi dedi ki, mənə evinin sənədləri lazım deyil. Hasar çəkməyin qiyməti 200 manat, bir mərtəbəli ev tikmək 1000 manat, iki mərtəbə ev tikmək isə 2000 manatdır”.
Qaradağ rayonunun Qobustan qəsəbəsi sakini Mais Niftəliyev elektron ünvanımıza göndərdiyi şikayət məktubunda belə yazıb. Onun sözlərinə görə, 2005-ci ildən yaşadığı həyətinə hasar tikmək istəsə də, Qaradağ RİH buna imkan vermir.
M.Niftəliyev evinin bütün sənədlərini tikintiyə mane olan icra nümayəndəsinə təqdim edib. İcra nümayəndəsi isə sənəd yox, pul lazım olduğunu bildirib.
M.Niftəliyevin dediyinə görə, icra nümayəndəsi ilə birlikdə gələn bələdiyyə işçilərinin və polisin zorakılığına məruz qalıb.
“2005-ci ildə Qaradağ rayonu ərazisində qanunla, sənədlə torpaq alıb ev tikdirmişəm. O vaxtdan ailəmlə bu evdə yaşayıram. Həyətimin hasarını düzəltdirmək istəsəm də, icra hakimiyyətindən, bələdiyyədən gələn məmurlar imkan vermir.
Etiraz etdiyim zaman əllərimi qandallayıb polisə aparmaq istədilər. Həyat yoldaşımı və azyaşlı uşağımı da vurdular. Ancaq hadisənin şahidi olan qonşular bölməyə aparılmağıma imkan vermədilər”, - deyə M.Niftəliyev iddia edir.
Şikayətçi özünə və ailəsinə qarşı edilmiş zorakılıqla əlaqədar “102” xidmətinə müraciət edib. Ondan izahat alınsa da, evinin hasarını tikməsinə hələ də imkan verilmir.
Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Daşdıyev açıqlamasında bildirdi ki, İcra Hakimiyyətinin heç bir nümayəndəsi belə özbaşınalığa yol verə bilməz.
Şöbə müdiri məsləhət gördü ki, vətəndaş evinin sənədləri ilə birlikdə İcra Hakimiyyətinə müraciət etsin:
“Həmin şəxsin icra nümayəndəsi olduğu məlum deyil. Kimsə bundan istifadə də edə bilər. Mais Niftəliyevin bütün sənədləri yerindədirsə, ona heç kəs hansısa problem yarada bilməz. Mən şəxsən özüm onun problemi ilə maraqlanacağam. Sənədlərində hər hansı problem olarsa, icra başçısı Suleyman Mikayılovun qəbuluna düşməsinə şərait yaradılacaq”.