Lənkəranda “Spartak” və “Nizami” kinoteatrları, tarixi abidələr, qədim hamam bərbad gündədir; yerli icra hakimiyyəti isə “düzələcək” deyir...
Lənkəranda mədəniyyət mərkəzləri, kinoteatrlar, tarixi abidələr arxivə qovuşub. Cənub bölgəsinin mirvarisi sayılan bu şəhərdə mədəniyyət ocaqları bərbad gündədir, baxımsızlıqdan acınacaqlı kökə düşüb.
Çox təəssüflər olsun ki, müstəqillikdən sonra tarixi abidələrə qarşı bir laqeydlik nümayiş etdirilib. Ona görə də Lənkəranda tarixi mərkəzlər orta əsrlərdən qalmış binalara oxşayır, elə bil heç zaman “əl gəzdirilməyib”.
Şəhər əhalisini də narahat edən bu problemin ömrü getdikcə uzanır və dəyişmir. Nəyə görəsə aidiyyəti qurumlar da tarixi abidələri rekonstruksiya etmək niyyətində görünmürlər. Bizimlə söhbət edən yerli sakin Murad Ağayev inanmır ki, yaxın gələcəkdə Lənkəranda “Nizami” və “Spartak” kinoteatrları təmir olunub, istifadəyə veriləcək. Onun sözlərinə görə, hər iki kinoteatr gah çayxana, gah bilyard salonu, gah da başqa məqsədlər üçün iaşə obyekti kimi fəaliyyət göstərib. Bir müddət sonra “Spartak” artıq özəlləşdirilərək şəxsi mülkə çevrilsə də yenə istifadəsiz qalıb. M.Ağayev təklif edir ki, rayon icra hakimiyyəti hər iki kinoteatrın yenidən istifadəyə verilməsi üçün plan nəzərdə tutsun.
Əslində “Nizami” kinoteatrı rekonstruksiya olunmasını gözləyir. Bu mədəniyyət mərkəzinin Lənkəran Rayon İcra Hakimiyyəti tərəfindən Regionların Dövlət Proqramı əsasında yenidən bərpası nəzərdə tutulsa da, o zamandan bəri planın icrası gecikir. Bunun səbəbi heç kəsə açıqlanmayıb. Bilinmir ki, kinoteatr nə zaman bərpa olunacaq. Məlum olan reallıq ondan ibarətdir ki, vaxtilə lənkəranlıların axışdığı “Nizami” kinoteatrı indi dramatik günlərini yaşayır.
Lənkəranda ilk kinoteatr 1926-cı ildə fəaliyyətə başlayıb. İlk səssiz kino film də “Spartak” adlanan həmin kinoteatrda 1927-ci ildə nümayiş etdirilib. Şəhər sakinləri yaranmış bu problemlərə görə aidiyyəti qurumları qınayırlar. Onların sözlərinə görə, sovet vaxtı bu kinoteatrlarda anşlaq olardı. Amma bu mədəniyyət ocaqlarının binaları indi qapısı qıfıllıdır, binaları uçuq-sökük.
“Lənkəranda həmişə teatr, kinoteatr, ziyalılar evi, mədəniyyət evi olub. İndi belə bir ziyalı şəhərin mədəniyyət mərkəzlərinin gününə baxın. Adam xəcalət çəkir. Mən bu şəhərdə böyümüşəm, 82 yaşım var. O günləri yada salıram və indi görürəm ki, Lənkəranda mədəniyyət mərkəzləri baxımsız qalıb”, - deyə şəhər ağsaqqalı Nürəddin kişi gileylənir.
