Azərbaycan hakimiyyəti iki jurnalistin hüquqlarının pozulduğunu tanımağa razılaşıb
Sentyabrın 24-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan iki ərizəçinin-publisist Rasim Qaraca (Nəsirov) və jurnalist Tural Əsədlinin hərəkət azadlığının məhdudlaşdırılmasına dair şikayətləri üzrə qərarını elan edib.
Onlara əməkdaşlıq etdikləri “Meydan” TV İnternet-kanalına qarşı cinayət işi ilə bağlı ölkədən çıxış qadağan edilmişdi. Şikayətlərdə Avropa İnsan Hüquqları Konvensiyasının 4-cü (hərəkət azadlığı) və 13-cü (effektiv hüquq müdafiə vasitələri hüququ) maddələri üzrə hüquqların pozulması məsələsi qaldırılmışdı.
Kommunikasiya zamanı hökumət AİHM-in bu cür işlər üzrə presedent qərarlarına istinad edərək ərizəçilərin hüquqlarının pozulduğunu tanıyıb və ərizəçilərə 5 min avro ödəməyə hazır olduğunu bildirib. Bu barədə ərizəçilərin AİHM-də hüquqlarını təmsil edən vəkil Zibeydə Sadıqova bildirib.
Bununla yanaşı, 2019-cu ilin mayında hökumət onların xaricə çıxışına məhdudiyyəti götürüb. Nəticədə AİHM tərəflər arasında kompensasiya məbləği barədə barışıq razılaşmasını nəzərə alaraq işi baxılmaqdan çıxarıb.
Azərbaycan hakimiyyəti 2014-cü ildən jurnalistlərə və fəallara kütləvi şəkildə xaricə çıxışa məhdudiyyətlər qoymağa başlayıb. Əsasən 30–dan çox şəxs-QHT rəhbərləri və hüquq müdafiəçiləri, “Meydan” TV və “Azadlıq” radiosu (“Azadlıq” radiosunun Azərbaycan xidməti) ilə əməkdaşlıq edən jurnalistlərə qadağa qoyulub.
Baxmayaraq ki, onlar həmin qurumlara qarşı cinayət işləri üzrə şahid kimi cəlb edilmişdilər, qanun pozuntusu olaraq onların Azərbaycandan çıxışına qadağa qoyulmuşdu. Bu məhdudiyyətlər 2019-cu ildə aradan qaldırılıb. Lakin bəzi jurnalistlər və fəalların barəsində hələ də qalır.—06D-
Bakı/25.09.20/Turan: