Kanadanın “Geopolitical Monitor” beynəlxalq kəşfiyyat araşdırmaları dərgisi Rusiyanın Cənubi Qafqazda mövqelərini gücləndirməsindən və son zamanlar Ermənistanı yeni silahlarla təchiz etməsindən yazır.
Virtualaz.org xəbər verir ki, nəşr Rusiyanın Gürcüstana 2008-ci ilin avqustunda müdaxiləsi və daha sonra ABŞ-da Barak Obama administrasiyasının regiona marağını azaltması sayəsində Rusiyanın Cənubi Qafqazda təsirləri son 12 ildə dayanıqlı şəkildə artıb. Tramp administrasiyası Amerikanın Qafqazdakı təsirlərini gücləndirmək üçün bəzi cəhdlər edib, amma iki Obama administrasiyasının vurduğu ziyanı aradan qaldıra bilməyib.
Məqalənin müəllifi-Kanadanın Qlobal Münasibətlər İnstitutunun baş elmi əməkdaşı Robert Katler qeyd edir ki, Rusiya 1994-cü ildə atəşkəsin əldə edilməsinin ardınca həm Ermənistanı, həm Azərbaycanı silahlandırmağa başlayıb. Lakin Ermənistana daha çox hərbi dəstək verib və öz maraqları naminə manipulyasiya etmək üçün iki tərəf arasında hərbi tarazlığı saxlamağa çalışıb. Rusiya Ermənistana həmişə dəstək verib və indiyə qədər onun əsas silah təchizatçısıdır.
Azərbaycan isə digər tərəfdən “normal” beynəlxalq qiymətlərdən də yuxarı qiymətlərə Rusiyanın silah ixracı ilə məşğul olan məmurlarına pul ödəyib. Üstəlik Azərbaycan aldığı silahların pulunu valyuta ilə ödəyib, Ermənistan isə Rusiya silahlarını bu ölkənin “güzəştli kredit” adı ilə ayırdığı rublla alıb.
2013-cü ildə Rusiya ilə Ermənistan arasında imzalanmış yeni hərbi-texniki əməkdaşlıq müqaviləsi isə Ermənistanın Rusiyadan silahları “daxili bazar qiyməti” ilə almasına yol açır. Eyni zamanda Yerevan Moskvanın Bakıya silah satmasından narazılıq ifadə edib, amma buna mane olmayıb. Rusiya rəsmiləri deyiblər ki, belə satışlar regionda hərbi balansı saxlamaq üçündür.
Məqalədə vurğulanır ki, Moskva Bakıya satmadığı bəzi silah sistemlərini, məsələn, “İsgəndər” raket komplekslərini Yerevana verir.
Rusiyanın regionda güclənməsində mühüm amillərdən biri də ABŞ və Avropanın Azərbaycana silah satışına embarqo tətbiq etməsidir. Bunun üçün bəhanə kimi, ATƏT-in münaqişə tərəflərinə silah satmamaq barədə 90-cı illərin əvvəllərindəki xahişi əsas götürülür. Lakin Rusiya Minsk Qrupunun həmsədri olaraq lap əvvəldən bu xahişə məhəl qoymayıb. Nəticədə Azərbaycan digər silah ixracatçılarına müraciət edərək qabaqcıl hərb sistemlər, o cümlədən reaktiv yaylım atəşi sistemləri alıb. Qərb ölkələri isə Azərbaycana silah satmamaqla ancaq öz təsir imkanlarını məhdudlaşdırırlar və Rusiyanın güc diplomatiyasına rəvac verirlər.
Müəllif qeyd edir ki, 2016-cı ilin aprelində baş vermiş toqquşmalardan dərhal sonra Rusiya Ermənistana silah və hərbi texnika təchizatını genişləndirib. Sonuncu dəfə isə 2020-ci ilin iyulunda baş vermiş toqquşmalarla bir vaxtda Ermənistana silah-sursat daşımağa başlayıb.
“Belə görünür ki, Rusiya son döyüş əməliyyatları zamanı açıq şəkildə Ermənistan tərəfə meyl etməklə Azərbaycanın siyasi mövqeyinə necə təsir edəcəyini hesablamayıb. Praktikada Moskva Bakıda belə təəsürat yarada bilər ki, daha Moskvaya ümid bağlamağa dəyməz və Ankara Yerevanla qarşıdurmada onun yeganə regional dostu, müttəfiqidir”,-məqalədə vurğulanır.
virtualaz.org