Lənkəranda problemi araşdırarkən onu da öyrənirik ki, Mədəniyyət Nazirliyinin yerli əhəmiyyət daşıyan memarlıq abidəsi də acınacaqlı haldadır. 19-cu əsrə aid bu qədim hamamın binası müharibədən çıxmış yerə oxşayır. İllərdir baxımsız vəziyyətdə olan tarixi hamamın qapısına kilid vurulsa da, dam örtüyü, divarları uçub-tökülüb. Rayon sakinlərini isə qeyd edirlər ki, bina qar və yağış yağdığı zaman tədricən uçur. Uçuq-sökük binanın üzərinə isə böyük hərflərlə Mədəniyyət Nazirliyi yerli əhəmiyyətli memarlıq abidəsinin dövlət tərəfindən qorunduğu yazılan lövhə vurulub.
“Kiçik bazar” məhəlləsində yerləşən bu qədim hamama nə zaman sahib çıxılacağı aydın deyil. Görünən budur ki, qabaqdan gələn qışda yağacaq qar hamamı yerlə-yeksan edəcək, tarixin yaddaşlarına həkk olunacaq. Bundan başqa rayon uşaq xəstəxanasının köhnə binası bank və restoran kimi istifadə olunur. Halbuki yerli camaat da danışır ki, sözügedən inzibati binanın tarixiliyi var və qorunub saxlanmalıdır. Di gəl ki, tarixi bina özəlləşdirilib, kommersiya məqsədi ilə istifadə edilir.
Ümumiyyətlə, Lənkəranda tarixi abidələr çoxdur. Yuxarı Nüvədi kəndində qədim Əbirlər qülləsi, Şıxakəran kəndində Şeyx Zahid türbəsi, şəhərdə Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, Xan Evi kimi abidələr var.
Bəlləbur qalasının xarabalarını da qeyd etmək lazımdır. Bu qalanın Babək Xürrəminin yerləşdiyi qala olduğu söylənir. O cümlədən Xan Evinin rekonstruksiya olunmasını da deməliyik. Hazırda muzeydə təmir işləri davam edir.
***
Onu da deyək ki, Lənkəranda mədəniyyət ocaqlarının baxımsız vəziyyətdə olması ilə bağlı xəbər hazırlayan axar.az-a rəsmi açıqlama verilib. Lənkəran Rayon İcra Hakimiyyətindən redaksiyanın elektron ünvanına daxil olan məktubda bildirilib ki, son vaxtlar şəhərdə mədəniyyət mərkəzlərinin və tarixi abidələrin əsaslı təmiri işləri xeyli sürətlənib, mədəniyyət müəssisələrinin tikintisi və yenidən qurulması 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına salınıb: “Tarixi abidə olan ”Dairəvi qala"dan sonra Mirəhməd xanın evi olmuş “Xan sarayı”nın və 600 nəfər tamaşaçı tutan Qəni Vəliyev adına şəhər Mədəniyyət Mərkəzinin əsaslı təmirinə başlanılıb. Hər iki obyektin əsaslı təmiri məsələsi icra başçısının şəhər ziyalıları ilə ilk görüşündə ictimaiyyətin nümayəndələri tərəfindən qaldırılıb. Artıq bu gün bu obyeklərdə son tamamlama işləri gedir".
Cavab məktubunda qaldırılan problemlərlə bağlı yazılır: “Şəhərdə ”Nizami", “Spartak” kinoteatrları və şəhərin “Kiçik Bazar” məhəlləsindəki hamam məsələsi ilə bağlı bildiririk ki, hər iki kino-teatr istifadəyə yararsız vəziyyətə düşdüyündən, hələ keçən əsrin 90-cı illərinin əvvəllərindən fəaliyyətini dayandırıb. Yuxarıda qeyd olunduğu kimi, mədəniyyət obyektlərinin yenidən qurulmasına Dövlət Proqramı üzrə başlanılıb. Növbəti illərdə Mədəniyyət və Turizm Nazirliyinin bərpa idarəsi tərəfindən adları qeyd olunan yerli əhəmiyyətli tarixi abidələr olan “Nizami” kino-teatrı və hamamın əsaslı təmiri işlərinə başlanılması nəzərdə tutulub".